Saat:02:33
Haqqımızda

Təhsilimizin “qətlinə” fərman verənlər...

2021-08-03 10:50:00

Təhsilimizin “qətlinə” fərman verənlər...

Və yaxud onlayn təhsili daha effektli olan hansı üsulla əvəzləmək olar?

Dünya miqyasında vüsət alan rəqəmsallaşma prosesi ölkəmizdən də yan keçmədi. Tədris sferası da, ictimai həyatın bir hissəsi kimi, bu yeni tendesiyaya məruz qaldı. İlk addımda ölkəmizdə onsuz da kehfiyyəti aşağı olan təhsilin onlayn formata keçməsini buna misal göstərə bilərik...

Sözsüz ki, rəqəmsallaşma daha da dərinləşəcək. Tədris prosesi də kökündən dəyişəcək. Qarşıdan əvvəlcə metodların dəyişilməsi - oyunvari və virtual dünyaya dalmaq, müəllimlərin kompyüter proqramları, süni intellektin öhdəçiliyinə verilən dərs prosesi ilə əvəzlənməsi, dərs vəsaitlərinin elektronlarşdırılması gəlir. Yəni yeni elektron-rəqəmsal yenidənqurma. Bu elektron-rəqəmsal platformaya uyum göstərə bilməyən uşaqların və onların valideyinlərinin yalnız 2 çıxış yolu var:

Birincisi, uşağı ev dərslərinə keçirməkdir. Bunu yalnız maddi təminatı yaxşı olan insanlar edə bilər. Çünki bu, repetitorların xidmətlərindən istifadə etmək deməkdir.

İkincisi, fərdi insanların toplanaraq qrup şəklində tədris prosesini təşkil etməsidir. Qrupa müəllimlər cəlb edilə bilər. Burada da əsas məsələlərdən biri istifadə olunacaq dərsliklərdir. Dərsliklərdə verilən fənn biliklərindən başqa, tədrisin ideoloji tərəfi də var. Buna daha sonra toxunacağıq.

Baxmayaraq ki, onlayn təhsilin “tet-a-tet” təhsillə müqayisədə keyfiyyəti aşağıdır, bütün toplumların başıaşağı yeni dünya düzəninin içinə atılması və onun xaosunda qərq olması üçün süni şəkildə təşkil olunan pandemiya ilə dövlətin uşaq vətəndaşlarının elə ilkin mərhələdə müəllim-şagird, dövlət-vətəndaş bağlarının qoparılmasına nail olunur. Burada bir haşiyə çıxaraq qeyd edək ki, kosmosu “işğal edən”, elmi-texnoloji inkişafda ilk pillələrdə olan dövlətlərin fonunda elm-texnologiyada geri qalan dövlətlərin “kiber kölə” vəziyyətinə düşəcəyi çox aydındır. Yenə “əcnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobilə minməyiriz” sözünün hazırkı formasını bu cür deyə bilərik: Son həftələrdə Dubayda süni üsulla yağış yağdıran elmin qarşısına biz hansı formada çıxa bilərik? Və ya çıxa bilmək durumundayıqmı?

Bu mövzunun çərçivəsi çox geniş olsa da, söhbətimizin əsas məqsədi onlayn təhsilə qarşı alternativ variantları ortaya qoymaq, keyfiyyətsiz təhsilin dövlətə vurduğu maddi zərərlərin qarşısını almaq, son günlərdə müəllimlərin məktəblərə qəbul olmaq üçün yeganə, korrupsiyasız üsul olan MİQ imtahanlarında kütləvi şəkildə ifadə olunan narazılığın həlli ola biləcək variantlarını təqdim edə bilməkdir. İlk öncə müəllimlərin MİQ imtahanından başlayaq.

Sosial şəbəkələrdə və internet tv-lərinin reportajlarında bu imtahanlara salınan suallardan şikayətlər səsləndirildi. Azərbaycanda verilən təhsilə uyğun gəlməyən, hansısa xəyali mənbələrdən imtahana suallar salınır. Güman ki, ədəbiyyat fənnindən məntiqi, daha doğrusu məntiqsiz səpgidə suallar nümunə alınaraq, digər fənnlərin sualları da “tapmaca” kriteriyasında tərtib olunur. Sualın tərtib olunma üslubu da maraqlıdır. Çünki imtahanın məqsədi ədəbiyyatçının, filoloqun dilin incəliklərinə nə qədər bələd olmasını yoxlamaqdır. Ona riyazi-məntiqi suallar verməyin yersizliyi bağça uşağının da bildiyi həqiqətdir. Ədəbiyyatçıdan cümlədə paltarın rəngini soruşmaq hansı məntiqə sığır?

Suallar məsələsinə toxunmuşkən, deyək ki, qeyri-peşəkar hazırlanan suallara nəinki MİQ imtahanında, elə şagirdlərin KSQ imtahanlarında, yaxud dərsliklərin mətnlərində, şerlərdə də rast gəlinir. Belə sarsaq suallara cavab vermək əvəzinə, “məntiqi tapmaca” həll etməyə gələn müəllimləri məntiqsizlik ələyindən ələyib çıxdaş etmək, onu intihara təhrik etmək hansı sağlam düşüncəyə sığır?! Müəllimlərin qəniminə çevrilən şəxsləri üzə çıxarıb işdən kənarlaşdırmaq, ölkənin təhsilinə cavabdeh idarəni sağlamlaşdırmaq daha məqsədəuyğun olmazdımı? Axı, MİQ imtahanlarının keçirilməsinə səbəb məhz bu imtiyazlı “gözəgörünməz, ələkeçməz” təbəqənin cövlan etməsidir. Belə olmasaydı, MİQ müəllimlərin rüşvətsiz işə girməsi üçün yeganə ümid yerinə çevrilməzdi. İndi belə anlaşılır ki, funksiyası şəffaflığı təmin etmək olan Təhsil Nazirliyi “işıq gələn” yeri tıxayaraq, müəllimlərin işə düzəlmək üçün yeganə ümid yerini bağlayır. Çünki ölkəmizi cənginə alan, daha doğrusu ölkədə tüğyan edən korrupsiya təhsil sahəmizdən yan keçməyib. O zaman bu müəllim-kadrların işə düzələ bilməyəcəyini bilə-bilə niyə pedaqoji fakultələrə kontingenti azaltmırlar? Bu, gənc insanların həyatını, onların cibinə girərək, sındırmaq deyilmi? Bu, təhsili oyun-oyuncaq obyektinə çevirmənin birinci halqası.

İkinci, hətta əhəmiyyətində birincidən heç də geri qalmayan əsas məsələ pis, keyfiyyətsiz tədris prosesi ola-ola, məktəblərə şagirdlərin 11 il vaxtının itirilməsi, məktəblərin maddi-texniki təminatına, kommunal xidmətlərinin ödənilməsinə xərclənən vəsaitlərdir. “11 illik vaxt itirilməsi” dedikdə nəzərdə tutduğumuz repetitorlar vasitəsilə 2-3 ilə öyrənilən tədris proqramına 11 il ərzində zaman sərf olunmasını nəzərdə tuturuq. Əgər 2-3, hətta 4-5 ilə, dillər də daxil olmaqla, bütün məktəb proqramı mənimsənilə bilirsə, şagird 11 il ərzində geyimə, kitaba, dəftərə, yola xərclədiyi pula və s. məktəb vəsaitinə niyə maliyyə sərf etməli, təyinatını itirmiş, çox hallarda da ibtidai sinif şagirdləri gəlir mənbəyinə çevirmiş müəllimlərin çalışdığı “tədris ocağına ayaq döyməlidir”?! Əslində təhsilin deqradasiya prosesi çoxtərəfli gedir - həm rüşvət verməyə pulu olmayan müəllimlərin məktəbə işə düzəlməsinin qarşısı alınır, həm şagirdlərini gəlir mənbəyinə çevirmiş, kimlərinsə “kəraməti”, dəstəyi ilə məktəblərə işə girməyə nail olan müəllimlər “bizneslə” məşğul olmaz (bu zaman şagirdin həmin müəllimə ona keyfiyyətli bilik öyrədib-öyrətməməsindən asılı olmayaraq “hörmət etməmək” lüksü olmur), həm dövlət büdcəsindən bu prosesə külli miqdarda vəsait xərclənir ki, bu da faktiki dövləti soymaqdır. Üstəlik, həm də şagirdlər məktəblərdə xeyli vaxt, vəsait itirir. Hansı ki, onlar məktəbdə itirdiyi vaxt və vəsaiti repetitorların xidmətindən istifadə etməyə sərf edir, çünki məktəbdəki təhsil keyfiyyətsizdir. Faktiki olaraq şagirdlər təhsil prosesindən idmana və s. sahələrə asudə vaxt ayıra bimir, beyni yüklənir ki, bu da məntiqlə psixoloji təsir göstərir.

Əgər təhsil repetitorluğun hesabına davam etdiriləcəksə, o zaman istiqaməti dəqiqləşdirmək lazımdır. Əgər istiqamət repetitorloğun çiçəklənməsi, qol-qanad açıb daha da vüsət almasından, sistemə tam oturuşmasından yanadırsa, məsələni rəsmiləşdirmək gərəkdir. Belə ki, şagirdlərin 11 il məktəbə boş yerə ayaq döyməyindənsə, onların sinifdən-sinfə keçidini imtahanla etmək olar. Şagirdlər məktəblərə gəlmədən də imtahanla sinifdən-sinfə adlayar və attestatlarını almaq üçün də imtahan verə bilərlər. Yeri gəlsə, repetitorlardan da onların dərslərində iştirak etməsi barədə arayış ala bilər. Qısası, bu işin adını rəsmiləşdirməyin vaxtıdır.

İşin ikinci tərəfi də var. Repetitor dövlətə vergi də verər. Dövləti külli miqdarda və boş yerə xərcə salan məktəb binalarını isə müəllimlərə, repetitorlara kirayəyə vermək olar. Həm uşaqlar sosiallaşar, həm məktəb binaları öz xərclərini ödəyər. Onsuz da məktəb öz xarakterik funksional mahiyyətini itirib, çoxdan biznesə dönüb. Pulu olmayanın təhsil alması qeyri-mümkün olub. Eləcə də məktəb müddətinin 11 illikdən aşağı salınması, azaldılması yenə də xərclərin azaldılması ilə nəticələnər.   

İnanırıq ki, illərlə boş yerə vaxt itirməkdən canları qurtaran şagirdlər bu halda ilhama gəlib, qısa müddət ərzində tədris proqramını başa vuracaqlar. Həm də məktəblərə illərlə ayaq döymədən.

Digər üsul valideyinlərin öz aralarında razılaşaraq, yəni müəllim taparaq məktəblər qurmasıdır. Bu cür təhsil alanların bilik səviyyəsini yoxlamaq, sənədləşdirmək üçün yenə imtahan gərəkəcək. Digər bir üsul da şəxsi dərslərdir ki, buna da əhalinin imkanlı təbəqəsi namizəddir. Daha zəif təbəqə bu lüksdən məhrumdur.  

Gələk uşaq vətəndaşların ideoloji təlim-tərbiyəsinə. Sadaladığımız tədris prosesində “tet-a-tet” tədris prosesi gerçəkləşdirilə bilsə belə, şagirdlər bəzi etik dəyərləri, müəllimə hörməti mənimsəyə bilsələr də, dövlət-vətəndaş münasibətinin təməlləri olan ideoloji bağlılıqdan söhbət gedə bilməz. Çünki bu prosesin mahiyyəti biznes kimi öz əksini tapır. Dünyanın gənc əhalisini, eləcə də ölkəmizin yeni insan resursu olan gənc nəslini ağuşuna alacaq virtual-elektron, cansız təhsil dövlətlə onu sahiblənən vətəndaşı arasında bağı qoparmağa hədəflənib. Çünki pandemiyanın süni virus bəhanəsiylə “sosial məsafə” tələbi buna ilk addım idi. Əslində isə sosial məsafədən söhbət gedə bilməz. Sosial məsafə cəmiyyətin fərdlərinin bir-birilə hər cür bağıdır. Burada nəzərdə tutulmalı olan fiziki məsafə olsa da, qəsdən “sosial” termini düşüncələrə oturduldu.

Beləliklə, 2-ci Qarabağ müharibəsində özünü irəli atıb döyüşən nəsil repetitorlar sayəsində təhsilini başa vursa da, yenə müəllim-şagird təması üz-üzə, canlı idi. Müəllimsə onlara, pulla da olsa, bilik ötürərkən istər-istəməz müəyyən hədd nizam-intizam, disiplina və etik dəyərləri də ötürdü. Çünki insanlar arası münasibətlər bunsuz mümkün deyil. Amma pandemiya bəhanəsi ilə normal, üz-üzə, canlı təhsilin arxa plana salınması, onlayn təhsilə dirənilməsi onu deməyə əsas verir ki, kimlərsə prosesi geridönülməz fəsadlarla, uşaqların tədris-tərbiyəsinin də süni intellektə, hansısa kompyüter proqramlarına etibar edilməsinə qədər aparmaqda israrlıdır. Təsəvvür edin ki, süni virtual müəllim sizə monitordan dərs keçir. Lap İctimai TV-dəki aparıcı Dadaşlinski kimi... Yeri gəlmişkən, Dadaşlinski kimi virtual platformaların nəsil tərbiyə işinə hansısa töhfə verəcəyini düşünmək nəinki hansısa məntiqə uymur, hətta bu platformaya etimad etmək axmaqlığın bariz əlamətidir. Əlbəttə, buna sözsüz, ümid içində riayət edənlər üçün.

Bir sözlə, bu sistemi ilgək kimi boğazımıza salanlar üçün gələcəyimizin, uşaq psixikasının, dövlətin ideoloji müstəvidə qoruyucusu və varislərinin düşüncə genosididir. Qarşısında preizdentin bir çox hədəflər qoyduğu dövlətin çox da uzun olmayan perspektivdə çöküşünə əl yeri qoymaqdır.

P.S. Hazırda Türkiyədə gözümüzün önündə qarşısı alına bilməyəcək dərəcədə nəhəng yanğınlar baş verir. Bu yanğınları sıradan insanlara açıqlanmayan, amma güman ki, dünyanı təhdid edərək girov alan bəzi qüvvələrin malik olduğu bizə məlum olmayan, kiber hücum həyata keçirməklə təxribat törədə bilən texniki vasitələrlə reallaşdırmaq mümkündür. Bu texnologiyanın qarşısına çıxacaq əks texnologiyaları, kibertədbirləri olmayan dövlət, yaxud millət yox olmağa, tarixdən silinməyə məhkumdur.

Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR