Saat:14:40
Haqqımızda

“Tərtər işi” üzrə generalın məhkəməsində şahidlər dindiriləcək

2023-05-31 19:45:00

“Tərtər işi” üzrə generalın məhkəməsində şahidlər dindiriləcək

İyunun 1-də “Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamını prokuror Vüsal Mehrəliyev müdafiə edir.

İttihama görə təqsirləndirilən şəxslər hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verib, ləyaqətlərini alçaldıb, müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri ittiham üzrə özünü təqsirli bilməyib.

General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt Məhkəmə Kompleksində 4 ayrı-ayrı qrupun cinayət işi üzrə məhkəmə prosesləri keçirilir.

İş üzrə 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. Cinayət işi üzrə hazırda təqsirləndirilən şəxslərin ümumi sayı 11 nəfərdir.

Bu ilin martında Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 2022-ci ilin sentyabr ayında isə iş üzrə daha 3 nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham elan edilib. Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. Qeyd edək ki, Bəkir Orucov və digərlərinin cinayət işi üzrə, daha bir qrupun işi üzrə məhkəmə araşdırmaları davam edir.

 

Mənbə: Yeni Müsavat

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR