Tehranın iranlı ekspertin dilindən səsləndirdiyi "Paşinyanın geri çəkilməsi və Qafqaz böhanının gələcəyi" başlıqlı təşvişi...

Bütün «təxribatlara» baxmayaraq, İslam Respublikası həmişə öz “sülhməramlı” baxışı ilə Qafqaz regionunda münaqişə tərəflərini güzəştə getməyə dəvət edib. Amma Zəngəzur dəhlizi məsələsində İranın baxışı tamamilə milli maraqlar və təhlükəsizliyə əsaslanacaq. İranın Qafqaz bölgəsindəki qırmızı xətti Zəngəzur dəhlizidir.
Bu iddia ilə Qafqaz məsələləri üzrə iranlı ekspert Hirad Muxəyyeri çıxış edib.
Belə ki, Aərbaycana qarşı "qərəzli yazılar" silsiləsindən çıxış edən növbəti "ekspert" SEPAH-a bağlı "Quds Online" saytında Azərbaycan haqqında qərəzli yazı dərc edib: “Dünən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Qarabağı Azərbaycanın ərazisinin bir hissəsi kimi tanımağa hazır olduğunu vurğulayıb, bir şərtlə ki, Bakı sözügedən bölgənin erməni əhalisinin təhlükəsizliyinə zəmanət versin. Bu, Paşinyan tərəfindən böyük geri addım hesab olunur, bəs bu məsələ Qafqazdakı gərginliyin həllinə gətirib çıxara bilər? Əvvəla, qeyd edək ki, bu gün Bakı ilə müharibədən sonra Ermənistanda siyasi-ictimai şərait keçmişlə müqayisədə daha fərqli olub və bir çox tədqiqatçı, mütəfəkkir və ekspertlər Nikol Paşinyan hakimiyyətinin legitimliyini qəbul etmirlər. Hətta ABŞ da daxil olmaqla Qərbdəki erməni diasporu da bu legitimliyi şübhə altına alır. Ötən aylarda Paşinyan Cənubi Qafqazda sülh planı təklif etdi, bu isə erməni xalqı tərəfindən qəbuledilməz və məntiqsiz elan edildi və onun son açıqlamaları, şübhəsiz ki, ölkə daxilində mənfi reaksiyalarla üzləşdi və gərginliyin həlli ilə bağlı şübhələr yaratdı".
Hirad Muxəyyeri bu sözlərlə davam edir: "Digər tərəfdən, Cənubi Qafqaz regionunun “ən mühüm aktyoru və baş qəhrəmanı” İran İslam Respublikasıdır. Sülh və siyasi həll məsələsi gündəmə gəlsə, İran ona təsir edə biləcək yeganə ölkədir. Təbii ki, nəzərə almalıyıq ki, İranın şimal-qərb sərhədləri, xüsusən də İran və Ermənistanın ümumi sərhədləri ölkəmizin ciddi Axilles dabanı kimi Azərbaycan və “sionist rejimi” tərəfindən təhdid altında qalacaq və pantürkizm, pankürdizm kimi parçalanmaların yayılmasına məruz qalacaq.
Bu arada, Paşinyanın son açıqlamalarına baxmayaraq, Bakı tərəfindən “ortaya atılan” Zəngəzur dəhlizi məsələsi hələ də problematik olmaqda davam edir. Ermənistanın sərhədi İslam Respublikasının Avropa ölkələri ilə əlaqə qura biləcəyi yeganə nöqtədir və onun kəsilməsi İran da daxil olmaqla, region dövlətləri üçün təhlükəsizlik və strateji məsələdir. Biz dərk etməliyik ki, Azərbaycan tərəfi Türkiyə, “sionist rejim” və Qərbin təhriki ilə bütün diqqətini Ermənistan ərazisinə, xüsusən də Zəngəzur dəhlizinə doğru genişlənməsi, irəliləməsi və işğalına yönəldib ki, bu da İranın milli maraqlarına və təhlükəsizliyinə ziddir".
Göründüyü kimi, iranlı ekspert Tehranın qərəzli məram-məqsədini açıqlayır və illuziyaya qapılaraq İranı Cənubi Qafqaz regionunun “ən mühüm aktyoru və baş qəhrəmanı”, "sülh və siyasi həll məsələsi gündəmə gəlsə, İran ona təsir edə biləcək yeganə ölkə" kimi təqdim edir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya