Saat:16:59
Haqqımızda

Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni üzvlər seçilir - müzakirələr isə bitmir...

2021-10-16 10:22:00

Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni üzvlər seçilir - müzakirələr isə bitmir...

Təhsil Nazirliyi yanında İctimai Şuranın (TNİŞ) səlahiyyət müddətinin bu ilin sentyabr ayında bitməsi nəzərə alınaraq, quruma yenidən seçkilər keçiriləcək. Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb. 

Son illərdə İctimai Şuranın fəaliyyəti ilə bağlı onsuz da narazılıqlar  səngimirdi. İndi də seçki ərəfəsində təhsil ictimaiyyətində bu mövzu ətrafında söz-söhbətlər bitmir. Şuranın yeni tərkibi ilə bağlı bir-birinin ünvanına söz atanlar kim, böhtanlar səsləndirən kim. Elə bir neçə gün öncə sabiq təhsil naziri Misir Mərdanov  İctimai Şuranın sədri Şahlar Əsgərova replika atıb və bunları deyib: “İctimai Şurada çalışan adamlar arasında olmaq istəməzdim. İctimai Şuranın sədri deyir ki, o, Allahın olduğunu sübut edib. Belə söz danışan adamı şuraya sədr qoymaq olarmı? Mən olan yerdə belə adamlar ola bilməz”.

İctimai Şuranın sədri Şahlar Əsgərov isə M.Mərdanova cavab olaraq deyib ki, bu dəfə qurumun üzvlüyündə olmaq istəmir.

İctimai Şuranın yeni tərkibində kimlərin olacağı hər kəs üçün maraqlıdır. Bəs görəsən yeni üzvlər  kimlər  olacaq? Bundan sonra nə kimi yeniliklər olacaq? Bu və digər suallarla bağlı ekspertlərin fikirlərini öyrəndik.

Hurriyyet.az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a fikirlərini belə açıqlayıb:  “Təhsil Nazirliyinin nəzdində İctimai Şuranın yaradılması böyük hadisədir. Ölkə Prezidenti cənab İlham Əliyev bütün işlərində mütəmadi olaraq qeyd edib ki, ictimai iştirakçılıq olmalıdır, cəmiyyət dövlət qurumlarına nəzarət etməlidir. Eyni zamanda, baş verən hadisələri daha çevik cavablandırmaq, məmurlara çatdırmaq, həlli yollarını göstərməkdən ötrü ictimai iştirakçılıq vacib bir məqamdır. Təhsil Nazirliyində 2019-cu ildə İctimai Şura yaradıldı. Bu, böyük hadisə idi. Amma etiraf edək ki, cəmiyyətin gözləntiləri daha fərqli idi və müəyyən qədər İctimai Şuradan daha aktiv, hadisələrə daha çevik münasibət gözləyirdilər. Ümumilikdə, Azərbaycanda ictimai şuraların fəaliyyətində isə bunu biz görə bilmirik. Eyni zamanda, Təhsil Nazirliyinin nəzdində yaranmış  İctimai Şura da ölkədə təhsil sahəsində baş verən hadisələrə, proseslərə çox zəif reaksiya bildirirdi. Yaxud bildirmirdi. Bir çox hallarda isə Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti daha çox hər hansısa bir neqativ baş verəndə onu dəstəkləmək öhdəliyini yerinə yetirirdi. Çünki biz müəllimlərin işə qəbulu imtahanında, digər proseslərdə onların mövqelərini görə bilmirik. Daha çox Təhsil Nazirliyinin çıxışlarına haqq qazandırmaq mövqeyindən çıxış edirlər, halbuki ictimai iştirakçılıq haqqında qanunda tamam fərqli bir yanaşma qeyd olunur.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Kamran Əsədov: “İctimai Şuranın yeni tərkibindən gözləntilər böyükdür”

Əlbəttə, o lazımdır. Hesab edirəm ki, İctimai Şuranın iki illik fəaliyyətini ictimai müzakirəyə çıxarsaq, onun üzvlərinin böyük əksəriyyətini təhsil ictimaiyyəti tanımayacaq. Bu gün təhsil öz ətrafında iki milyon insanı birləşdirir. Bu gün təkcə bizim orta məktəblərimizdə yüz əlli min müəllim var. Ali məktəblərdə 30 min müəllim var. 190 minə yaxın tələbə var. Orta məktəblərdə 1.6 milyon şagird var. Biz İctimai Şuranın üzvlərini müzakirəyə çıxarsaq, cəmiyyət tərəfindən böyük əksəriyyəti tanımayacaq, onların fəaliyyəti ilə bağlı hər hansı bir informasiya verə bilməyəcəklər. Amma biz baxsaq, görərik ki, İctimai Şuranın iki illik fəaliyyəti ilə bağlı sənəd üzərində kifayət qədər böyük işlər, görüşlər, tədbirlər var. Mən hesab edirəm ki, gələcəkdə yeni yaradılacaq ictimai şura tamamilə fərqli bir fəaliyyət göstərməlidir. Orada birinci üzvlər bölüşdürülməli,  kimlərsə orta məktəblərə, bir qrup ali məktəblərə və peşə təhsilinə yönləndirilməli, yeni nəzarət mexanizmi həyata keçirilməlidir”.

K.Əsədov onu da əlavə edib ki, hazırda TNİŞ-nın əsas vəzifəsi və məqsədi odur ki, baş verən hadisələrə və proseslərə münasibət bildirsinlər: “İctimai Şuranın mahiyyəti odur ki, cəmiyyətdə baş verənləri dövlət məmuruna, nazirliklərə çatdıra bilsinlər. Amma biz bunu görə bilmirik. Etiraf edək ki, burada daha çox şəxsi maraqlar ön planda olur. İnanıram ki, hazırda Təhsil Nazirliyi islahatlara meyllidir,  obyektivdir, şəffafdır. Ona görə də yeni şuranın üzvləri daha fərqli fəaliyyət göstərməlidir və hesab edirəm ki, onlar  fəaliyyətləri ilə bağlı ən azı iki-üç aydan bir cəmiyyətə hesabat verməlidirlər. Xüsusən, sosial platformalarda müzakirəyə çıxarmaq lazımdır ki, bu insanların fəaliyyəti necədir? Fəaliyyətini başa vurmuş İctimai Şuranın hər bir üzvü dəyərlidir, hər biri əzizdir. Amma o fəaliyyəti Təhsil Nazirliyinin nəzdindəki İctimai Şurada görə bilmədik. Etiraf edək ki, müəyyən müəllimlər var ki, onlar öz hüquqlarının tapdandığını düşünürdülər və bu proseslərdə aktiv iştirak etmədilər. Bəzən öz maraqlarını daha çox önə çıxardılar. Seçilən şəxslər təhsilə dəstək durmadılar, yəni gözləntilər böyükdür”.

Elçin Əfəndi: Qarabağ Dövlət Universitetinin yaradılması prosesi  sürətləndirilsin

Elçin Əfəndi: “Təhsil sektorunda çalışan şəxslərin şurada təmsil olunmaları yolverilməzdir”

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı münasibət bildirib: “İctimai Şurada təmsil olunan şəxslər demək olar ki, təhsil sahəsində  vaxtilə müvafiq işlər görüblər. Amma hazırda onlar İctimai Şurada təmsil olunmalı deyillər. İctimai Şuraya yeni nəfəs lazımdır və yeni nəfəs müvafiq olaraq Təhsil Nazirliyinin işlərinə dəstək verməlidir. Eyni zamanda, ictimaiyyət üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirilməlidir. Ümumiyyətlə, təhsil sahəsində müvafiq olaraq araşdırma aparmalı və həmin araşdırmaların nəticəsində  təhsillə bağlı insanları narahat edən məsələlərin həlli yolunda işləməyi bacarmalıdır. Həm də Təhsil Nazirliyinin  işinə dəstək olmalıdır. Qeyd edim ki, Emin Əmrullayev tərəfindən artıq 2021-ci ilin  sentyabr ayında İctimai Şuranın ləğv olunması və yenidən seçkilərin keçirilməsi ilə bağlı göstəriş verilib. Artıq seçki komissiyası da yaradılıb. Oktyabr ayının 28-nə qədər namizədlərin qeydiyyatı dövrüdür. Ondan sonraki bir ay ərzində sırf namizədliyi irəli sürülən şəxslərin  ictimai şuraya üzvlüyü ilə bağlı qərarın qəbul olunması məsələsi olacaq. Burada seçki komissiyası və səsvermədə iştirak edən şəxslər əsasən vətəndaş cəmiyyəti institutunun təmsilçiləridir. Düşünürəm ki, burada da şəffaf bir seçki keçirilməlidir ki, yalnız layiqli namizədlər orada təmsil olunsunlar. Çox təəssüf edirəm ki, əvvəlki İctimai Şurada təhsil sektorunda faktiki işləyən şəxslər təmsil olunurdular. Halbuki həmin İctimai Şuranın öz qəbul etdiyi qərarların içərisində təhsil sektorunda çalışan şəxslərin faktiki olaraq orada təmsil olunmaları yolverilməz idi. Amma təəssüflər olsun ki, hazırda biz onun şahidi oluruq ki, məsələn, burada bir neçə üzv var ki, müvafiq olaraq universitetlərdə rəhbər vəzifələrində, yaxud da müvafiq təhsil məsələlərində çalışırdılar. Ona görə bütün bu kimi halların qarşısı alınmalıdır və şəffaf seçkilər keçirilməlidir. Yalnız layiq olanlar İctimai Şurada yer almalıdır. Çünki burada daimi yeniliyə ehtiyac var”. 

Yada salaq ki, şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR