Teatrdan uzaqlaşdırılan xalq artisti: “Səhnənin yerini bilmirlər, amma...”

2022-06-03 00:08:00

Teatrdan uzaqlaşdırılan xalq artisti: “Səhnənin yerini bilmirlər, amma...”

“Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyev 2021-ci ilin dekabrın 29-da teatrdakı işimə xitam verdi. Teatrın repertuarındakı tamaşalarda rollar ifa etdiyimə görə məni xidməti müqavilə ilə teatrda saxlaya bilərdi. Bu yaş həddində bir necə teatrda çalışan əməkdaşlarımız var. Maraqlıdır, nə üçün onlar işdə saxlanılır, ancaq mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilir? Ad günümdə baş verən münaqişəyə görə Anar Quliyev bildirib ki, daha mənimlə işləmək istəmir. Anar bəy, siz mənimlə münaqişə yaşaya, dava da edə bilərsiniz, amma bura dövlət teatrıdır. Şəxsi teatr deyil ki, küsülü olduğunuzu əsas gətirib mənimlə işləməyəsiniz”.

Hurriyyet.az bildirir ki, bunu Teleqraf.com-a müraciətində 53 il Mingəçevir Dövlət Dram Teatrında çalışan xalq artisti Ella Yaqubova deyib.

Aktrisa baş verənləri təfərrüatı ilə saytımıza danışıb.

- 60 yaşım ərəfəsində pensiyaya çıxdım. Amma əmək müqaviləsi əsasında teatrdakı fəaliyyəti davam etdirirdim. Hazırda 75 yaşım var. Ötən il dekabrın 29-da əmək müqaviləmə xitam verildi. Əgər mən repertuarda olan tamaşalarda oynayıramsa, mənimlə xidməti müqavilə bağlana bilərdi. Amma teatrın direktoru Anar Quliyev bunu etmədi.

Dekabrın 30-da mənim doğum günüm idi. Həmin gün səhər saat 11-də teatrın direktoru məni təbrik etmək üçün toplantı təşkil etdi. Artıq eşitmişdim ki, işimə xitam verilib. Bu mənə çox pis təsir etmişdi. Axı, bircə gün gözləmək olardı.

Mən truppa müdirinə dedim ki, tədbirə gəlmək istəmirəm. Truppa müdiri təkid etdi ki, gəlməlisən. Getdim, direktorun əlində gül dəstəsi vardı, mənə hədiyyə də alınmışdı. Direktor orada deyə bilərdi ki, əmək müqaviləsinə xitam verilib, amma repertuarda olan obrazlarınıza görə sizinlə xidməti müqavilə bağlanacaq. Bununla bağlı bir kəlmə də deyilmədi. Kollektiv arasında məni təriflədi, teatrın aparıcı aktrisası olduğumu vurğuladı, daha sonra istədi gəlsin məni qucaqlasın, öpsün. Mən icazə vermədim. Ad günümdən bir gün əvvəl işimə xitam verilməsi, baş verən haqsızlıqlar mənə çox toxunmuşdu.

Ona dedim ki, pensiyaya çıxan digər aktyorları teatrda saxlamısınız. Qohumlarınızı bura yığmısınız. Mənə qulaq asa-asa gülü masanın üzərinə qoyub, üzünü çevirib getdi. Sonra Bakıda Mədəniyyət Nazirliyində deyib ki, mənim gülümü qəbul etmədi, bir tərəfə atdı. Bunlar yalandır.

Hətta belə bir ifadə işlətdi: "Gedə bilərsiniz". Sonra sözünə düzəliş edib, "kim istəyir qalsın, kim istəyir getsin" dedi. Əlbəttə, direktorun qorxusundan otaqdan olan hər kəs üzünü çevirib getdi.

Doğum günümlə əlaqədar Mədəniyyət naziri Anar Kərimov tərəfindən mənə fəxri fərman göndərildi. Teatrda mənə təqdim olunmalı fəxri fərman bir fəhlənin qoltuğuna verilib evimə göndərildi. Soruşuram, Mədəniyyət nazirinin fəxri fərmanı fəhlənin qoltuğuna vurulub evdə təbrik olunur?

- Sizə qarşı bu cür münasibətin səbəbi nədir?

Bilir ki, onun nöqsanlarından xəbərdaram. Ona görə məni teatrdan uzaqlaşdırmaq lazım idi.

- Hansı nöqsanları nəzərdə tutursunuz?

- Teatrımızda bir qrup aktyor və aktrisa var ki, özlərini səhnəyə fəda ediblər. Amma aşağı kateqoriya ilə maaş alırlar. Teatrda “ölü canlı”lar da var, heç bilmirlər səhnə haradadır, pərdə necə açılır... Aktyor və aktrisa kimi qeydiyyata salınıb, yüksək dərəcə ilə maaş alırlar.

- Teatrın aktyor heyəti neçə nəfərdən ibarətdir?

- 22 nəfər ştatdadır. Teatrın yeganə xalq artisti mənəm. Hazırda 18 yetirməm teatrın tamaşalarında səmərəli fəaliyyət göstərir.

- Siz Mingəçevir Teatrına Gəncə Teatrından gəlmisiniz?

- Gəncədə dünyaya göz açmışam. Atam hərbçi olduğu üçün dördüncü sinifdən sonra Bakıya köçmüşük. Bakıda Mədəni-Maarif Texnikumunun “Aktyorluq, bədii rəhbər” şöbəsini bitirmişəm. 1966-cı il aprel ayının 10-da təyinatla Gəncə Teatrına gəlmişəm. Orada “Almaz”da Almaz, “Solğun çiçəklər”də Sara, “Aydın”da Gültəkini canlandırmışam.

1968-ci ildə Mingəçevirdə teatr açılanda Mədəniyyət naziri məni və bir neçə yoldaşı köçürmə yolu ilə Mingəçevir Teatrına keçirdi. Altı ay iki teatrda işlədim. Mingəçevir Teatrında məşqlərimi edib, Gəncə Teatrına rollarımı ifa etmək üçün ora gedirdim.

Yavaş-yavaş obrazlarım başqa adamlara veriləndən sonra fəaliyyətim tamamilə Mingəçevir Dövlət Dram Teatrına bağladım.

- Razılıq verməkdə tərəddüd etdinizmi?

- Gənc şəhər, gənc teatr idi... Mingəçevirə bir çox teatrlardan aktyorlar dəvət olundu. Ona görə deyirəm ki, 1968-ci ildə bu teatrın yaranışında 5-10 nəfər olubsa onun ikinci, üçüncüsü mən olmuşam.

Mingəçevir Dövlət Dram Teatrı 1969-cu il martın 28-də Beynəlxalq teatr günü münasibətilə öz pərdələrini Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə açdı və mən Mingəçevir tamaşaçıları qarşısında debüt olaraq Almaz obrazında çıxış etdim. 53 illik səhnə fəaliyyətim müddətində 330-dan artıq əsərdə bir-birindən maraqlı obrazlar oynamışam.

Eyni zamanda şəxsi təşəbbüsümlə “Ümid” Teatr studiyasını yaratmışam. Məqsəd istedadlı gənclərin teatra cəlb edilməsi idi.

Daha sonra region teatrlarında ixtisaslı kadr problemini qismən də olsa aradan qaldırmaq məqsədilə mənim təşəbbüsümlə Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə verdiyi əmrə əsasən digər teatrlarda da “İkinci nəfəs” teatr studiyaları təşkil edildi.

Əbülfəs Qarayevin zamanında nazirlikdən nümayəndələr gəlib studiyanın fəaliyyəti ilə yaxından tanış oldular. Qəmər xanım, Sərvər Əliyev teatrda master-klass keçdilər. Orada gənclərə səhnə hərəkəti, səhnə texnikası, səhnə danışığı, həmçinin teatr tarixi ilə bağlı məlumatlar verilirdi.

Məni ən çox maraqlandıran odur ki, digər teatrlarda 75 yaşı adlamış bir çox sənətkarlar fəaliyyətlərini davam etdirirlər. Rafiq Əzimovun, eləcə də digər sənətkarların neçə yaşı var? Allah bütün sənət adamlarına can sağlığı versin. Akademik Milli Dram Teatrında, Gəncə Teatrında, Lənkəran Teatrında fəaliyyət göstərən yaşlı aktyor və aktrisalarımız var. Axı, yaşlı nəsli quyuya atmaq lazım deyil... Gənclər yaşlı nəsildən bəhrələnirlər.

Eyni zamanda Mingəçevir Teatrında rejissor kimi işləmişəm. Xalqın ağrılı-acılı günlərində vətənpərvər mövzuda “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” tamaşa-kompozisiyalarının quruluşçu rejissoru, eləcə də ssenari müəllifi olmuşam.

Teatrda səmərəli fəaliyyətimə görə “Tərəqqi” medalı, əməkdar artist, xalq artisti, Teatr Xadimləri İttifaqının “Sənətkar” medalına, bir neçə dəfə Prezident mükafatına layiq görülmüşəm. Həmçinin əmək veteranıyam. Dövlətimdən razıyam.

- Ella xanım, Mədəniyyət Nazirliyinə müraciət etmisiniz?

- Bəli, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya,Mmədəniyyət naziri Anar Kərimova yazılı müraciət etmişəm. Bu dediklərimin hamısını həmin məktublarda öz əksini tapıb.

- Nazirlik müraciətinizə cavab veribmi?

- Dəfələrlə məktub göndərəndən sonra, nəhayət, Mədəniyyət naziriinn müavini Elnur müəllimlə görüş təyin edildi. Mən orada da faktlarla danışdım. Bildirdim ki, səhnə fəaliyyətim və sağlamlıq dərəcəm tam yerindədir, səhhətimdən heç bir şikayətim yoxdur.

Mən sənətimə bağlı biriyəm. Təsəvvür edin, qızım dünyaya göz açandan beş saat sonra səhnədə tamaşa oynamışam. Canlı şahidlərim də var. Həkimləri aldadıb, xəstəxanadan qaçıb, teatr gedib, “Anda xəyanət” tamaşasını oynayıb, qayıdıb gəlmişəm xəstəxanaya. Səhnə fədaisi necə olur?..

5 ildir Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdünü almaq üçün Mədəniyyət Nazirliyinə sənədlərim göndərilir. Yenə deyirəm dəfələrlə müraciətlərim olub. Mənimlə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasını, Prezidentin fərdi təqaüdünə məni təqdim etmələri üçün xahiş etmişəm.

Düşünürdüm ki, bu il fərdi təqaüd olanların siyahısında yer alaram. Siyahı çıxdı, lakin adımı orada görmədim. Prezidentin fərdi təqaüdünün maddi tərəfindən daha çox qüruru, şərəfi, fəxarəti daha önəmlidir.


Müəllif: Nərmin Muradova

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya