Saat:17:56
Haqqımızda

Tehran Zəngəzur dəhlizinə razılaşır - Ermənistan İran üçün alternativ ola bilmədi

2021-11-30 10:40:00

Tehran Zəngəzur dəhlizinə razılaşır - Ermənistan İran üçün alternativ ola bilmədi

Aşqabadda prezidentlərin görüşündə nələr razılaşdırıldı; ekspert: “Başa düşürlər ki, Türk Dövlətləri Təşkilatının perspektivi çox böyükdür və onunla əməkdaşlıq eləmək İrana qat-qat böyük dividentlər gətirəcək”.

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizi məsələsini müzakirə ediblər. Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Seyid İbrahim Rəisi ilə dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi aparıblar: “Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”. 

Bəs İranla Azərbaycan arasında münasibətlərin belə sürətlə və miqyaslı şəkildə düzəlməsinin səbəbləri nədir? Hansı gerçəklik İranın ölkəmizə qarşı aqressiyasını yumşaltdı? Pərdəarxası hansı məsələlər, proseslər getdi ki, İran bu qədər yumşaldı Azərbaycan qarşısında?

Azərbaycan üçün yeni platforma - Tehran Bakı ilə razılaşdı

İran prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da görüşüb. İlham Əliyev, Ərdoğan və Rəisinin görüşündən yayılan fotolar bir gerçəyi əks etdirir: Ermənistan bölgədə təkləndi! İki türk cümhuriyyəti prezidenti İranı Ermənistanla bağlı xeyli neytrallaşdıra bildi. Kasıb, ac Ermənistanla müttəfiqlik İrana nə verəcək? Heç nə! Azərbaycan və Türkiyənin timsalında Türk dünyası ilə münasibətlərin istiləşməsi isə İranı hər baxımdan qane edir. ABŞ tərəfindən sıxışdırılan, İsrail tərəfindən sıxışdırılan İranın nicatı Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdır. İranda artıq hər kəs bunun fərqinə varmaqdadır.

Türkiyə və İran prezidentləri görüşdü » Azia.az

Bu barədə politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, İranın bir neçə ay öncə Azərbaycana qarşı davranışı son prezident seçkilərində daha çox mühafizəkar xətt yürüdən qüvvələrin hakimiyyətə gəlməsinin ilkin nəticəsi idi. Bu addımların müvəqqəti olduğu və az sonra vəziyyətin müsbətə dəyişəcəyi barədə proqnozlar doğruldu: “Mən ilk vaxtdan məsələyə bu cür yanaşırdım və İranın Azərbaycana sərt münasibətinin müvəqqəti olduğunu bildirmişdim. Həmin sərt xətt düşünülməmiş ritorika idi və regionda yaranan yeni reallıqları nəzərə almırdı. Ona görə də İran bu xətti uzun müddət davam etdirə bilməzdi. Belə də oldu. İran hakimiyyəti prosesin onların maraqlarına ziyanlı olduğunu hiss elədikdən sonra gərginliyin qarşısını aldı.

İran beynəlxalq güclər, xüsusən də ABŞ tərəfindən təzyiq altında qalanda heç zaman Azərbaycan İranın maraqlarına zidd addım atmırdı. Baxmayaraq ki, buna görə Azərbaycana da təzyiqlər olurdu. Amma Azərbaycan heç vaxt İrana qarşı platsdarm olmağa razılaşmayıb. Azərbaycan açıq şəkildə bəyan etmişdi ki, öz ərazisindən üçüncü qüvvələrə İrana qarşı hər hansı addım atmağa imkana verməyəcək. Azərbaycan İrana qarşı iqtisadi sanksiyalara qoşulmadı. Hətta İranla çox böyük iqtisadi əməkdaşlıq layihəsi ortaya qoydu.

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov

44 günlük müharibədən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan-İran sərhədində olan zaman Xudəfərin körpüsünü qardaşlıq, dostluq körpüsü adlandırmışdı. Yəni Azərbaycan hər zaman İranla yaxın münasibətlərdə maraqlı olub. Amma təəssüflər olsun ki, bu yaxınlarda təxminən bir-iki ay davam edən arzulanmayan gərginlik yaşandı. Bunun da haradan və nədən qaynaqlandığı bəllidir. Lakin sevindirici hal odur ki, bu gərginlik çox da uzun çəkmədi və münasibətlər yumşalma fazasına keçdi. Bu gün isə münasibətlər istiləşib və prezidentlərin görüşündən sonra məlum bəyanatları eşidirik".

