Saat:05:06
Haqqımızda

“Teatra ancaq əyləncə vasitəsi kimi baxmaq lazım deyil” – MEHRİBAN ƏLƏKBƏRZADƏ / III HİSSƏ

2024-05-06 12:51:16

“Teatra ancaq əyləncə vasitəsi kimi baxmaq lazım deyil” – MEHRİBAN ƏLƏKBƏRZADƏ / III HİSSƏ

Mehriban Ələkbərzadə: “Teatr həyati vacib olan sualların cavab tapdığı yüksək instansiya və məkandır”

“Canlı sənətə müəyyən baza ilə baxan, aktyorların ifasından ala biləcəyi, rejissorun ona ötürə biləcəyi mesajı tuta bilən tamaşaçı istəyirəm”

Müsahibimiz Akademik Milli Dram Teatrının Bədii rəhbəri, rejissor, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadədir. Uzun illər öncədən aparıcı, araşdırmaçı kimi insanların sevimlisinə çevrilən Mehriban xanımla müsahibəmizdə “Azdrama”dakı fəaliyyəti, ümumiyyətlə Azərbaycan teatrının durumu haqda suallara cavab tapmağa çalışdıq.

(Əvvəli bu linkdə: “Milli Dram Teatrına 30 ilin davamını qurmağa gəldim”)

- Mehriban xanım, sizi tamaşaçılar vaxtilə “Space TV”-də yayımlanan “Qırmızı terror və ya Mircəfər Bağırov” adlı 4 seriyadan ibarət bədii-sənədli filminizlə və o kimi qeyri-adi silsilə proqramlarınızla da tanıdı. Televiziya rejissoru ilə teatr rejissoru olmağın hər hansı fərqli xüsusiyyətləri varmı?

- Rejissor rejissordur. Amma mən orda tək rejissor deyildim, müəllif-aparıcı-rejissor idim. İlk müəllif proqramlarına 93-94 cü illərdə AzTV-də başladım. "Teleportret rakursunda", "İnsan, fövqəlinsan" kimi müəllif verilişlərimlə. Daha sonra “Space TV”-də çalışdım.  Burada müəllif proqramlarına tarixi-bədii-sənədli filmlər də əlavə olundu. Dediyiniz film tarixi-bədii-sənədli film idi - “Qırmızı teror və Mircəfər Bağırov”.  Mən özümü daha çox tarixi araşdırma janrında görürdüm. İndi də çox həvəsim və meylim var. Amma, əlbəttə, teatr rejissoru tamam ayrı müstəviyə yönəlir, başqa hədəflərə çalışır. Televiziyada tarixi-bədii-sənədli film çəkən rejissordan başqa, teatr tamaşalarında tamam fərqli bacarıqlar tələb olunur. 

Əslində, dediyiniz “Qırmızı teror və Mircəfər Bağırov” filmindən ta “Kod adı V.X.A”ya qədər uzun, onun ardı kimi 21 il, 22 il yol gəldi. O filmdə qoyulan baza “Kod adı V.X.A”-ya çevirildi. Yəni bu 21 il mənim içimdə daşıdığım mətləblər vardı ki, “Kod adı V.X.A” pyesinə çevrildi. Bir də görürsən hansısa oçerk, kiçik bir esse yazıram, görürəm o tarixi araşdırmalar sevgisi özünü göstərir. Məsələn, “Əsrə bərabər gün” mənim 8-ci sinifdə oxuduğum zamandan gəldiyim yolun sonucudur.

Bu gün konkret teatr rejissoruyam, məmləkətimin mədəniyyət siyasətini yerinə yetirirəm.  Amma hər ikisində, bəlkə də üçündə, mən həm də film-sinema rejissoru kimi bədii film rejissoruyam, rejissorun mütləq görüş bucağı, təxəyyülü, hədəfi var. Vasitələr, taktik gedişlər fərqlidir. Amma məqsədi heç də dəyişmədim, eyni işi görürəm. Sabah hansısa sənədli, tarixi dram olacaqsa, onun üzərində eyni araşdırmanı edəcəm. Təbii, üslub, çalışma metodu olaraq fərqlidilər.

- Sizcə, bu gün tamaşaçıların teatrdan istəyi nə ola bilər?

- İstəyirəm “nə ola bilər” yox, “nə olmalıdır” sualını cavablandırım. Mən istəyərəm ki, tamaşaçı canlı teatr sənətini anlasın. Bilsin ki, teatra əylənməyə gəlmir. Əylənmək üçün nə qədər yollar var. Kompüter oyunları var, komediya janrında sitkomlar var. Amma əgər sən canlı hadisələrin içərisinə girərək, iştirakçı da olmaq istəyirsənsə, bu zaman teatra gəl. Əlbəttə, teatrda hazırlanan komediyanın özündə də mütləq maarifçi xətti görməyə hazır olan tamaşaçı istəyirəm. Canlı sənətə müəyyən baza ilə baxan, aktyorların ifasından ala biləcəyi, rejissorun ona ötürə biləcəyi mesajı tuta bilən tamaşaçı istəyirəm. Məhz o əsərlərlə tanış olaraq, səhnə ilə beynində müqayisə edə bilən tamaşaçı istəyirəm. Rejissorun nə demək istədiyini, rejissorun görmək istədiyi dünyanın təsvir və hadisələrin təqdimindən başqa, onun mesajını anlaya bilən, onu qəbul edə bilən tamaşaçı istəyirəm. Bir sözlə, teatrı sevən, teatra ehtiyacı olan tamaşaçı görmək istəyirəm. İncəsənətin müxtəlif növləri içində ən çətini olan teatrı, canlı sənəti anlayan tamaşaçı istəyirəm.

- Müəyyən ziyalı kütləsi də var ki, teatrdan narazıdır…

- Narazı qalanlar elə əyləncə istəyən tamaşaçılardır. Ziyalı böyük ifadədir. Savadlı olmaq hələ ziyalı olmaq deyil. Bu, həm də formalaşmış zövq deməkdir. Tamaşaçı var ki, gəlib oturub tamaşaya baxır, “çox darıxdırıcıdır, mən əylənmək istəyirəm” deyir, komediya axtarır. Mən komediya janrının əleyhinə deyiləm. Amma teatr düşünmək üçündür. Teatra gələn adam düşünməyi bacarmalıdır. Düşünmək istəməyən, əlbəttə ki, gördüyünü beyninə ötürə bilməyəndir. O, darıxar…

- Bəzən teatr üçün yeni pyeslərin yazılmamasından da giley olur. Bu haqda siz necə düşünürsünüz?

- Yeni pyeslər həddindən çox yazılır. “Yazılmır” demək səhv olar. Bizə göndərilən pyeslərin sayını desəm nə qədərdir… çoxdur. Amma keyfiyyətlidirmi? Dramaturgiya kanonlarına yaxln gəlirmi? Bu başqa sualdır.

Yəni pyes adı altında çox şey yazılır. Amma onlar bilməlidirlər ki, əvvəla bura Akademik teatrdır, milli teatrdır, bölgə teatrı, özfəaliyyət teatrı deyil. Akademik Milli Dram Teatrının aktyorlarına mükəmməl iş vermək lazımdır. Yazılan əsərlərin doxsan faizi bitkin dramaturgiya ölçülərinə cavab vermir. Yazarlar çoxdur… Necə gəldi yazırlar, necə gəldi səhnəyə çıxarırlar. Dramaturgiyanın onurğasını zədələyərək, teatrı da əsas yolundan çıxarırlar. 

Əlbəttə, bizim gözəl yazarlarımız var. Elçin, Anar, Əli Əmirli, Afaq Məsud, Kamal Abdulla, İlqar Fəhmi, İsmayıl İman və s. Bax, bunlar dramaturgiya janrına tam uyğun əsərlər yazırlar. Amma yeni müəlliflərə baxırsan, onların əsərlərini bəlkə də bölgə teatrında istifadə etmək olar, çox təəssüf ki, Akademik Milli Dram Teatrın miqyasına uyğun gəlmirlər. Teatr “nədən” çox, “necə” deməlidir. Çünki teatr ədəbiyyat deyil. Dramaturgiya çox mürəkkəb janrdır. Yaxşı roman, hekayə yazmaq, hələ dram yazmaq deyil.    Mən demirəm ki, bu asandır, ya çətindir. Amma hər halda, bu peşəkar və dəqiq janrdır. İndi “dramaturq” adlandırılan o qədər yazar var ki, onlar çox gözəl roman, hekayə, povest yazıblar... Amma dramaturgiyada uğur qazana bilmirlər.

- Son dəfə hansı aktyorun, aktrisanın yaratdığı obraz Sizi sözün əsl mənasında heyrətləndirib?

- Heyrətləndirmək deyəndə ki… Bir neçə il əvvəl İmadəddin Nəsimiyə ithafən tamaşa hazırladıq (yazar İ.Fəhmi). Nəsimini Ziya Ağa oynadı. İlahi, intellekt, ruh, bədən, dil, yanaşma, hədəf baxımından belə də transfer ola bilərmi?! Mən Ziya ilə işləyəndə çox heyrətlənirdim. Ziya universiteti yeni bitirmiş gənc idi. Bilirsiniz ki, İmadəddin Nəsimi artıq brend olaraq Rasim Balayevlə bağlı obrazdır. Buna rəğmən, bu, çox cazib tamaşaya çevirildi. Ziya Nəsimini o qədər maraqlı canlandırır ki, tamaşaya bir dəfə gələn ikinci dəfə yenə gəlir. Çünki insana ruhi varlıq kimi göstərən tamaşadır. İfaçı obrazı tam anlayaraq, onu hiss edərək yaratmışdı. Bir gənc üçün Nəsimi heyratamiz inkaası.

Məsələn, mən "Əsrə bərabər gün"dən danışmaq istərəm. Hələ ki, son işimdir…. Yedigey obrazından bəhs edim. “Yedigey”i Nürəddin Mehdixanlı oynayır. Bu “Yedigey” obrazı aktyorun boyuna, səsinə, enerjisinə biçilib. Yəni “Yedigey” uzaq Qazaxıstanın çöllərində Çingiz Aytmatovun protitipi olan bir obrazdır. Onun intellekti, onun müdrik, fəlsəfi baxışı… bu da obrazın aktyora mükəmməl bir transferi idi.

- “Azdrama”da hansı yeni tamaşaları gözləyək?

- Sizə 2024-cü ilin nəzərdə tutulan repertuarını deyə bilərəm. Repertuarımızda Hüseyn Cavidin "İblis”i, Şeksprin "Kral"ı, “Aydın”, "Lənkaran xanın vəziri”, "Qarabağnamə"nin yenidən işlənməsi var. 44 günlük savaşımızdan bəhs edən “Torpaqlar”, Dəfn olunmamış ölülər” də var. Nəzərimizdə Elçinin, Kamal Abdullanın da əsərləri, klassik və müasir Azərbaycan dramaturgiyası var. Sağlıq olsun… 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214008