Saat:08:30
Haqqımızda

Təhsil müəssisələrində təşviş - noyabrın 1-də...

2021-10-20 10:21:00

Təhsil müəssisələrində təşviş - noyabrın 1-də...

Vəziyyət daha da kritikləşsə, Bakı məktəblərində tədris tam dayandırıla bilər; ekspert xəstəliyin yayılmasında müəllimləri günahlandırıb

Məktəblərin və universitetlərin qrup şəklində distant təhsilə keçməsi  ölkədə təşvişə səbəb olub. Belə ki, oktyabrın 18-də Bakının Yasamal rayonundakı 20 saylı məktəb-lisey bağlanıb və dərslər distant formaya keçirilib. Səbəb 20 şagirdin və 15 müəllimin koronavirus infeksiyasına yoluxması olub. Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin də COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu məktəbin şagirdləri də dərsləri onlayn şəkildə davam etdirəcəklər. 

Məlumatlara görə, 53 saylı və daha bir neçə məktəb də bağlanmaq ərəfəsindədir. İddia olunur ki, əgər noyabrın 1-dək vəziyyət daha da kritikləşsə, Bakı məktəblərdə tədris tam dayandırılacaq.  Koronavirusun yayılması valideynlər arasında da ciddi təşviş yaradıb, bəziləri uşaqlarını məktəbə buraxmırlar. Üstəlik, neçə gündür ki, valideynlər arasında məktəblərin bağlanması ilə bağlı votsap üzərindən yayılan  xəbərlər bu narahatlığı bir az da artırıb.

Hurriyyet.az Yeni Müsavat-a istinadən xəbər verir ki, qeyd olunan məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda  ictimaiyyətə məlumat veriləcək.

Təhsil eksperti Etibar Əliyev mediaya açıqlamasında COVİD-in yayılmasında müəllimləri günahlandırıb: “Məktəblər açılandan, ali məktəblərdə əyani təhsilin başlanmasından sonra yoluxma halları çoxalıb. Bu, əlbəttə ki, pedaqoji heyətin məsələyə yanaşmasından asılıdır. İnsanlar vaksinasiyadan yayınırlar. Vaksinasiyadan yayılmanın özü də yoluxmanın çoxalmasına təsir edir. Müəllimlər saxta COVİD-19 pasportu alıblar və buna görə də təhsil müəssisələrində yoluxma artır. 20 nömrəli kimi böyük şagird kontingenti olan məktəbdə təhsil dayandırılıbsa, deməli, çox ciddi məqamlar var. Artıq yoluxmanın şiddətlənməsi özünü göstərir. Ancaq proqnozların irəli sürülməsi, tədrisin dayandırılması məsələsini hər həftə Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə təhlil etməlidir. Təhsil ocaqlarının yenidən qapadılmasının özünün də şagirdlərə və tələbələrə psixoloji təsiri ola bilər. Artıq yuxarı sinif şagirdləri də vaksinasiya olunur. Burada əsas daşıyıcılar yuxarı sinif şagirdləridir, yoxsa müəllimlərdir, bu, araşdırılmalıdır”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Hazırda məktəblərin yalnız lokal olaraq qapanması ilə bağlı qərarlar qəbul olunur. Ümumilikdə, məktəblərin qapanması qərarı gözlənilmir. Əlbəttə ki, əyani, ənənəvi tədrisə start verilərkən bütün bunlar planlaşdırılmışdı, hazırkı durum gözlənilən idi. Amma digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ənənəvi təhsilə keçidlə bağlı verilən qərarı çox düzgün hesab edirəm. Fikrimcə, verilən qərar doğru qərardır. Əlbəttə ki, yoluxma məktəblərdə də özünü göstərir. Orta məktəblərdə, universitetlərdə, kolleclərdə bu kimi hallar baş verir və bunlar əvvəldən gözlənilən idi. Xüsusilə mövsümi xəstəliklərin də artması özünü göstərir. İmmun sistemi zəifləmiş, qripə yoluxmuş insan koronavirusa da tez bir zamanda yoluxa bilir, xəstəliyi bir qədər də çətin keçirir. Bu amil də öz təsirini göstərdi. Bu səbəbdən də koronavirusa yoluxma sayındakı statistika, ümumilikdə məktəblərdə yoluxma sayı insanları narahat edir. Amma düşünmürəm ki, məktəblərin bağlanması ilə bağlı qərar olsun”.

İlqar Orucov: “Biz təhlükənin ciddi olduğunu və sovuşmadığını görürük”

 İlqar Orucov

Ekspert valideynləri ara-sıra yayılan, qeyri-rəsmi məlumatlara inanmamağa çağırıb: “Bunlar ”feyk" xəbərlərdir. Məktəblərin qapadılması ilə bağlı qərar Təhsil Nazirliyi tərəfindən deyil, Nazirlər Kabineti tərəfindən verilir. Valideynləri rəsmi xəbərlərə inanmağa səsləyirəm. Hesab edirəm ki, hazırda epidemioloji vəziyyət idarəolunandır. Yoluxma sayı ilə bağlı açıqlanan rəqəmlər onu göstərir ki, vəziyyət kritik deyil. Əlbəttə, pandemiya davam edir. Vaksinasiya olunmuş insanlarımızın sayı kifayət qədərdir və bu, günü-gündən artır. İnsanlar mütləq şəkildə qaydalara əməl etməlidirlər. Qaydalara nə qədər çox əməl etsək, bir o qədər yoluxmaları idarəolunan vəziyyətə gətirə biləcəyik. Bu aspektdən çıxış etsək, bu iş təkcə məktəblərin, məktəb kollektivinin, müəllimlərin üzərinə düşmür. Burada cəmiyyət bir olmalıdır. Valideynlər bu işdə çox fəal olmalıdırlar. Onlar nəzərə almalıdırlar ki, məktəbə göndərdikləri uşaqlar digər həmyaşıdları ilə təmasa meyllidirlər, onlarla daha çox  zaman keçirməlidirlər. Bu baxımdan, maarifləndirmə işləri gücləndirilməlidir. Məktəblərin qapanması ilə bağlı qərar  məsuliyyətli bir qərardır. Məktəblər bağlandığı zaman birmənalı şəkildə təhsilin keyfiyyəti aşağı düşür. Əlbəttə ki, bu, hər bir cəmiyyət üzvünü narahat etməlidir. Xüsusilə orta məktəb bazasında təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Biz həmrəylik göstərib, məktəblərin qapadılmaması ilə bağlı hansı işləri görmək mümkündürsə, onları etməliyik. Xüsusilə də qaydalara əməl etməklə bağlı.  Hazırda tədrisi dayandıraraq  distant formaya keçmək üçün ciddi zərurət yaranmayıb".

Vüqar Cavadzadə: “Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir”

 Vüqar Cavadzadə 

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə son epidemioloji vəziyyət barədə “Yeni Müsavat”a danışaraq deyib ki, artıq  növbəti epidemik alovlanma başlayıb: “Xəstələnənlərin sayı yenidən artmağa doğru gedir. Onsuz da yoluxmalar tam olaraq azalmamışdı. Dörd rəqəmli idi, amma yenidən dörd rəqəm üzərindən artmaqda davam edir. Nəzərə alsaq, ki, məktəblərin, universitetlərin və məktəbəqədər təhsil müəssisələrinin açılması bu epidemik prosesi yenidən alovlandıracaq və yoluxmalar yenidən artmağa doğru gedəcək. Hələ biz bir ay bundan əvvəl də məktəblər açılanda demişdik, proqnozlaşdırılırdı ki, artmalar olacaq. Bu gün məktəblərdə? universitetlərdə artıq yoluxmalar var. Universitetlərdə müəyyən qruplar artıq distant təhsilə keçib, orta məktəblərdə daha çox siniflər artıq distant təhsildədir, günü-gündən siniflər bağlanmaq üzrədir. Əgər bu templə gedərsə, yoluxma artarsa, təbii ki, məktəblərdə çox sayda siniflərin bağlanmasına səbəb olacaq. Ola bilsin ki, məktəblərin özü də bağlana bilər. Universitetlərdə hələ ki distant təhsilə keçən qruplar var. Bunların da sayı universitetlərdə günbəgün artır. Hesab edirəm ki, bu yoluxmalar noyabr ayında daha da arta bilər, bu gözlənilən idi. Bir infeksiyanın daha çox artması üçün ilkin mərhələdə epidemik alovlanmanın olması zəruridir. Artıq epidemik alovlama baş verib, artmağa doğru gedir. Hesab edirəm, noyabr ayında artıq yoluxmaların yüksək həddə olduğunu müşahidə edə biləcəyik. Nə etməliyik? İlk öncə onu deyim ki, biz koronavirusla birgə yaşamağa öyrəşməliyik. Koronavirus bizim həyatımızda bundan sonra həmişə müşahidə ediləcək, həmişə olacaq. Mütəmadi olaraq artacaq, azalmalar olacaq. Biz hələ ki pandemiya dövrünü yaşayırıq. Pandemiya dövründə də artıb-azalmalar müşahidə ediləcək. Bu günə kimi aparılan tədbirlər-sosial məsafə, maska taxmaq, xəstə şəxslərin vaxtında təcrid edilməsini icra etməliyik ki, yoluxmaların artmasına səbəb olmasın”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR