Saat:15:34
Haqqımızda

Tehrandakı səfirliyimizə hücumun iki ayı: terrorçu “dəli” Yasin sağdırmı?

2023-03-28 13:15:00

Tehrandakı səfirliyimizə hücumun iki ayı: terrorçu “dəli” Yasin sağdırmı?

İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycana məlumat vermir, dəlixanaya salınan cinayətkarın öldü-qaldısından xəbər yoxdur; Çingiz Qənizadə: “İran obyektiv istintaqın aparılmasında maraqlı deyil, amma ruhdan düşmək olmaz”

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumundan iki ay ötür. “Yeni Müsavat” yada salır ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Məlum hadisə səbəbindən Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, İran istintaqla bağlı Azərbaycanın sorğusuna hələ də rəsmi cavab verməyib. “İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi barədə bizdə hansısa məlumat yoxdur”, - XİN rəsmisi qeyd edib.

Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadənin saxlanıldığı bildirilsə də, onun haqqında da heç bir məlumat verilmir. Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. Hətta onun Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar vardı.

İran son olaraq Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Bildirilirdi ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən əziyyət çəkir. Terror aktı törədən cinayətkarın azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacağı və burada müxtəlif müayinələrdən keçiriləcəyi deyilirdi. Amma o vaxtdan Yasin Hüseynzadə haqda heç bir bilgi yoxdur. Bu isə onun bəlkə də həyatda olmadığı, “xəstəlik səbəbindən öldüyü” və ya “intihar etdiyi” barədə versiyaları gücləndirir. Digər tərəfdən də İran prokurorluğunun bu teraktın istintaqını obyektiv şəkildə aparmayacağı qənaətini yaradır. Yəni onlardan ədalətli araşdırma gözləməyə dəyməz...

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə 

Bu mövzuda “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd etdi ki, İran hakimiyyəti səfirliyimizə edilmiş terror aktının ədalətli və obyektiv istintaqının aparılmasında maraqlı deyil. Hüquq müdafiəçisinin sözlərinə görə, əgər hərtərəfli istintaq aparılsa, işin arxasından SEPAH, hansısa güc və ən nəhayət, siyasi hakimiyyət çıxacaq. “Bu terror o dərəcədə həyasız və primitiv hazırlanmışdı ki, İran hakimiyyəti ifşa olunduğunu bilir. Hadisə yerinə gələn polislərin terrorçuya şərait yaratması da bunu isbatlayır. Belə olan təqdirdə istintaqın obyektiv aparılmasını gözləmək olmaz”, - deyə Ç.Qənizadə vurğuladı.

Hüquq müdafəçisi bildirdi ki, indiyə qədər Azərbaycandan gedən sorğuların heç birin cavab verilməyib: “Əslində hüquq-mühafizə orqanları səfirliyi terrora məruz qalmış dövlətin istintaq və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməlidir, bir-birinə yardım etməlidirlər. İran isə nə istintaqın gedişi, nə terror törədən şəxs haqda informasiya verir. Bu da dost olmayan bir ölkənin işi idi ki, İrandan gördük. Lakin onların hansı qərar verməsindən asılı olmayaraq molla rejiminin içüzü dünyaya bəlli oldu. Biz ruhdan düşməli deyilik və sorğumuza cavab verilməsi üçün müxtəlif kanallardan istifadə etməliyik”.

Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu da inanmır ki, İran rejimi bu silahlı basqının terror olduğunu təsdiqləyəcək: “İlk gündən hadisəyə məişət zəminində baş vermis insident donu geyindirməyə çalışdılar, bu günə qədər eyni yanaşmanı davam etdirirlər. Yasini dəlixanaya salmaqla da demək istədilər ki, psixikası guya yerində olmayan bir şəxsin öz arvadına görə törətdiyi cinayətdir. Onun hadisədən dərhal sonra bizə zəhər tökən "Səhər" kanalına çıxarılması da da sübut idi ki, İran rejimi meydan oxuyur. Bundan sonra bizə olan təhdidlər, SEPAH kanalları vasitəsilə hədyanlar yağdırılması davam etdirildi, belə olan halda hansı obyektiv istintaq aparıla bilər? Tehran rəsmiləri tez-tez sərhəddə guya “sionist rejim” olduğu haqda danışır, yəni ortalıqda bir gərginlik mövcuddur və mən belə vəziyyətdə nə Yasin Hüseynzadə, nə istintaqın gedişi barədə müfəssəl məlumat verilməsini gözləyirəm".

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan istintaqın nəticələrinin elan edilməsinə hazırlaşmalıdır: “Bunun ardınca biz beynəlxalq hüquqi müstəvidə məsələ qaldıra bilərik. Çünki səfirlik ərazisi dövlətin ərazisi hesab olunur və toxunulmazdır. Əgər səfirliyin yerləşdiyi ölkənin istintaq orqanları doğru-dürüst araşdırma aparmırsa, biz beynəlxalq məhkəmələrə müraciət edə bilərik. İlk növbədə səfirliyin bir əməkdaşı həyatını itirib, ikisi yaralanıb, onlara görə İran təzminat ödəməlidir. Həmçinin dəymiş mənəvi zərər kompensasiya olunmalıdır. Cinayət işinə gəlincə, beynəlxalq məhkəmələr bununla bağlı qərar qəbul edə bilər”.

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR