"Tərtər işi": Azərbaycan tarixinin ən ləkəli səhifəsi... - CƏZASI AĞIR OLMALIDIR...

2022-12-21 10:05:00

2021-ci ildə Tərtər hadisələri gündəmə qəribə bir durğunluq, sakitlik, hətta deyərdim ki, etibarsızlıq ab-havası gətirmişdi. Əksər sosial şəbəkələrdə işgəncə görən, “vətən xaini” adlandırılaraq, həbs edilib, öldürülən hərbçilərin valideymləri, həyat yoldaşları qərardan narazılıqlarını dilə gətirir, göz yaşı axıdırdılar.

“Vətən xaini”… Nə qədər acınacaqlı olsa da, həmin dövrdə hüquq mühafizə orqanları çox məntiqsiz şəkildə 405 nəfəri vətəni satmaqda ittiham edirdi. Sonradan “Tərtər işi” üzrə həbs edilən bəzi hərbçilərin işinə yenidən baxılmasına qərar verildi. Artıq onlar haqqında bəraət hökmü verilir. Bu isə o deməkdir ki, 2021-ci ildə yüzlərlə hərbçi kiminsə maraqlarına cavab vermədiyi üçün “vətən xaini” adı ilə damğalanıblar.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, 405 nəfər həbrçiyə qarşı qanunsuz hərəkətlər törədilib. Onların bəzisinə işgəncə verilərək öldürülüb. Bəli, ağır ittihamdır. Sonra işgəncəli ölüm. Həm də günahsız insanlara qarşı!

Ölümündən sonra bəraət almaq bəlkə də, bəzi hərbçiərin ailələrinin yarasına məlhəm olacaq, amma bu hadisələrin səbəbkarları ən son nəfərinə qədər bəlkə də elə eyni itthamla mühakimə edilməlidir.

Hurriyyet.az-ın məlumatına görə, Milli Məclisin deputatı Rüfət Quliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Tərtər” məsələsi ilə bağlı hüquq mühafizə orqanlarının hərbçilərə qarşı ittihamı həm də təhqir deməkdir.

Deputat hesab edir ki, hüquq mühafizə orqanları ilə vətəndaşlar arasında münaisbətlər tamamilə başqa cür – humanist, şəffaf və məsuliyyətli olmalıdır.

“Deputatlarımızdan bir neçəsi çox doğru şəkildə öz narahatlıqlarını dilə gətirib, tənqid etdilər. Həmin ailələr bu müddətə qədər düşünün nələr çəkib. Onların övladları məktəbə gedə bilmirdilər. “Vətən xaini” adı verilirdi. Mən deputatlarımızın çıxışlarını yerində sayıram”,- deyən parlamentari hesab edir ki, həmin ailələrin bu müddət ərzində çəkdiklərinə görə rəsmi şəkildə onlardan üzr istəmək lazımdır. Deputat qeyd edir ki, həmin hərbçilərə qarşı işgəncə verildiyi barədə məlumatlar da var. Bu isə məsuliyyət doğuran davranışdır.

Rüfət Quliyev hüquq mühafizə orqanlarına çağırış da edib. O qeyd edib ki, qərar verilən zaman düşünülməli, insanların həyatı, taleyi, gələcəyi, təmiz adı nəzərə alınmalıdır.

“Bəli, Vətənə qarşı xainlik edənlə, cinayət törədənlə qanun çərçivəsində sərt lazımdır. Amma bunu da təsdiq etdikdən sonra belə davranmaq olar. Bunu təsdiq edən isə yalnız məhkəmədir. Hər bir azərbaycanlının Konstitusiya ilə müəyyən edilən qanuni hüquqları var. İnsanlar öz təqsirsizliyini sübut etməməlidir, hüquq mühafizə orqanları sübut etməlidir ki, o cinayətkardır, ya yox. Əgər bu sübut yoxdursa, insan mühakimə edilməməlidir”.

Siyasətçi qeyd edib ki, təqsirsizlik prezumpsiyasına görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin şəxs təqsirsiz hesab edilir.

P.S. Yüzlərlə hərbçinin “vətən xaini” adlandırılması, mühakimə edilməsi, işgəncələr, onların övladlarının “vətən xaininin övladı” kimi görülməsi... Günahsız yerə ittiham edilən anaların göz yaşları, yalvarışları gözümün önündən getmir! Günahsız insanları ittiham etmək, mühakimə etmək, cəzalandırmaq, döyərək, işgəncə verərək, etmədikləri cinayətləri boyunlarına qoymaq! Yəqin ki, bu hadisələr müstəqil Azərbaycan tarixinin ən ləkəli səhifəsidir.

Görünür, həmin dövrdə Azərbaycanın qələbəsi bu hərbçiləri günahlandırıb məhv edənlərə o qədər təsir edib ki, acıqlarını bu şəkildə günahsız vətən oğullarından çıxmaqla sakitləşə biliblər.

Amma bu qədər asan olmamalı, insanların günahını sübuta yetirmədən mühakimə etmək, damğalamaq, öldürmək, işgəncə vermək cəzasız qalmamalıdır! Ümid edirik ki, 405 nəfəri haqqsız yerə günahlandıran məhz həmin şəxslər vətən xaini elan edilib layiqincə cəzalandırılacaqlar.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189575