Saat:05:26
Haqqımızda

Tərbiyəmiz yerindəmi?

2021-12-07 14:00:00

Tərbiyəmiz yerindəmi?

MÜRSƏL İRƏVANLI

"İnsanda əxlaq, şəxsiyyət evin bünövrə daşı kimidir. Bünövrə daşı azacıq əyri olsa, bütün bina əyiləcək"

Mirvarid DİLBAZİ

Hərdən asudə vaxtlarda mavi ekran qarşısında nəfəsimizi dərməli oluruq. Etiraf edim ki, son zamanlar maraqlı, diqqəti çəkən görüntülər bütün kanallarda sayca çox az olur. Bir çox insanlar kimi mən də bu görüntülərə maraq xətrinə deyil, ikrah xətrinə tamaşa edirəm. Və çox həyəcan keçirirəm. Azərbaycan xalqının milli mənliyini qoruyub saxlamağı bacarmayan, onu başqa millətlərin ətəyinə calamağa səy göstərən ayrı-ayrı qrupları görəndə televizoru söndürmək məcburiyyətində qalıram. Lakin, məncə, bu azdır.

Təkcə evimizdəki televizoru söndürürəm. Bütün televizorları şəbəkədən ayırmaq zorunda deyiləm. Xüsusən gecə proqramlarında elə şeylər nümayiş etdirirlər ki, adamın əti tökülür. Həya, abır, ismət barlarda, kazino və restoranlarda, hətta təbiət qoynunda çox ucuz qiymətə satılır. Adını "məhəbbət" qoyub, onu su dəyərinə satan gənc qızları görəndə üzr istəyirəm, adam doğulduğuna, bu dünyaya gəldiyinə heyfsilənir, peşmançılıq çəkirsən. Bu minvalla biz hara gedirik? Məni qınamayın, vallah belə davam etsə bir azdan aləm bir-birinə qatışacaq. Kimliyimiz tamam unudulacaq. Dönüb olacağıq manqurt. Bəs milli dəyərlərimizin qorunub saxlanması üçün nə etməliyik? Hansı yollar tapılmalıdır ki, bunlar gənclərin mənəvi və estetik tərbiyəsinə yönəlsin? Məncə tərbiyə mövzusunda yazılara, həmçinin televiziya verilişlərinə daha çox meydan verilməlidir ki, heç olmasa bugünkü müvazinəti qoruyub saxlaya bilək.

Gənclərin əksər təbəqəsi necə deyərlər eşq, məhəbbət anlayışı sarıdan korluq çəkir, günlərini necə gəldi keçirirlər. Bu hal isə əlbəttə ki, sağlam ailə həyatı qurmaq keyfiyyətinə mənfi təsir göstərir. Təcrübə sübut edir ki, ailənin, qarşılıqlı saf məhəbbətin qədir-qiymətini bilən şəxslər dünyanın ən xoşbəxt və ehtirama layiq varlıqlarıdır. Həyatda elə fədakar insanlar tapılıb ki, onlar öz saf məhəbbətləri uğrunda hətta ölməkdən belə çəkinməyib, öz həyatlarını bu yolda qurban verməklə əbədilik qazanmağa layiq olublar. "Fərhad və Şirin", "Şah İsmayıl", "Şahsənəm və Qərib" və dillər əzbəri olan başqa dastanlarımız nədənsə son zamanlar unudulub, heç yada da salınmır. Dastan qəhrəmanlarına bənzəmək onların yolunu özlərinə örnək seçmək müasir gənclərimiz üçün hava, su kimi lazımdır. Ürəkdən sevib-seçdiyi sevgilisi uğrunda öz həyatmı qurban verən aşiqlər haqqında çox oxuyub çox da eşitmişik. Hətta bəzən bədbəxt hadisənin canlı şahidi də olmuşuq.

Bu yaxınların söhbətidir.

Məhəlləyə dəhşətli, həm də tükürpədici bir xəbər yayıldı. Hərbi dənizçilik məktəbində xidmətini başa vurmuş, sağlam bədənli 23 yaşlı cavan oğlan böyük riskə gedərək günün günorta vaxtı intihar etmişdir. Daha doğrusu, yaşadığı beşmərtəbəli binanın dördüncü qatından özünü bir göz qırpımında aşağı tullamaqla həyatı qədər sevdiyi nişanlısı ilə vidalaşmışdı. Səbəbi isə bu olmuşdur ki, ürəkdən sevib-seçdiyi qızı ona verməmişlər. Qız tərəfin valideynləri bəhanə etmişlər ki, "oğlan kasıb ailədəndir, onunla bizimki uyğun gəlməz" bundan narahat olan oğlan eşqi yolunda özünü qurban verməyə cəsarət etmiş, atanı oğulsuz, ananı isə gəlinsiz qoymuşdu. Bu hadisə bir çoxlarına adi əhvalat, əfsanə təsiri bağışlaya bilər. Hətta bəziləri gəncin atdığı son addıma dodaq büzüb onu dəyanətsizlikdə təqsirləndirə də bilər: "Nə çoxdur qız, gedib başqasının qapısını döyəydi. Bir qızdan ötəri bədbəxt niyə özünü öldürürdü?" Ancaq həyatı həqiqət başqa məsələdir. Məhəbbətin qədir-qiymətini hər şeydən üstün tutanlar bu yolda fədakarlığa, həyatlarından hər an keçməyə həmişə hazır olduqlarını tarix boyu nümayiş etdirmişlər. Sevgiyə həqiqi qiymət verənlərin təbirincə desək həqiqi, saf məhəbbət ləkəsiz aya, sönməz günəşə bənzəyir. Onun hərarəti ürəkləri isidəndə sözsüz ki, ailənin bünövrəsi daha möhkəm və əzəmətli olur.

Ailə, səadət, xoşbəxt həyat anlayışı bütün zəmanələrdə aqil insanların diqqətindən kənarda qalmayıb. Sağlam, uzunömürlü ailə həyatı başqalarına nümunə göstərilib. Gənclərə örnək olub. Yeri gəlmişkən onu da deyək ki, məhəbbətin maddi təmənna duyğusundan xali olmadığı hər hansı cəmiyyətdə qurulan ailənin özülü çürük ağac timsalındadır. Cüzi titrəyişdən laxlayıb məhv olmaq təhlükəsi qaçılmazdır. Sabahını düşünməyən qız, şərəfsizlik girdabında çapalayan oğlan görəsən hansı mənfur qüvvənin təhriki ilə "adi təsadüf" nəticəsində ailə qurur? Belə "təsadüflərin isə ömrü çox qısa olur, sonluğu çox zaman faciə ilə başa çatır". Müşahidələr göstərir ki, təsadüfi qurulan ailələrin əksəriyyəti yollarını tez bir zamanda məhkəmələrdən salır. Və digər orqanlara müraciət etmək məcburiyyətində qalırlar. Bu nədən irəli gəlir? Ona görə ki, heç kimin ağıllı məsləhətinə qulaq asmaq istəməyən bəzi gənclər ailə qurulduqdan sonra "bir-biri ilə dil tapmağı" bacarmır, sonluqda isə yeni qurulan ailə dağılmağa, pozulmağa məhkum edilmiş olur. Çox təəssüflər olsun ki, müasir dövrümüzdə belə ailələrin sayı çoxluq təşkil edir. Söhbət apardığımız əksər gənc ailə başçıları bunu iqtisadi durumun qeyri-normal vəziyyəti ilə əlaqələndirirlər. Lakin belə çətinlik ucbatından ailə dağıla bilməz, çünki ailə özlüyündə "kiçik dövlət" hesab olunur. Onun üzvləri isə onun nümayəndələri. Bu nümayəndələr istənilən və gözlənilməz zərbəyə tam hazır olmalı və kiçik dövlətlərini qoruyub saxlamaq naminə həyatı çətinliklərə sinə gərməyi bacarmalıdır.

Bu bir həqiqətdir ki, insana bütün canlı aləmin əşrəfi deyirlər. Əgər insan yer üzünün zinətidirsə, analar insanlığın şərəfi və şöhrətidir. Dünyamızın ən böyük dahiləri, yenilməz sərkərdələri də ana qoynunda bəslənmiş, ana laylasından şübhəsiz ki, mənəvi qida almışlar. Qadının böyüklüyü, ülviyyəti hər şeydən öncə ondadır ki, o, anadır. Qeyrətli oğullarla, ismətli qızlarla xalqın öyünməyə həmişə haqqı var. Belə insanlara elimizin çox gözəl hədiyyəsi büllur qədər saf sözlər olur: Ananın südü sənə halal olsun!" Eşq-məhəbbət anlayışı təkcə iki fərdə aid olan anlayış deyil. Bu cəmiyyətin həqiqi mənada simasını özündə təzahür etdirən ictimai problemdir. Buna görə də alicənab şəxslər məhəbbətə könül əyləncəsi, ötəri həvəs kimi baxmağı hər zaman qəbahət, nadanlıq əlaməti hesab etmişlər. Yaş səviyyəsindən asılı olmayaraq eşqin saflığını qorumaq insanın böyüklüyünə və gözəlliyinə dəlalət edir. Lakin təəssüflər olsun ki, zahiri parıltıya aludə olub, yaxşı ana, qayğıkeş ata olmaqdan daha çox gözəgəlimli qayğısı ilə yaşayanlar hələ də var cəmiyyətdə. Heç kəsə sirr deyil ki, gözəllik tanrının bəndəsinə bəxş etdiyi fitri töhfədir. Onu bəd nəfəslərdən qorumaq hünəri şəxsin bilavasitə iradəsindən asılıdır. Daxili ləyaqətdən, əxlaqi kamillikdən məhrum olan gözəllik əyləncəyə çevriləndə istər-istəməz eybəcər görünür. Hər hansı qəşəng çiçək müəyyən mövsümdən sonra öz təravətini, ətrini itirdiyi kimi təbii ki, insan da müəyyən yaş həddinə çatanda gəncliyə məxsus şuxluğunu qoruyub saxlaya bilmir. Bu insanın özündən asılı deyil. Təbiətin pozulmaz qanunudur. Bir vacib məsələni də qeyd edək ki, öz sabahını düşünməyib ağlını nəfsinə, iradəsini ehtirasına qurban verən adam heç də öz mənəvi ləyaqətinə ehtiram, hörmət duyğusu oyada bilməz. Haram qazanc və mənasız boş günlər yolunda "saç ağardan"lar zaman keçdikcə nə ağbirçək kimi əzizlənəcək, nə də ki, ağsaqqal kimi tanınacaq. Belə ki, məhəbbət ailəyə xəcalət, məyusluq deyil, xeyirxahlıq və səadət gətirməlidir. Müdrik şəxsiyyətlər bakir eşqə insanı həlimləşdirən, nəcibləşdirən ilahi qüvvə kimi baxmışlar. O şəxsin ki, qəlbində həqiqi, saf, ləkəsiz məhəbbət yuva qurubsa, onda kindən, ədavətdən, xəbislik və xəyanətdən əlamət axtarmaq absurddur. Doğurdan da həqiqi məhəbbət insanı yazıq, fəqir etmir, əksinə, onda şəxsiyyəti alçaldan təzahürlərə qarşı fəal mübarizlik duyğusu oyadır. Sevgidən usanan və usandığı üçün də tez-tez məhəbbətini dəyişən insanlara təsadüf edəndə istər-istəməz onlara yazığımız gəlir. Axı məhəbbət göynək deyil ki, onu köhnələn kimi dəyişəsən. Atalar buyurub ki, tənha yaşamaq əsl mənada faciədir. Ailə səadəti isə heç nə ilə əvəz olunmayan xoşbəxtlik, əlçatmaz zirvədir. Lakin bu səadət cəmiyyətin bütün üzvlərinə deyil, yalnız bir-iki üzvünə mənsubdursa, bu natamam görünə bilər. Ona görə də, yeni ailə quran iki vəfalı gənc qəlbinin işığı bütün ailəyə hərarət və xoşbəxtlik gətirməlidir. İki gəncin arasındakı məhəbbət, istiqanlı münasibət bir də o zaman ailə şərəfini dəyərləndirir ki, ailə üzvlərinin bir-birinə inam və ehtiramı qarşılıqlı olsun. Ünsiyyəti nizamlayan, onu yad təsirlərdən qoruyan xoş rəftardırsa, qarşılıqlı etibar və sədaqət belə münasibətin yaraşığıdır. Dəyanətinə, sədaqətinə az-çox bələd olmadığı bir kişinin saxta vədlərinə aldanıb, hiylə toruna düşən qadın hissiyyatının, şəhvətinin qurbanına çevrilibsə, əlbəttə, əsl insana yabançı olan bu cür şüursuz hissə bəraət qazandırmaq olmaz. Kişi də, qadın da öz ləyaqət, şərəf və vüqarım hər zaman qoruyub saxlamağı bacarmalıdır. Aqillər gözəl deyib ki, kişilərin vüqarı, qadınların isməti məhəbbət ucalığına pillə-pillə qalxmaqla sınaqdan çıxar. Təbiidir ki, eşq və idrak, məhəbbət və səmimiyyət vəhdət təşkil edəndə insan sevməklə yüngülləşmir, əksinə sevərək kamilləşir, müdrikləşir. Və sözün həqiqi mənasında cəmiyyətdə özünə layiq yerlərdən birini tutmağı bacarır və həyatın enişli-yoxuşlu dolaylarında heç zaman dalana dirənmir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR