Təklif əladır, amma qiymətlər qalxacaq - Ekspert ziyanlı tərəfləri açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan ("kupça"sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur.
Ölkəmizdə, xüsusilə də paytaxt Bakıda sənədsiz mənzillərin sayının çox olduğunu nəzərə alsaq, bu təklifin nə dərəcədə işlək olması sual doğrurur.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmalı bildirib ki, işlək mexanizm olmadığından bu cür təkliflər qiymət artımı ilə nəticələnəcək:
“Təklif əladır, amma məsələ burasındadır ki, bizdə o təklifləri irəli sürən və müzakirəsində işirak edən, bu istiqamətdə qərar qəbul edən şəxslər bəzən unudurlar ki, Azərbaycanda mövcud mənzil fondunun (yeni tikililəri də bura əlavə etsək) təqribən 1/3 (üçdə biri) sənədsizdir.
Burada söhbət ancaq yeni tikilən binalardan gedirsə, bununla bağlı kifayət qədər ciddi mexanizmlər işlənib hazırlanmalıdır. “Kupça”sız mənzillərin satışına icazə verilməməsi ilə bağlı fikir dövriyyəyə çıxan kimi mənzillərinin alqı-satqısına icazə verilən şirkətlər dərhal qiyməti iki dəfə qaldıracaq. Ona görə elə ciddi bir mexanizm işlənib hazırlanmalıdır ki, həm satıcının, həm də alıcının konkret öhdəliklərini müəyyən etsin”.
Ekspertin sözlərinə görə, tikinti şirkətlərinin işlərinə inzibati müdaxilələr edildikcə onlar başqa metodlara əl atacaq:
“Nəticə ondan ibarət olur ki, bu yekunda vətəndaşın başında çatlayır. Tikinti şirkəti baxacaq ki, qiyməti artırmaqla nəyəsə nail ola bilmir, vətəndaşa qeyri-qanuni olaraq tikintiyə aid olmayan sahələri ümumi sahəyə əlavə edib satmağa başlayacaq. Məsələn şaxtaları, mənzilin iç divarlarını, çöl divarlarını kvadrata salacaq. Hətta bir də baxırsan ki, ümumi istifadə olunan əraziləri də mənzilin sahəsinə qatırlar. Vətəndaş 10 ildən sonra çıxarış almağa gedəndə də baxır ki, ortalıqda tikinti şirkəti yoxdur, üstəlik, şəhərin mərkəzində aldığı mənzildə 30 kvadrat aldadılıb. Bu 30 kavdratı da pula çevirəndə bəzi ərazilərdə 60-70, bəzi yerlərdə isə 100 minlərlə vəsaitdən söhbət gedir”.
R.Osmanlının fikrincə, bu cür mövzuların müzakirəsində ən azından bu bazarı təhlil edən insanlar çağırılmalıdır:
“Soruşmalıdırlar ki, bizim əsas problemlərimiz nədən başlayır, harada yaranır, bunları aradan qaldırmaq üçün hansı istiqamətlərə diqqət ayrılmalıdır. Yəni sadəcə tədbirdə iştirak etmək xatirinə bir fikir səsləndirildi, bu da bir günün içərisində bazarda 15-20 faiz qiymət artımına səbəb oldu, belə olmamalıdır.
Hərə gündə bir təklif verir və bu təkliflər kağız üzərində qalır. Bir ev 5 nəfərə satılır, bir başqası kvadratda aldadır. Nəticə etibarilə yekunda zərər sadə vətəndaşa dəyir.
Bu cür təkliflər irəli sürülərkən mütləq bazardaxili müəyyən şərtlər, yerli qanunvericilik nəzərə alınmalıdır.
Təklif xatirinə təklif verilirsə, nəticə yoxdursa, hesab edirəm ki, bu, doğru yanaşma deyil”, - deyə o əlavə edib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya