TARİXƏ QISA EKSKURS - Ya da qoyun biz gedək, sonra kimi istəyirsiniz tərifləyin
1923-cü ildə məşhur zadəgan nəslinin nümayəndəsi Aleksey Tolstoy mühacirətdən qayıdaraq sovet hakimiyyətinə canla-başla qulluq edəcəyini bildirdi. Kommunistlər onun üçün hər şərait yaratdılar, əvvəlki mal-mülkü özünə qaytarıldı, sonra da əsərləri görünməmiş tirajla çap olundu, ənamlar, orden-medallar da dolu kimi yağdı. A.Tolstoy da borclu qalmadı, neçə-neçə böyük tarixi əsər ortaya qoydu. O təntənəli hökumət tədbiri yox idi ki, orada Tolstoy kommunist, daha dəqiq desək, Stalinin üsul-idarəsini tərifləməsin. Həyatdan kam alan Tolstoy əsl sibarit kimi yaşayırdı. “Sibarit” sözünün mənasını kim bilməsə də, bizim doğma YAP-ın knyazları yaxşı bilirlər.
1939-cu ildə Polşanın şərq vilayətləri işğal ediləndə artıq sovet rejiminin ərköyün balasına dönmüş A.Tolstoyun göstərişi əsasında tarixi bir qəsrdən qiymətli parketi söküb onun bağına aparırlar. Bu əsl qarət idi, amma heç kim qorxudan dillənmir. Əhvalatdan Stalin xəbər tutur və günlərin bir günü Kremldə söhbət əsnasında ölkənin ən tanınmış şəxslərinin yanında, o, Tolstoya “mədəni silləni” çəkir: - Yoldaş Tolstoy, mən elə bilirdim siz doğrudan da qrafsınız.
Əlbəttə ki, qanan adam üçün bundan böyük həqarət ola bilməzdi. Düzdür, Tolstoyun kitabları yenə də nəşr olunurdu, fantastik qanorarlar alırdı, amma ölənə qədər daha əndazədən çıxmadı, Stalin bir sözlə onun “köpünü” almışdı.
...İkinci dünya müharibəsi bitəndə sovet hökumətinin xüsusi qərarı ilə Almaniyadan evə qayıdan əsgər və zabitlərə müəyyən hüquqlar verildi. Belə ki, hər bir döyüşçü qənimət kimi almanların evlərindən, dükan və mağazalarından istədiyini götürə bilərdi. Bu barədə ruslar yazır, amma bizim yaltaqlar susurlar. Hərbi cəhətdən məğlub olmuş Almaniya total qarət və talana məruz qaldı. Adi əsgərin çantasına qoyduğu beş-on çəngəl-bıçaq, ya da pal-paltar iri rütbəli zabitlərin qarət etdikləri sərvətin yanında heç nə idi. (İllər keçəcək, adlı-sanlı sovet marşallarının dünya şöhrətli sənət əsərlərini necə oğurlamaları üzə çıxacaq).
...Keçid məntəqələrinin birində adlı-sanlı bir general-polkovnikin iki yük maşınını yoxlamaq üçün saxlayırlar və nədənsə şübhələnib buraxmaq istəmirlər. General-polkovnik birbaş Stalinin özünə müraciət edir. Stalin onun ərizəsinə belə dərkənar yazır: “Polkovnikin zir-zibilini özünə qaytarın!”. Zabit burada səhvə yol verildiyini deyəndə, Stalin onun artıq general yox, adi polkovnik olduğunu söyləyir. Dövlət rəhbəri azğınlaşmış saldofonu belə cəzalandırır.
Üçüncü epizod
Ötən əsrin 30-50-ci illərində ölkənin ən populyar adamları Arktikada çalışanlar, təyyarəçilər və “çekistlər” idilər. Şimal qütbündə bir müddət tədqiqatlar aparmış qrupun rəhbəri Papaninin adını hətta pionerlər də bilirdilər. O, hər cürə ali rütbəyə, ada, mükafata layiq görülmüşdü. Xudmani bağ evi ola-ola İ.D. Papanin əlavə bir möhtəşəm villa da tikdirir və çoxlu qonaq dəvət edir. O illərdə SSRİ hələ ağır iqtisadi vəziyyətdə idi. Bəli, kef məclisinin şirin çağında Stalin gəlir. Hamı gözləyir ki, ölkənin rəhbəri görən nə deyəcək. Stalin Papanini bu imarəti ilə təbrik edərək ağır-ağır dillənir: “Yoldaş Papanin əsl kommunist olduğunu bir daha sübut etdi, eşitdiyimə görə, o, bu gözəl sarayı yetim-yesir uşaqlara verib”. Rəhbərin bu sözü ilə məsələ həll olur, burada yetimxana açılır.
...Bəli, Stalin türk xalqlarının ən böyük bədxahı idi. İndiki Putin “imperiyası” məhz onun qoyduğu özüllərinin, irsin üzərində bərqərardır. 1950-ci illərdə SSRİ adlanan dövlətdə islah-əmək düşərgələrində, məhbəsdə, məxfi hərbi zavodlarda 25 milyon məhkum vardı. Nə Stalini, nə də onun dövrünü ideallaşdırmaq fikrində deyiləm. Sadəcə olaraq bir neçə faktı deməliyəm. Yazdıqlarım təkcə mənim fikirlərim deyil, eyni etirafları rusların bütün adlı-sanlı şəxsləri də edib. 1941-ci ilin yayında və 1942-ci ilin ortalarında SSRİ bir milyondan çox əsgər və zabit itirmişdi, aviasiya demək olar ki, yox idi. Mühüm sənaye mərkəzləri dağıdılmış, ölkənin Avropa hissəsi əldən getmişdi. Otuza qədər general almanların tərəfinə keçmişdi. Rus şovinistləri diş qıcaya-qıcaya etiraf edirlər ki, gürcü Stalinin yaratdığı hərbi sistem və təhlükəsizlik aparatı dövləti fəlakətdən xilas etdi.
Əslən yəhudi olan L.M.Kaqanoviçin səyi nəticəsində dəmir yolu saat mexanizmi kimi dəqiq işləyirdi, bu da nəhəng ucsuz-bucaqsız ölkə üçün həyat demək idi. İdeoloji partiya işinin yüksək səviyyədə olduğunu bircə faktla sübut etmək olar. Sərhəd və xalq daxili işlər komissarlığının hərbi bölmələrində qulluq edən bir sıravi, bir zabit əsir düşməmişdi.
...Repressiyadan danışırıq, amma elementar paxıllıq ucbatından Əhməd Cavaddan, Müşfiqdən, Hüseyn Caviddən və digər istedadlı qələm sahiblərindən “danos” yazanlardan, onların indi də həyasızcasına yağ-bal içində yaşayan xələflərindən danışmırıq. Bütün bunlar müstəqil Azərbaycanda baş verir... Dilləri gödək xələflərin nə hünərləri var indi durub hansısa qanunsuzluqdan dəm vursunlar?
Uzun illər Ramiz Mehdiyevin idarə etdiyi ideoloji aparatdan bunlara belə əmr verilib, xalturanızı edin, icazə verilən çərçivədə tənqid, filan öz yerində, sizlərin simasız, bivec fəaliyyətinizə vətənpərvərlik donu geyindirən tapılacaq. Hansı tarixi şəxsiyyəti istəsəniz, gorbagor edə bilərsiniz, əleyhinizə çıxanlara divan tutmaq bizim işimizdir.
...Bu otuz ildə elə rəzalət oldu ki, biz görməyək?! Anarın bayrağı altında olan qoşun-ləşkərdən bir nəfərin cınqırı çıxdı? Bunlar çörəyini yedikləri üsul-idarəni də adam kimi nə mədh edə bilirlər, nə müdafiə, Azərbaycanın elə klassiki qaldı ki, əsərlərinə əl gəzdirilməsin? Dəlləkliyi Mirzə Cəlilin əsərlərinin başında öyrənənlər nə istədilər onu da elədilər. Hamı susdu! “Kor kor, gör gör”dür ki, Qarabağ vaqiələri lotu sürüsü üçün Klondayka dönüb. Kim nə sayıqlasa, kim nə gəvəzələsə, keçir, əsas odur ki, yerində Prezidentin ünvanına beş-on tutarlı söz işlət, bundan sonra heç kimin sənə söz deməyə cürəti olmayacaq.
...Neçə vaxtdır “Mədəniyyət” telekanalında bizim müstəmləkə ədəbiyyatının neandertal dövrü xadimlərinin ünvanlarına tərif yağdırılır. Dəfələrlə Flora Xəlilzadə kimi alimnümalara müraciət edərək yazmışam ki, bəsdirin camaatı ələ saldınız, axı biz bu təriflədiyiniz “korifeylərin” dabbağda gönünə bələdik. Onlar bu zavallı millətin zombiləşdirilməsində Moskva kommunist irticasına ömürləri boyu canla-başla qulluq ediblər. Kimə deyirsən? ... Dəfələrlə, telekanalları inhisara almış qondarma “mütəxəssislərə”, filoloqlara müraciət etmişəm, ağalar, köhnələrdən, yəni çox sirrləri bilənlərdən beş-on nəfər qalmışıq, biz də əzab içində can çəkirik, qoyun biz gedək, sonra kimi istəyirsiniz tərifləyin! Sələfləriniz mücahidlərin axırına çıxdılar, ölüm-zülümlə qazanılmış müstəqillik dövründə gəncliyin beynini murdarlamayın. Başqa cür pul qazana bilmirsiniz?
Firuz HAŞIMOV
P.S. “Mədəniyyət” telekanalı çoxdandır bir neçə psevdofiloloqun cövlangahına dönüb. Xalqın mənən şikəst edilməsində Moskva irticasına qulluq etmiş o nakəs qalmadı ki, burada “reanimasiya” edilməsin. Bunları bir-bir ifşa etmək çətin də deyil, sadəcə dərin ikrah hissi qoymur. Amma bu kanalı inhisara almış alimnümalara bir tövsiyəm var, vaxt tapan kimi, Qazaxın ən gözəl yerlərini atasının malı kimi ermənilərə peşkəş etmiş Kamran Bağırova da bir verilişi həsr edin. Qoy Flora xanım bu cəhənnəm zəbanəsinin müsavat ideyalarına sədaqətindən, millətçiliyindən danışsın.