"Təhsil düzəlmir ki, düzəlmir..."

2022-06-15 15:30:00

Bu gün əməkdar elm xadimi, professor Şahlar Əsgərovun doğum günüdür. Görkəmli alim doğum günündə cəmiyyətin ən ağrılı problemlərindən bəhs edən maraqlı bir yazını Moderator.az oxucularına hədiyyə edib:

XX əsrdə ölkəmizin təhsil sahəsində həm struktur, həm də məzmun baxımdan mümkün olan bütün reformalar edilmişdi. Müxtəlif istiqamətlər üzrə zaman-zaman nazirliklər yaradılmış, sonra birləşdirilmişdi. Kollegial idarəetmədən sonra da menecersayağı idarəetmədən istifadə edilmişdi. Kadr dəyşiklikləri həmişə gündəmdə olmuşdu. Təhsil prosesinə pedaqoqlar cəlb edilmiş, sonra bu məqsədlə qeyri pedaqoqlardan da istifadə edilmişdi. Təhsilin məzmununda da kardinal dəyşiliklər aparılmış, sosialist məzmunlu təhsildən  və liberal dəyərlərə söykənən dərsliklərdən istifadə edilmişdi. Dəfələrlə “əlifba” əməliyatı aparmışdı. Boloniya prosesinə qoşulmuşuq, tələsik kurrikulumu qəbul etmişik. 9 ballı qiymətləndirmə şkalasın icad edib, sonra tətbiq etmişik. Mümkün olan hər şey edilmişdi, ancaq təhsil düzəlmir ki, düzəlmir.

Bu mürəkkəb vəziyyəti başa düşmək çox vacibdir. Bu müəmmalara aydınlıq gətirmək üçün ekonofizik baxışdan istifadə edilir.  

Buxarlanma. Gündəlik müşahidələr göstərir ki, açıq qabdakı ətrin, spirtin, suyun və digər mayelərin miqdarı tədricən azalır. Buna səbəb mayelərin səthdən buxarlanmasıdır. Bu hadisəni fizika elmi öyrənir. 

Buxarlanma mayenin sərbəst səthindən istənilən temperaturda baş verir. Səthdən o molekullar buxarlanır ki, oların kinetik enerjisi böyükdür. Buxarlanma zamanı mayeni kinetik enerjisi çox olan molekullar tərk etdiyindən, maye soyur. Bu hadisənin əksi də var. O da kondensasiya adlanır. Kondensasiya zamanı buxarlanmış mollekullar təzədən maye halına qayıdır.

Cəmiyyətdə də oxşar hadisələr baş verir. Gənclərin öz doğma torpaqlarını tərk edərək xaricə getməsi, enerjili molekulların səthi tərk edib buxarlanmasına bənzəyir. Millətin işıqlı və zəkal insanların xaricə getməsi toplumda bilik (işıq) qıtlığı yaradir. Bu da mayenin soymasına bənzəyir. Yəni parlaq gənclərin toplumdan “buxarlanması” (ölkədən getməsi), toplumu savad səviyyəsini yendirir, cahilləşdirir. Bu gün biz bunu müşahidə edirik. Əgər tədbir görülməsə, sabah da belə olcaq. Mənfur nəzəriyyələr (Dallas doktirinası, Sorus proqramları) belə prosesləri stimullaşdırır.

Qərbi Avropanın Danimarka, İsveçrə kimi onlarla kiçik dövlətləri var. Onlar Böyük Britaniya, Fransa, Almaniya kimi böyük dövlətlərin əhatəsində ona görə rahat yaşaya bilirlər ki, bu dövlətlər daha güclü təhsil sisteminə malikdirlər. Sadə dillə desək, böyük dövlətlər bu kiçik dövlətlərə qarşı təhsildən silah kimi istifadə edə bilmirlər. Bu bəşəri təcrübədən biz də bəhrələnməliyik. Çünki biz də böyük dövlətlərin əhatəsində yaşayırıq. Bizim də təhsil sistemimiz bizi əhatə edən böyük dövlətlərin təhsil sistemindən güclü olmalıdır. Belə olanda müstəqillik asan qorunur və təhsildən bizə qarşı silah kimi isifadə edilə bilməz. Təhsil həm də müstəqilliyi qoruyan görünməz bir zirehdir. Xaici dövlətlərin universitetlərinin filiallarının Bakıda olmasına yox, bizim universitetlərinin filiallarının xaricdə fəaliyyətinə sevinməliyik. 

20 il öncə testdən 700 bal toplamış, ulu öndər Heydər Əliyevin təbrikinə layiq görülmüş Rüfət Qaralov indi ölkəmizdə yox, ABŞ-da yaşayır və işləyir. Bizim çox talantlı gənclərimizin əksəriyyəti R.Qaralovun yolunu seçirlər. Qloballaşma dövründə onları ölkədə saxlamaq çox çətindir. Əslində, onları millət üçün “itirilmiş gənclər” hesab etmək olar. Bunun əksini fikirləşən, onlar gələcəkdə bizə diaspora yaradacaqlar, deyənlər də az deyil. İnanmıram.  Bu sui-qəsd nəzəriyyəsinin yaratdığı miflərdən biridir. Ölkəni nə qədər parlaq gənclər tərk edərsə, millətdə qaranlıq bir o qədər çox dərinləşər.

Fəxrimiz Lütfizadənin oğlu Normandan jurnalist soruşur:

Azərbaycanı özünüzə vətən hesab edirsinizmi?

Norman deyir: Xeyr.

Jurnalist: Azərbaycan sizin üçün nə anlam daşıyır?

Norman Zadəoğlu deyir: Ora atamın doğulduğu yerdir.

Sadə suallar və səmimi cavablar, əslində gələcəyə baxanlar üçün çox şey deyir. Məqsədim bu baxışı tənqid və ya təqdir etmək deyil. Məqsədim hadisənin gerçək səbəbini dərk etməkdir. Bunun üçün məlum nəticədən, nəməlum səbəbə tərəf getməliyik. Tədqiqat aparmalıyıq ki, mənfur nəzəriyənin tətbiqi altına düşməyək. 

Sual olunur, beyin axınının səbəbi nə? 

Zamanında bu sualın cavabını H.Z.Tağıyev tapmışdı. Müasir dünyada buna çarəni təhsil naziri tapa bilməlidir. 

Şübhəsiz, hər bir ölkənin gələcəyi ümumi halda gəncliyin, xüsusi halda onun talantlı hissəsinin əlindədir. Talantlı gəncliyin ölkədə qalmasının çarəsini tapmaq, adi yox, strateji məsələdir. Çünki onlar gələcəyin istehsalçıları, iş yeri açanları, ideya generatorlarıdır. Onları gümüş boşqabda hər il Qərbə hədiyyə etməməliyik. Onların ölkədən getməsi faciə kimi qarşılanmalıdır. Bu bizim istəyimizdır. Ancaq bunun tərsini istəyən qüvvələr də az deyil.

2018-ci ildə Parisdə Scientific Federationun təşkilatçılığı ilə keçrilən (İCSON-18)  konfransda bir sosial fenomen müşahidə etdim. Konfransda plenar məruzələrini ya ərəb mənşəli alimlər, ya da yapon alimləri etdilər. Diqqəti cəlb edən bu idi ki, yaponlar öz universitetlərindən, ancaq ərəblər hərə bir ölkədən gəlmişdilər. Misal üçün, konfransın açılış məruzəsini edən Mahmoud A. El-Sherif ABŞ-da işləyir. Prof. Mohamed Missous Birləşmiş Krallıqdan gəlmişdi və ifrat yüksək tezliklər elektronikası sahəsində dünyada aparıcı mütəxəsisdir. Professor Mohamed Benyoucef Almaniyanın Kassel Universitetindən gəlmişdi. 

Maraqlıdır, səbəb nədir ki, ərəb professorları öz ölkələrindən yox, inkişaf etmiş ölkələrdən (ABŞ, Birləşmiş Krallıq və Almaniya), amma yaponlar öz ölkələrindən gəlmişlər? Səbəb nədir ki, ərəb ölkələrindən çox inkişaf etmiş ölkələrə “beyin axını” var, ancaq Yaponiyadan yoxdur?

Bu suallara cavab İsrailin sabiq Baş naziri Qolda Meirin çıxışında tapdım. Xanım Qolda Meirin hesab edir ki, əgər sabahı ümidlərlə dolu olan bir ölkədə yaşamaq istəyirsənsə, onda o ölkənin vətəndaşı ölkəni yalnız məzuniyyətə gedəndə tərk etməlidir, çörək qazanmaq üçün başqa ölkələrə üz tutmamalıdır. Bunun üçün cəmi iki addım atmaq lazımdır:

1) korrupsiyaya qarşı çox ciddi mübarızə aparılmaq; 

2) müəllimlərin, həkimlərin və hərbçilərin maaşını yüksək etmək, özlərini isə cəmiyyətdə sayılan insanlar səviyyəsinə qaldırmağa nail olmaq lazımdır.

Hər bir millətin taleyi, onun vətəndaşlarının təhsil səviyyəsindən asılıdır. Azərbaycanın xoşbəxt gələcəyi talantlı gənclərin ölkədə qalmasından asılıdır. Sosial- iqtisadi mühit elə olmalıdır ki, onlar öz vətənlərinin vətəndaşı olsunlar. 

Gənclərin ölkədən “buxarlanmamasının” çarəsini bir çox dövlətlər tapıb. Onların təcrübəsindən biz də istifadə etsək, problem həllin tapar və talantlı gənclər vətəndə qalarlar. Belə olanda, Azərbaycan hər kəsin iqtisadi imkanları bərabər olduğu bir ölkəyə çevrilər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya