"Tərtər işi"ndə bəraət: əsassız həbslərə görə kim cəzalandırılacaq? - ARAŞDIRMA

2022-12-10 10:29:00

Beş il əvvəl “Tərtər işi” üzrə dövlətə xəyanət ittihamı ilə həbs olunan 19 nəfər dekabrın 6-da azadlığa çıxıb.

Azad edilənlərdən 10-u tam bəraət alıb, 9 nəfər haqqında cinayət işinə isə hərbi xidmət əleyhinə bəraətverici olmayan əsaslarla xitam verilib.

Bəs bu əsassız ittihamlar üzrə istintaq aparan, həbslər barədə qərar verən, işgəncə ilə ifadə alanların aqibəti necə olacaq?

Artıq bu barədə Milli Məclis kürsülərindən, hökumətyönümlü medialardan tələblər səsləndirilməyə başlanılıb. Deputat Vüqar Cavadzadə bildirib ki, məsələ prezidentin də nəzarətindədir:

““Tərtər işi” adlanan proses artıq uzun müddətdir ki, gedir. Birbaşa baş prokurora bağlı xüsusi istintaq qrupu yaradılıb. Tanıdığımız çox savadlı, təcrübəli müstəntiqlər “Tərtər işi” ilə məşğul olurlar. Artıq konkret nəticələr, uğurlar da var. Əslində, tənqid etmək asandır. Çox ağır prosesdir. Bu işdə əli olan, sırf cinayət törədən insanlar dəqiq araşdırılmalı, üzə çıxarılmalıdır. A-dan Z-yə qədər günahı olanların hər biri isə mütləq cəzasını almalıdır”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov düşünür ki, bu barədə kimin danışması önəmli deyil, təki çox danışılsın.

Rəsul Cəfərov bildirir ki, işin yekunlaşması üçün üç istiqamətdə işlər görülməlidir. Bütün istiqamətlərdə cinayətkarların dairəsi müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır.

Hüquq müdafiəçisi deyir ki, sonrakı mərhələdə zərərçəkənlər tanınmalı, əsassız ittihamlarla üz-üzə qalıb, həyatını qurtarmaq üçün başqaları və öz əleyhinə ifadə vermiş şəxslərin də azadlığa buraxılması prosesi baş tutmalıdır.

Bundan əvvəl "Tərtər işi" ilə bağlı keçirilən etiraz aksiyalarında zərərçəkmişlərin ailələri qanunsuz həbslər və işgəncələrə görə məsul olan rəsmi şəxslərin adlarını çəkiblər. İttiham olunanlar arasında hərbi prokuror Xanlar Vəliyev, keçmiş baş prokuror Zakir Qaralov, Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqov və keçmiş korpus komandanı Hikmət Həsənovun adları çəkilib.

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edildiyini birgə açıqlama yaymışdı. Bildirilirdi ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. İşgəncə hallarının əksəriyyəti Tərtərdə baş verdiyindən hadisələr “Tərtər işi” adı verilib.

2021-ci ildə istintaqa yenidən baxılıb. Zərərçəkmiş statusunda tanınanların sayı 400-ü keçib. Tərtər hadisələrində işgəncəyə məruz qaldığını deyən şəxslər də zərərçəkmiş kimi istintaqa cəlb edilib.

Toplum TV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153560