Tərlan Əliyarbəyov - 22-dəki odadan baxan pişik

2022-08-23 11:18:00

Tərlan Əliyarbəyov - 22-dəki odadan baxan pişik

Yaradıcılıq insanın mənəvi ehtiyacıdır. Siz heç musiqi dinləməyən, hər hansı bir türkünü zümzümə etməyən, uşaqlığında bircə dənə də olsun rəsm çəkməyən insan gördünüzmü? İstənilən uşağa ağ vərəq və bir qələm verin... O özü nə etməli olduğunu biləcək. Bir rəssamdan duymuşdum ki, uşaqlar heç bir şeyi səbəbsiz çəkmir, hər detalın, hər rəngin mütləq mənası vardır. Çünki hər uşağın öz dünyası var. Yaradıcılığı özlərinə həyat yolu seçənlər isə o dünyanı yaşatmaq istəyən, ondan vaz keçməməkdə israr edənlərdir. Belə şəxslərdən biri çağdaş rəssamlığımızın tanınmış nümayəndələrindən biri Günel Ravilovadır.

Günel xanım Bakıda rəssam ailəsində dünyaya gəlmişdir. İqtisadiyyat və hüquq təhsillidir. Rəsm dərslərini isə körpə yaşlarından valideynlərindən almışdır. 2009-cu ildən Rəssamlar İttifaqının üzvüdür. Xorvatiya, Fransa, İtaliya kimi ölkələrdə əsərləri sərgilənmiş, həmçinin ölkəmizdə solo sərgiləri baş tutmuşdur. Onun dünyasına az da olsa toxunmaq üçün paytaxt məkanlarından biri – Room Baku-da keçirilən növbəti sərgisinə qatıldım.

“Woman love” adlanan sərgi avqust ayının sərin günlərindən birində baş tutdu. Rəssamın ətrafına paytaxtın sənətsevərləri, eyni zamanda məşhur rəssamlar toplaşmışdı. Onların sırasında Əməkdar rəssam Eldar Qurbanov, Əməkdar rəssam İrina Eldarova, bəstəkar, Əməkdar İncəsənət xadimi Aydın K.Azim, Vüsal Rəhim və başqalarının adını çəkmək olar.İnteryerində ağacdan bolluca istifadə edilmiş kiçik, amma sıcaq odada divarlar boyu rəssamın mənə tanış olan və tanış olmayan əsərləri yer almışdı. Zaman ötdükcə odada insanlar artır, müzakirələr gedir, hər kəs birgəlikdən məmnun idi. Bir çox rəssamlar üçün bu, sərgidən əlavə dostlarla xoş vaxt keçirmək, paylaşmaq fürsəti oldu. Sənətçilərin bir araya toplaşması necə də zövqverici mənzərədir!

Mənim üçün sərgi əyləşdiyim masanın başında asılmış mavi və yaşıl boyalarla işlənən rəsmlərdən başladı. Qadının mavi saçlarının xəfif dalğaları üzərində üzən gəmiyə yığılmış, içində ağac, ev, hətta günəşin də sığdığı dünyası sanki onun qorunması altına alınmışdı. Sərgidə dəniz mövzusunu su üzərində kağız gəmilər davam etdirirdi. Kağız gəmilərin bir xəyalı və ya arzunu təmsil etdiyini düşünmək olar. Dəniz çalarlarını davam etdirən əsərlərdən biri də yaşıl və mavi  boyalarla abstrakt üslubda işlənmiş dəvə rəsmi idi. Sərginin bu guşəsi rəssamın xəyal dünyasını əks etdirirdi. Parlaq rənglərdən, sadə cizgilərdən istifadə etməsi isə bu dünyanın işıqlı olması ilə bərabər içində bir uşaq saflığı barındırırdı sanki.

Daha sonra məni lalələrə bürünmüş qadın rəsmi və ondan rəng alaraq qırmızı fonda Salvador Dalinin ekstravaqant bığlarını və ironik təbəssümünü andıran əsər qarşıladı. Qeyd edim ki, sərginin ən diqqət çəkən və “hərəkətli” əsərlərindən biri də məhz bu tablo oldu. Bu qəbildən olan daha bir əsər odanın küncündə asılmış, ilk baxışda gözə dəyməyən, gördükdən sonra isə ruhumda öz təsirini buraxan kiçik bir tablo oldu. Burada rəssam başında yaylıq, əllərində bir gül tutmuş pişiyi təsvir etmişdi. Günel Ravilovanın bir çox rəsmlərinə nəzər yetirsək, pişiyin qadını simvolizə etdiyini anlarıq. Kədərlə ümidin,sevgi ilə xəyal qırıqlığının eyni anda yansıması kimi qarışıq duyğular pişiyin gözlərində çox məharətlə ifadə edilmiş, tablo seyrçini sanki ovsunlayırdı.

Sərginin maraqlı əsərlərindən biri də rəssamın yaradıcılığının sevimli motivlərindən biri – nar içindən “baxan” nar dənəcikləri oldu. Rəssamın bir müsahibəsində qeyd etdiyi kimi, nar onun üçün dünyanı simvolizə edir. Əlavə etmək istərdim ki, bu tabloda nar yaradılışın başlanğıcı olaraq ana bətninə işarə edilməklə dünyanı simvolizə edirdi. Əsərin ikinci planında isə mücərrədbir qadın və kişi təsvirləri yer almışdı.

Günel Ravilovanın yaradıcılığının əsas xətlərindən biri də qadındır, onun bətni, bədəni və ruhudur. Bu mövzuda yaradılmış və sərgidə öz yerini tutan əsərlərdən biri qadın və kişinin sürrealistik portreti idi.“Kirli” yaşıl tonda verilmiş qadın bədəni onun komplekslərinin, güvənsizliyinin və üzüntüsünün simvolu kimi, kişinin boynuna sarılmış qolları isə sevgisinin simgəsi kimi çıxış edirdi. Tablolarında tez-tez rast gəldiyimiz mələk qanadlarının və şeytan buynuzlarının eyni arada olması isə təzaddan, qərarsızlıqdan xəbər verir.

Sərgidən sonra Günel xanımla söhbətimiz baş tutdu.

- Yay mövsümündə sərgi etmək ideyası necə yarandı?

- Düzü sərgi etməyi heç istəmirdim, dediyiniz kimi, yay mövsümünə görə. Sentyabrdan sonra istəyirdim. Birdən zəng gəldi ki, bir aylıq sizin əsərlərinizi qoyaq, satış da olacaq...

- Satıldı?

- Bir əsər satıldı... (gülürük)

Getdim baxdım, məkan restoran tipli idi. Düşündüm ki, sərgidən əlavə insanların yığışmağı üçün xoş yerdir.

- Əsərlərinizdən çadrada, əlində gül olan pişik çox marağımı çəkdi.

- Mənim uşaqlarım hətta o rəsmə baxa bilmir, deyirlər ki, qorxuruq, yığışdır onu, o bizə baxır. O elə rəsmdir ki, sanki pişik güdür səni. Onu birinci mən qız kimi çəkmişdim. Sonra gördüm ki, nəsə xoşuma gəlmir, axşamdan başladım işləməyə, gördüm ondan pişik alınır. Elə pişik elədim. O iş çox mistik çıxdı. Sanki gözləri dalınca səni izləyir. Elə bil hər şeyi bilir...

- Yaradıcılığınızda mistik məqam varmı?

- Bəli, həmişə olub. Mən universitetdə oxuyanda bizdə psixologiya və hüquq müəllimi vardı, kriminalistikanı da aparırdı, çox ağıllı insan idi. Bir dəfə mənim eskizlərimi apardı, qaytarmadı. “Niyə qaytarmırsız?” soruşanda dedi ki, mən onlarla yaşayıram, onlar canlıdır, onlarda enerji var. Bir dəfə dedi ki, sən gələcəyi görürsən, hətta dedi ki, sən öz işlərinlə onkologiyanı da müalicə edə bilərsən. Mən təbii ki, o vaxtı bu məsələni boş verdim. Digər tərəfdən, mənim bir əsərim var, maskalarda qoyunlar, onun eskizini mən pandemiyadan qabaq çəkmişdim... Bir dəfə də sərgilərin birində mənim işlərim asılmışdı. Gördüm ki, bir kişi işimə yaxınlaşıb diqqətlə baxır. Mən müəllif olduğumu bildirmədən niyə belə diqqətlə baxdığınısoruşanda, o cavab verdi ki, bu işlərin aurası var, onlar canlıdır, sanki rəssam özündən bir parçasını qoyub ora. Mən belə şeylərə çox da inanmıram, daha skeptik yanaşıram. Amma ideyalarımın hamısının sanki bir yerdən gəldiyini hiss edirəm. Heç vaxt mövzu haqqında düşünmürəm, heç yerə baxmıram. Rəssamlığı özümə bir missiya kimi qəbul edirəm. Çünki vaxtilə dövlət işim, vəzifəm vardı. Amma gün gəldi ki, karyeramı, vəzifəmi rəssamlığa görə atdım. İşlərimdə də mütləq mesaj var, onlarla öz sözümü deyirəm. Boş iş işləmirəm. Mənə deyirlər ki, pul qazanmaq istəyirsənsə mənzərə, gül çək. (gülürük) Amma mən eləyə bilmirəm, gəlmir. Elə bil kimsə mənim əlimlə işləyir, mesaj vermək istəyir.

- Məncə peşman deyilsiz...

- Yox, mənə belə rahatdır. Çətinliklər olsada, sevdiyim işdir.

- Günel xanım, müsahibələrinizdə qeyd edirsiniz ki, rəssam ailəsində doğulmusunuz. Valideynləriniz, babanız Ələşrəf Məmmədov rəssam olublar. Onlar haqqında, uşaqlığınız haqqında ətraflı məlumat verə bilərsiniz? Necə xatırlayırsınız o illərinizi?

- Evimiz emalatxana kimi idi. Anam Məstanova Fatma ərə gedəndən sonra daha az işləyirdi, atam daha çox işləyirdi. İkisi də Ə.Əzimzadə adına məktəbdə oxuyanda tanış olub evlənmişdilər. Babam həmin məktəbdə müəllim kimi işləyirdi. Mən babamın qucağında böyümüşəm. Yadımdadır, parlaq kağızlarda Brejnevin, Leninin şəkilləri vardı, onlara qara çernil çəkirdi, başlayırdı bir-bir cızmağa (qrafika üzrə rəssam idi). Ona deyirdilər ki, bir gün səni tutacaqlar. (gülürük) Şəhərimizdəki mozaikaların çoxu onun işləridir, facebook-da da tez-tez paylaşıram onları. Həmçinin, kitablar üçün qrafika işləri hazırlayırdı, əsərləri muzeylərdə var. Müəllim kimi də çox tanınıb. Foto çəkməyi də sevirdi...

Atam Məstanov Azər rəssam kimi, həm də teatr rəssamı kimi çox işləyirdi. Bir dəfə, yadımdadır, tamaşa üçün dollarlar çəkməli idi. O zamanlar printerlər yox idi, əllə çəkilirdi. Mən uşaq idim, gedib hər yerdə demişdim ki, bizdə evdə “paçka-paçka”pullar var. Evdə dedilər ki, gəlib evimizdə oğurluq edəcəklər.(gülürük) Atam sürrealizm üslubunda çəkirdi, mənim kimi.

Yadımdadır, evimizə çoxlu rəssamlar gəlirdi. Anamın rəssamlıqdan dərs verən rəfiqələri vardı, məni tez-tez onların yanına aparırdı ki, onlardan da öyrənim. İşlərinə baxırdım. Onlar anama şikayət edirdilər ki, qızın öz bildiyini edir. (gülür) Mən öz bildiyimi edirdim həmişə.

- Əsərlərinizdən hiss olunur...

- Mənə hətta Akademiyadan deyirdilər ki, sən hazır rəssamsan, öz bildiyini edəcəksən, gəlmə. Son iki il dalbadal Akademiyaya sənəd verdim.

- Akademiyada təhsil almağa ehtiyacınız varmı? Axı siz öz sözünüzü demiş rəssamsınız...

- Məktəbə işə qəbul üçündiplomlazımdır. Bir dəfə imtahan verdim, İQ-nu da keçdim, rəsmdən də keçdim, amma qəbul etmədilər. Çünki diplomum yoxdur. Bizdə, təəssüf ki, diplom mütləqdir. Mənim evdə üç müəllimim olub, gözümü açandan çəkirdim, işləyirdim, üç-dörd yaşımda işlərim AZTV-də nümayiş olunub, məktəbdə personal sərgilərim olub, doqquz yaşımda limonad  fabriki üçün emblem hazırlamışam. Rəssamlığa gərəkli hər şeyi mənə öyrədiblər. Bir çoxlarının isə Akademiya təhsili var, texnikası güclüdür, amma işləri qurudur.

- Həm diplomlu olmaq heç də böyük rəssam olacaqsan demək deyil.

- Bir çox məşhur rəssamların diplomu olmayıb. Frida olsun... Kandinskinin iqtisadçı və hüquq diplomu olsa da rəssamlıq diplomu olmayıb, amma dünyada tanınmış rəssamdır.

- Elə Van Qoqun özü...

- Bəli. Qoqen... Başqa ixtisas oxusa da tanınmış rəssam olub. Çox rəssamlarda belə olub.

- Müsahibələrinizdən birində deyirsiniz ki, əlinizə qələm alandan rəsm çəkməyə başlamısınız. İlk çəkdiyiniz rəsm yadınızdadırmı?

- İlk çəkdiyim rəsm arı idi. Amma səhv buraxmışdım, iynə yerini burnunda çəkmişdim. Anama göstərdim, anam dedi ki, arı belə olmur. Mən də dedim ki, mənim arım belədir. Məktəbdə ilk rəsmimə görə dörd almışdım, pomidor çəkmişdim. Amma riyaziyyat müəllimim gözəl rəsm çəkdiyimə görə mənə beş vermişdi.(gülür) Bütün günü işləyirdim. Anamın rəsm kitablarını açırdım, oradan məşhur rəssamların əsərlərini köçürürdüm, elə Van Qoqun özünü nə qədər köçürmüşəm...

- Oxumuşdum ki, Toğrul Nərimanbəyovdan dərs almısız...

- Mən rəssamlar ittifaqında uşaqların sərgisini təşkil etmişdim, bir müəllim kimi işlərinə baxırdım. Bir gün ora Toğrul müəllim də gəlmişdi. Mənə dedilər ki, yaxınlaş işlərini göstər ona. Düzü mən istəmirdim rəssam kimi özümü göstərim. Amma təkid etdilər, mən də öz işlərimin fotoları olan albomla ona yaxınlaşdım. Toğrul müəllim baxdı və başladı qışqırmağa ki, bu qızı təcili götürün Rəssamlar İttifaqına. O gündən mənə rəssamlıq fəaliyyətimdə kömək etdi. Və o gün olmasaydı, mənimlə danışmasaydı, bəlkə də mən rəssam olmazdım. Yəni işləyirdim, amma özümçün. İtaliyada sərgi olanda da getməmişdim. İstəmirdim kimsə mənim çəkdiyimi bilsin...

- Niyə?..

- Nə bilim... İstəyirdim gizli qalım... Toğrul müəllim məni bir rəssam kimi üzə çıxardı, bir müəllim kimi mənə yol göstərdi.

- Günel xanım, yaradıcılığınız son dərəcə özünəməxsusdur. Buna baxmayaraq, ilham aldığınız, sevdiyiniz Azərbaycan rəssamları varmı?

- Hamısı xoşuma gəlir: Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə... Mircavad... Ən çox atamın işləri mənə təsir edib. Elə vaxtlar olub ki, bir-birimizi görməyə-görməyə, bir-birimizdən xəbərsiz eyni mövzuları işləmişik. O da mənim kimi, əsərlərində sözünü deyirdi. Yadımdadır, onun bir əsərində ətçəkən maşın çəkilmişdi, içindən insanlar çıxırdı. Sürrealizm üslubunda çəkirdi.

- Son zamanlar “qadın rəssam”, “qadın bəstəkar” və s. kimi ifadələr dəbdədir. Siz bunlara necə yanaşırsız? Cinsi mənsubiyyətin əhəmiyyəti varmı yaradıcılıqda?

- Mənim üçün rəssam nə evlidir, nə subaydır, nə qadındır, nə kişidir. Rəssam hər hansı bir insandır, cinsiyyəti önəmli deyil. Qadın rəssamlar həmişə olub, sadəcə keçmişdə onlar qəbul olunmurdu, işlərinə ciddi yanaşılmırdı. Əslində isə cinsiyyət həqiqətən önəmli deyil.

- Günel xanım, toxunmaq istədiyiniz, amma toxuna bilmədiyiniz mövzular olub?

- Məndə əsas qadın mövzusudur, qadına qarşı zorakılıq, qadının gözəlliyi, ailə qurandan sonra bədəninin dəyişməsi... Siyasi mövzular da olur. O baxımdan yaradıcılıq azadlığı ilə problemimiz var... Çadra mövzusu var ki, eskizləri var, amma hələ çəkməmişəm. Cəmiyyətdə də təzyiqlər olur.

- Azərbaycanda rəssamların daha hansı problemləri var?

- Emalatxana və təqaüd problemi var. Rəssamlara daha çox yardım edilsə, yaxşı olar.

Təşəkkür edirəm.

Sərgi çıxışında bizi yay yağışı yaxaladı. Günel Ravilovanın, bu maraqlı rəssamın qeyri-adi yaradıcılığı tək bizim halımıza deyil, havaya da təsir etmişdi.

İslandıq...

Leyla Həmid Əhməd Xan


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058963