Təhsil nazirliyindən "Hürriyyət"in yazısına reaksiya - ŞAGİRDİ DÖYƏN DİREKTORLA BAĞLI ARAŞDIRMAYA BAŞLANILDI

2022-05-27 13:26:00

Təhsil nazirliyindən

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı artıq 1 aydır ki, məktəbə getmir. Buna səbəb Gülnar Məmmədlinin həmin məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülərək şiddətə məruz qalması, telefonunun sındırılması və sinif  yoldaşları arasında alçaldılmasıdır.

Belə ki, ciddi psixoloji problemləri olan direktor Çinarə Atayeva 26 aprel 2022-ci il tarixində əsəbi vəziyyətdə 9a sinfinə daxil olmuş, şagird Gülnar Məmmədliyə geyim forması ilə bağlı kobud şəkildə irad bildirərək əynindəki gödəkçəni çıxamasını tələb etmişdir. Bu zaman gödəkçənin cibində mobil telefon olduğunu gördükdə həmin telefonu vəhşicəsinə şagirddən alıb, yerə vuraraq sındırmış və Gülnar Məmmədlini bir neçə dəfə divara çırparaq təhqir etmişdir. Bununla da əsəbi soyumayan Çinarə Atayeva şagirdi otağına aparmış, pəncərənin ıərdələrini və qapını içəridən bağlayaraq Gülnar Məmmədlini döyərək fiziki şiddət göstərmişdir.

Direktor Çinarə Atayeva tərəfindən törədilmiş bu vəhşilik bundan qabaq bir neçə dəfə başqa şagirdlərə qarşı da törədilmişdir. İnternet xəbər saytlarında bununla bağlə kifayət qədər məlumat əldə etmək mümkündür.

Baş vermiş hadisəni müvafiq dövlət orqanlarından gizlətmək məqsədilə həmin sinifin şagirdlərinə təlimat keçirilməsi barədə Çinarə Atayeva tərəfindən sinif rəhbəri  Şəfaqət Balcanovaya tapşırıq verilmişdir. Şəfaqət Balcanova tərəfindən sinfin vatsap qrupuna atdığı səs vasitəsilə şagirdlərə baş vermiş hadisəylə bağlı məlumat verməmək tapşırığı verilmişdir.

Şagird Gülnar Məmmədli artıq 1 aydır ki, psixoloji sarsıntı keçirməsi, məktəb direktoru Çinarə Atayevadan və sinif rəhbəri Şəfaqət Balcanovadan qorxduğu üçün məktəbə gedə bilmir. Davamlı olaraq Gülnar Məmmədlinin ailəsinə direktora yaxın şəxslər  tərəfindən psixoloji təzyiqlər olunur. Şagird Gülnar Məmmədlinin intihar həddinə çatması səbəbindən ailəsi tərəfindən psixoloqa müraciət edilib.

Baş vermiş məsələ artıq araşdırılması məqsədilə Abşeron rayonunun İstintaq şöbəsinə göndərilib. Buna baxmayaraq  Təhsil Nazirliyi tərəfindən həmişə olduğu kimi direktor barədə heç bir tədbir görülmür...

Döyülən şagirdin atası İlqar Məmmədov "Hürriyyət"ə bildirib ki, övladı baş verənlərdən psixoloji sarsıntı keçirdiyinə görə, məktəbə getmir. O əlavə edib ki, nə təhsil nazirliyi, nə də Daxili İşlər Nazirliyi məsələylə bağlı heç bir tədbir gömür:

"Hələ də müraciətimizə baxılmır. Nə təhsil nazirliyi, nə də Daxili İşlər Nazirliyi heç bir tədbir görmür. Təhsil nazirliyi ilə də əlaqə saxlamışıq. O vaxtdan deyirlər ki, tədbir görəcəyik, amma heç bir tədbir görülmür. İş təhqiqatda olub. Abşeron rayon Polis şöbəsinə göndərilib. Ordan da bir xəbər yoxdur. Polisin də rəyi ortadadır. İstintaqa göndərilib. Uşağı da məktəbə göndərmirəm. Çünki övladım baş verənlərdən psixoloji sarsıntı keçirib. Direktor övladımı sinifdə və öz otağında döyüb".

Məsələylə bağlı Təhsil nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirilib ki, şagirdinin döyülməsi ilə bağlı iddia Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

"Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinif şagirdinin döyülməsi ilə bağlı iddia Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb və məktəbdə əlavə araşdırmaya başlanılıb. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat təqdim olunacaq". 

YƏHYA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya