“Təhsil haqqı baha, keyfiyyət aşağıdır” - “Gənclər burada oxumaq istəmir”

2022-06-11 11:24:00

“Təhsil haqqı baha, keyfiyyət aşağıdır” - “Gənclər burada oxumaq istəmir”

“Tədris göstəricisinə görə tələbələrin universitetlərdən xaric edilməsiylə bağlı faktlar çox azdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Qeyd edək ki, təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı açıqlanıb. Ötən il təhsil müəssisələrindən xaric edilənlərin sayı 5610 nəfər olub. Onlardan 2670-i bakalavr, 766-sı magistratura, 1216-sı tam orta ixtisas bazası, 958-i ümumi orta ixtisas bazası üzrə təhsilalan olub.

Təhsil ekspertinin sözlərinə görə, tələbələr əsasən təhsil haqqını ödəyə bilmədikləri üçün universitetdən xaric edilir:

“Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində 250 minə yaxın tələbə təhsil alır. Təbii ki, tədris göstəricilərinə görə, xaric edilənlər çox azdır. Tələbələr daha çox təhsil haqqını ödəyə bilmədikləri üçün universitetdən xaric edilir. Belələri həddindən artıq çoxdur. Əslində, əvvəllər bu rəqəm daha böyük idi. Daha sonra Təhsil Tələbə Kredit Fondu yaradıldı. Artıq bir çox tələbələr təhsil haqqını fondun ayırdığı kreditlər hesabına həyata keçirirlər”.

K.Əsədov qeyd edib ki, tələbələr hərbi xidmətdən möhlət hüquq almaq üçün magistraturaya üz tuturlar:

“Bir məqamı xüsusən qeyd edim ki, bəzi hallarda magistratura pilləsində qovulmalara səbəb odur ki, gənclər magisturaturaya hərbi ximətdən möhlət almaq üçün qəbul olurlar. Onlar Azərbaycanda oxumaq istəmirlər. Xaricə üz tuturlar. Xaricdə cavablar gec çıxdığı üçün Bakıda da imtahan verib ixtisas seçirlər. Möhlət hüququ alandan sonra təhsillərini Azərbaycanda davam etdirmirlər. Çünki Azərbaycanda təhsilin keyfiyyəti onları qane etmir.”

Kamran Əsədov əlavə edib ki, əsas səbəb Azərbaycanda təhsil haqqının yüksək, keyfiyyətin aşağı olmasıdır:

“Təəssüf ki, bu problem təkcə magisturatura pilləsi üçün xarakterik deyil. Bu ciddi bir məsələdir. Azərbaycandan kənarda təhsil alanların sayı 41 min nəfərdən çoxdur.

Əsas problem Azərbaycanda təhsil haqlarının yüksək, keyfiyyətinin aşağı olmağı ilə bağlıdır. İnsanlar ucuz və keyfiyyətli təhsilə görə xaricə üz tuturlar. Azərbaycanda tələbə sayı azalacaq. Bu gələcəkdə problemlər yaradacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya