Tbilisi Vaşinqtonu ittiham edir
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan ABŞ-ı ölkədə keçirilən seçkilərə müdaxilə etməkdə ittiham edib.
Hakim "Gürcü arzusu" partiyasından seçilmiş deputat Givi Mikanadze parlament seçkiləri ərəfəsində Amerikanın Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməsinin, seçkiqabağı prosesə müdaxilə demək olduğunu bəyan edib.
O, bir neçə gün bundan əvvəl Dövlət Departamentinin Gürcüstan DİN-in xüsusi tapşırıqlar departamentinin başçısı ilə müavininin qara siyahıya salındığını bəyan etdiyini xatırladıb. Mikanadze sanksiya səbəbləri ilə bağlı heç bir dəlilin təqdim edilmədiyini, bu addımın qətiyyən əsaslandırılmadığını qeyd edib.
Bundan başqa, ABŞ onlarla yüksək vəzifəli məmurun - hökumət və bələdiyyə işçilərinin, deputatların və onların yaxınlarının viza sanksiyası siyahısına salındıqlarını bəyan edib.
Mikanadze deyib: "Seçkiqabağı dövrdə xarici dövlətin bu cür addımları seçkiqabağı prosesə müdaxilədir və seçicilərin iradəsinə təsir göstərmək cəhdidir".
Gürcüstan parlamentinə seçkilər oktyabrın 26-da keçiriləcək.
Hürr Tərcüman