Saat:01:10
Haqqımızda

Təcili yardım çağırışa gəlməkdən imtina etdi

2022-05-17 11:21:00

Təcili yardım çağırışa gəlməkdən imtina etdi

Səhiyyət Nazirliyi məsuliyyəti TƏBİB-in üzərinə atır, TƏBİB isə vətəndaşı “borclu” çıxarır…

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinin sakini Cəsur Məmmədov “Hürriyyət”in redaksiyasına müraciət edərək bildirib ki, ailə üzvlərindən biri ürək xəstəsidir. Onun vəziyyəti ağırlaşdığı üçün təcili yardımla əlaqə saxlayan vətəndaşa bildirilib ki, biz həmin əraziyə baxmırıq:

"Evimizdə ürək xəstəsi var. Narahatlığı olduğu üçün "103" təcili yardım xidmətinə zəng etdik. Bildirdilər ki, biz o ərazilərə baxmırıq, həmin əraziyə 22 saylı poliklinika baxır.

22 saylı poliklinika ilə əlaqə saxladıq. Ordan dedilər ki, kardioqrama aparatımız işləmir. Poliklinikadan onu da qeyd etdilər ki, bunununla bağlı Səhiyyə Nazirliyinə də məlumat verilib, lakin hələ müraciətə heç bir reaksiya verilməyib.

Beləliklə, təəssüf ki, təcili yardıma ehtiyacı olan xəstəmizə yardım gəlmədi. Xahiş edirəm ki, məsələ araşdırılsın".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirildi ki, bu məsələ birbaşa TƏBİB-lə bağlıdır. Nazirlik eyni zamanda şikayətin araşdırılması üçün müvafiq məlumatları da götürdü.

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirildi ki, məsələnin araşdırlması üçün şikayət müvafiq şöbəyə bildiriləcək:

"Xəstənin vəziyyəti ağırdırsa və təcili yardım gəlirsə, o xəstəni qəbul edərək xəstəxanaya aparır. Apardığı xəstəxanada xəstəyə xidmət göstərilməsi mümkün olmadığı təqdirdə (hansısa texniki imkanlar yoxdursa) xəstəyə göndəriş tələbi verilir. Yəni xəstə digər tibb müəssisəsinə yönləndirilir. Əgər biz vətəndaşla danışarıqsa, ondan tam məlumatları öyrənə bilərik. Belə olan hallarda xəstədən məlumatlar alındıqdan sonra həkimlə bağlı lazımi tədbirlər görülür.

Məsələnin araşdırılması üçün xəstənin bizə müraciət etməsi lazımdır. Əgər tibb müəssəsində tibbi təminatla bağlı hansısa problem yaşanarsa, bununla bağlı TƏBİB-ə müraciət edilir. Təminatın yenilənməsi və problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Aparatın olmaması ilə bağlı müraciət edilibsə, qısa müddətdə təmin edilir. Yəqin ki, problemin aradan qaldırılması üçün tədbirlər görülür. Vətəndaş bizə müraciət etsəydi, problemin həlli üçün başqa bir tibb müəssisəsinə yönləndirə bilərdik. Bu məsələ baş verdiyi üçün məlumatlar aidiyyəti şöbəyə bildiriləcək. Müvafiq şöbə də öz növbəsində araşdırma aparacaq".

TƏBİB-dən isə "Hürriyyət"ə məsələnin tezliklə araşdırılacağı haqda məlumat verildi. Bir neçə saaat sonra isə qurumdan redaksiyamıza aşağıdakı kimi yazılı açıqlama daxil oldu:

“Sabunçu rayonu, Yeni Ramana qəsəbə sakini Cəsur Məmmədovun şikayəti tərəfimizdən araşdırılaraq, qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi, bu səbəbdən anlaşmazlıqların yarandığı məlum olmuşdur. 

Belə ki, Cəsur Məmmədov ürək xəstəsi olan ailə üzvünün vəziyyəti ağırlaşdığı üçün 13.05.2022-ci il tarixində saat 16.45-də “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə müraciət edib. Çağırışı qəbul edən dispetçer Cəsur Məmmədova “103” xidmətinin ilkin tibbi yardım göstərmək sahəsində fəaliyyət göstərdiyini bildirərək, daha geniş müayinə üçün vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə poliklinikaya müraciət etməsinin zəruriliyini tövsiyə edib. Buna baxmayaraq, vətəndaşın müraciəti dinlənilərək, ünvana təcili yardım briqadası göndərilib. EKQ çəkilib və ilkin yardım olunub.

Vətəndaş özü isə müayinə üçün Sabunçu rayonu ərazisində yerləşən 22 saylı şəhər poliklinikasına müraciət edib. Əslində isə qeydiyyat ünvanına görə Sabunçu rayonu, 21 saylı poliklinikaya müraciət etməli idi. Sözügedən 21 saylı poliklinikada EKQ və digər aparatlar işlək vəziyyətdədir. Vətəndaşlara keyfiyyətli tibbi yardım göstərilməsi sahəsində heç bir problem yoxdur”.

YƏHYA

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR