Tərtər işi: ‘Nə qədər ki, bu 3 nəfər dindirilməyib, obyektiv araşdırmadan söhbət gedə bilməz...’
Tərtərdə hərbçilərə verilən işgəncəyə və onlardan bir neçəsinin ölümünə görə həbsdə olan şəxslərdən 4 nəfərə kəsilmiş cəzalardan narazı qalan prokurorluq bu cəzaların artırılmasını istəyirdi. Bu məqsədlə verilən apellyasiya protestini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib və hökmləri dəyişməyib.
Aylarla sürən məhkəmə prosesindən sonra avqustun 5-də qərar çıxarılıb ki, Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərov, həmin hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən (MAXE) hərbçilər Ramil Qarayev və Rüstəm Ələsgərov haqqında hökmlər qüvvədə qalsın.
Ötən ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə R.Ələsgərova 9 il 6 ay, digərlərinin hər birinə də 5 il 6 ay həbs cəzası kəsilmişdi.
Adları çəkilən şəxslərin özləri də hökmə etiraz edərək, apellyasiya şikayəti vermiş və bəraət istəmişdilər.
Avqustun 5-də Bakı Apellyasiya Məhkəməsində qərardan öncə V.Ələsgərovun vəkili Samir İsayev gileylənib ki, Tərtər hadisələrilə bağlı nə birinci instansiyada, nə də burada ədalətli, obyektiv araşdırma aparılıb. Vəkil vurğulayıb ki, Müdafiə naziri Zakir Həsənov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və 2017-ci ildə olaylar yaşanarkən korpus komandiri olmuş Hikmət Həsənov dindirilməyincə Tərtər hadisələrinin obyektiv araşdırılmasından söhbət gedə bilməz:
“Neçə ki bu 3 nəfər dindirilməyib, ədalət mühakiməsindən danışmaq olmaz”.