Ekspert vurğuladı ki, münasibətlərin gərginliyi İranın zərərinə sürətlə işləyirdi. İran hakimiyyəti bunun fərqinə vardı və əmin oldu ki, Azərbaycanla, Türkiyə ilə yaxın münasibətlərin, əməkdaşlığın alternativi yoxdur. Cılız Ermənistan alternativ deyil: “Azərbaycanın müttəfiqləri olan böyük oyunçular Türkiyənin və Pakistanın, həmçinin Rusiyanın İrana təsiri var. Onlar İrana öz mövqelərini bildirdilər və yaranmış gərginliyin artmasında maraqlı olmadıqlarını açıq ortaya qoydular, həm də Azərbaycanı müdafiə etdilər. İran bu amili də nəzərə aldı. Hətta Gürcüstan da İran maşınlarının Gürcüstan vasitəsilə Ermənistana keçməsinə qadağa qoymuşdu. Bu, əslində Azərbaycana dəstək idi. Yəni regiondakı dövlətlərin hamısı İranı deyil, Azərbaycanı müdafiə edirdi. İran gördü ki, belə davam etsə, Ermənistanla ortada tək qalır. İran üçün bu çox böyük risklər demək idi. Ona görə də İran zərərli yoldan vaxtında geri döndü və ən düzgün yolu seçdi. Bu yol isə Azərbaycanla, Türkiyə ilə sıx əməkdaşlıq yoludur. Aşqabadda keçirilən görüşdə bu yolun daha sıx əməkdaşlıq yoluna çevrilməsi barədə tərəflər razılaşdılar. Əməkdaşlığın dərinləşməsindən bütün tərəflər qazanacaq. Bu, xüsusən İranın maraqları üçün faydalıdır. Aşqabadda Türkmənistan qazının İran vasitəsilə Azərbaycana verilməsi barədə imzalanan sənəd tarixi bir sənəddir. Bu çox perspektivli layihədir. Qərbin təzyiqlərinin artdığı bir zamanda İran üçün Türkiyə, Azərbaycan, Pakistan kimi ölkələrlə sıx əməkdaşlıq hava və su kimi lazımdır.

İran dünyada qaz ehtiyatlarına görə ikinci, Türkmənistan dördüncü yeri tutur. Bu qədər böyük qaz ehtiyatları olan dövlətlər Azərbaycanın və Türkiyənin qaz xətləri vasitəsilə Avropa bazarlarına çıxarılır. Yəni bunun nə qədər böyük əhəmiyyətli bir layihə olduğunu nəzərə alsaq, əməkdaşlığın ölkələr üçün gətirəcəyi dividentlərin hədsiz dərəcədə nəhəng olduğunu görə bilərik".

M.Sadəddinovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının da İrana fayda gətirmək perspektivinin olduğunu Tehran artıq başa düşür: “Zəngəzur dəhlizinin açılması İran üçün şimala, qərbə dəmir yolu ilə çıxış əldə etmək imkanı açacaq. İran bundan bəhrələnə bilər. Görünür ki, artıq İran hökuməti də bunun fərqindədir. İran başa düşür ki, Türk Dövlətləri Təşkilatının perspektivi çox böyükdür və onunla əməkdaşlıq eləmək İrana qat-qat böyük dividentlər gətirəcək, nəinki heç nəyə qadir olmayan zəif Ermənistanla əlaqələr”.

Məhəmməd Əsədullazadə - Publika.Az

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan-İran əlaqələri yeni mərhələyə keçir: “İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad Zirvə  görüşü çərçivəsində prezident İlham Əliyevlə İran  prezidenti İbrahim Rəisinin görüşü baş tutdu. İranın ikinci Qarabağ  müharibəsindən sonra regionda yeni geokonfiqurasiyanı qəbul etməməsi, Zəngəzur dəhlizinə qarşı çıxması və Azərbaycan sərhədlərində hərbi təlimləri iki ölkə arasında ciddi siyasi  və  diplomatik böhran yaratmışdı. Azərbaycanın geri çəkilməməsi, prinsipial  olaraq yeni reallıqlara uyğun olaraq davranması Tehranın geri addım atmasına gətirib çıxardı. Təbii ki, burada Ankara və Moskva amilini də nəzərə almaq lazımdır.

İranın Ermənistanla yaxınlaşması və Qafan-Gorus yoluna alternativ yol çəkmək planı və İrəvanı  Azərbaycana qarşı dəstəkləməsi demək olar ki, baş tutmadı. Bakı və Tehran arasında siyasi əlaqələrin intensiv  şəkildə başlaması, XİN rəhbərlərinin mütəmadi əlaqələri müəyyən qədər Bakı və Tehran arasında buzların əriməsinə gətirib çıxardı".

Politoloq qeyd etdi ki, Aşqabadda baş tutan görüşdə İranın Zəngəzur dəhlizini qəbul etdiyi və regionda geosiyası proseslərlə barışdığı məlum oldu: “Prezidentlərin bu görüşü iki ölkə arasında böhrandan və Tehranın yeni hökuməti ilə yeni bir əməkdaşlıq mərhələsinin başlanmasıdır. Azərbaycan İrana dost əlini uzadır və Tehran bundan sonra Azərbaycana qarşı destruktiv siyasəti ən azı bir müddət həyata keçirməyəcək. Yaxşı olar ki, ümumiyyətlə, heç vaxt keçirməsin.

Nəzərə almaq lazımdır ki, İranda mühafizəkarlar və hərbçilər hakimiyyətdədir, Tehranın region siyasəti dəyişə bilər. Buna baxmayaraq, İran dəyişən regional şərtlərlə barışmağa məcburdur. Həm də İran-Ermənistan əlaqələri bundan sonra Azərbaycan əleyhinə formalaşmayacaq. Həmçinin İran Xəzərin son statusu ilə bağlı qəbul edilən sənədi parlamentdə ratifikasiya edə bilər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR