Saat:04:21
Haqqımızda

TƏHSİL YÜKÜ ALTINDA “ƏZİLƏN” NAZİRLİK ELMİN YÜKÜNÜ DƏ DAŞIYA BİLƏCƏKMİ? – Və yaxud yeni yaradılmış Elm və Təhsil Nazirliyi elmimizə nə qazandıracaq?

2022-08-10 15:32:00

TƏHSİL YÜKÜ ALTINDA “ƏZİLƏN” NAZİRLİK ELMİN YÜKÜNÜ DƏ DAŞIYA BİLƏCƏKMİ? – Və yaxud yeni yaradılmış Elm və Təhsil Nazirliyi elmimizə nə qazandıracaq?

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.

Etiraf etmək lazımdır ki, istər təhsil, istər də elm sahəsində müəyyən problemlər mövcuddur. Odur ki, təhsil sahəsi ilə yanaşı, elm sahəsində də islahatlar aparılmalıdır. Bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) stuktur islahatlarının aparılması da vacib məsələlərdəndir. Elm və təhsil elə bir sahədir ki, orada daim yeniliklərin,  dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni qərarlar qəbul edilə bilər.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə elm sahəsi də Təhsil Nazirliyinə həvalə edilib və yeni Elm və Təhsil Nazirliyi yaradılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə həvalə edilib. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin yanında aşağıdakı agentliklər yaradılıb: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi; Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi. Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi isə əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova söyləyir ki, bu fərmanla Prezident Azərbaycanda elm və təhsilin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu: "Cənab İlham Əliyevin imzaladığı Fərman Azərbaycan elminin müasir çağırışlara uyğun olaraq inkişafını təmin etmək üçün atılmış mühüm strateji addımdır. Artıq Azərbaycanda elm köhnə ənənələrin üzərində yeni tələblərə uyğun olaraq inkişaf edəcək və beləliklə Prezidentin  ümumilikdə ölkənin iqtisadi inkişafında qarşıya məqsəd kimi qoyduğu neft kapitalını insan kapitalına  çevirmək  ideyası  reallığa çevriləcək".

Sayalı Sadıqova onu da vurğulayıb ki, qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi eyni zamanda Azərbaycan  təhsilinin  elmi tədqiqat yönümlü inkişafında imkanlarını genişləndirəcək: "Humanitar və ictimai elm sahələrinə xüsusi dövlət qayğısının bariz nümunəsi olaraq bu qurumlarda restrukturlaşmanın təşkilini  əsaslarının hazırlanması əslində bu sahə ilə məşğul olan alimlərin də qarşısına yeni vəzifələr qoyur. Xüsusilə, Azərbaycan dili, ədəbiyyatı, tarixi, fəlsəfəsi kimi xalqın inkişafının təməl əsasları olan elm sahələrinin idarəetməsinin təşkili ənənələr qorunmaqla müasir cəmiyyətin tələblərinə uyğun, yeni yanaşmalar tələb edir".

Məsələ ilə bağlı “Hürriyyət”ə danışan təhsil eksperti Kamran Əsədov dedi ki, hal-hazırda Təhsil Nazirliyi öz ətrafında ən çox insanı birləşdirən bir qrumdur: “Yəni hazırda tək Təhsil Nazirliyinə tabe olan 4432 orta məktəb, 51 ali təhsil, 56 orta ixtisas təhsil müəssisələri, 60-dan çox peşə təhsil müəssisələri məktəbdən kənar təhsil müəssisələri və yeni qərardan sonra 1693 uşaq bağçası Elm və Təhsil Nazirliyinə verildi. Bu o deməkdir ki, kifayət qədər insan bu platformanın ətrafındadır. Birmənalı şəkildə gözləyirik ki, Azərbaycanda rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında yeni nazirliyin böyük xidməti və rolu olacaqdır. Ona görə ki, hal-hazırda təhsildən haqlı gözləntilər kifayət qədər çoxdur. Çox təəssüf ki, biz hətta 30 ilə yaxın müddətdən sonra, 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı geri qaytaranda elmin rolunu orada görmədik. Daha çox xaricdən aldığımız silahlarla qələbəni təmin edə bildik”.

Ekspert bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyatda, sənayedə, turizmdə, hətta elmdə Azərbaycan elminin rolunu görə bilmirik: “Yəni bu gün Azərbaycan elmi dünyada o qədər nifuzlu deyil. Ona görə də yeni nazirlikdən gözləntilər kifayət qədər çoxdur. Mən inanıram ki, bu inkişaf həqiqətən də sözlü olacaqdır. Kağız üzərində olmayacaq. Çünki cənab Prezidentin 2013-cü ildə imzaladığı təhsilin inkişafı dövlət strategiyasının tam olaraq başa çatdığını görə bilmədik. Elm və Təhsil vəhdət halında inkişaf edəcək. Bu o deməkdir ki, strukturda dəyişiklik gözlənilə bilər. Çünki burada elm var. Mütləq şəkildə burada rəhbər və digər şəxslərin ən azından doktorantura təhsili olmalıdır. Elmi məqalələri olmalıdır. Elmi tədqiqatları olmalıdır. Bu ciddi bir məsələdir.

Biz bilirik ki, son 2 ildə Azərbaycanda təhsilin müasirləşməsi yeni texnalogiyaların tətbiqi istiqamətində irəliləyişlər var idi. İndi böyük gözləntilər var. Ən azından bundan sonrakı təyinatlarda bu sahə üzrə təcrübəsi və iş stajı olanlar bu postlarda olacaqlar. Azərbaycan elminə bu gün dövlət tərəfindən göstərilən diqqət və qayğı adekvat deyil. Ona görə də, bizim gözləntilərimiz böyükdür. Mən inanıram ki, Azərbaycan elmi ən azından 2030-cu ildə beynəlxalq rəqabətliliyə tam olaraq davam gətirəcəkdir. Özünün ixtiralarını, kəşflərini ortaya qoyacaqdır”. 

Beləliklə, Prezident İlham Əliyevin qərarı ilə Təhsil Nazirliyinin adının dəyişdirilib Elm və Təhsil Nazirliyi adlandırılmasının ölkəmizdə elm və təhsilin inkişafına səbəb olacağı haqda gözləntilər çoxdur. Təhsil ekspertinin də qeyd etdiyi kimi, istər pandemiya dövründə, istərsə də 44 günlük zəfərlə başa çatan müharibə dönəmində ölkəmizdə ciddi elmi kəşflərin, ixtiraların uğurunu, eyni zamanda elm adamlarımızın proseslərə müsbət müdaxiləsini görə bilmədik. Bu, həmçinin turizm, sənayə və s. kimi sahələrə də şamil olunur. Bütün bunları nəzərə alaraq təbii ki, elm və təhsil sahəsində aparılan islahatların cəmiyyətimiz və dövlətimiz üçün faydalı olacağına inanmaq istərdik.

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR