Tarif Şurası cəllada bənzədildi: - “Cəlladların da üzü bağlı olur”

2022-05-27 14:26:00

Tarif Şurası cəllada bənzədildi: - “Cəlladların da üzü bağlı olur”

Türkiyədə benzinin qiymətində 1,02 TL (10.02 qəpik) endirim qeydə alınıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, endirimdən sonra İstanbulda benzin 22,84 (2.37 manat) lirəyə, Ankara və İzmirdə 22,95 (2.38 manat) lirəyə düşüb. Qeyd edək ki, Türkiyədə benzinin qiyməti 19 may 2022-ci il tarixindən 1,4 lirə artırılmışdı. Endirimdən öncəki qiymət İstanbulda 23,86 lirə (2.48 manat), Ankara və İzmirdə 23,97 lirə (2.49 manat) idi. Qeyd edək ki, ölkəmizdə benzinin qiyməti dəyişməz qalır.

Azərbaycanda isə yanacağın -benzin və dizelin qiyməti ilə bağlı proqnoz vermək çətindir. Bu barədə Azərbaycanın ən böyük yanacaqdoldurma şirkətlərindən biri olan “Azpetrol”un rəhbəri Ceyhun Məmmədov bildirib.

“Dünya bazarında neftin qiymətinin yüksək olduğu bir vaxtda Azərbaycanda benzin və dizelin qiymətində də artım olan bilərmi?” sualına cavab verən C.Məmmədov deyib:

“Bizim şirkət Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsi olan şirkətdir. Bizim fəaliyyətimiz sürücülərə AI-92, dizel yanacağı və Premium markalı yanacağın satışını həyata keçirməkdən ibarətdir. Bildiyiniz kimi, AI-92 markalı və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunur. Premium markalı, Avropadan idxal olunan yanacağın qiyməti isə Avropa bazarlarında “Platts European Marketscan”a uyğun dəyişə bilər. Buna görə də yanacağın qiyməti ilə bağlı proqnoz vermək çətindir”.

Azərbaycanda yanacağın ucuzlaşması ilə bağlı Tarif Şurası yeni qərar verə bilərmi?

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, Türkiyədə benzinin qiyməti ucuzlaşsa da, Azərbaycandan bahadır:

“Türkiyədə əvvəlki qiymətlə müqayisədə ucuzlaşa bilər. Bizdə ümumilikdə benzinin qiyməti Türkiyədən ucuzdur. Ancaq normal bazar iqtisadiyyatına malik olan ölkələrdə benzinin qiymətini bazar müəyyənləşdirir. Bizdə benzinin qiymətini dövlət təyin edir. Yəni dünyada benzinin qiyməti qalxdıqda qalxmır, düşəndə də düşmür. Bizim iqtisadi modelimiz başqadır. Bu mənada Türkiyə ilə müqayisə etmək olmur. Mən tərəfdarıyam ki, benzinlə bağlı dünya iqtisadiyyatı mexanizminə keçək. Dövlət qiymətləri nə qədər az tənzimləyərsə, bir o qədər yaxşıdır. Benzinin qiyməti müstəqil olmalıdır, yəni bazar müəyyənləşdirməlidir”.

Ekspert onu qeyd etdi ki, qiymətləri Tarif Şurası müəyyənləşdirir və nəyə əsaslandığı da aydın deyil:

“Heç vaxt Tarif Şurasından normal əsaslandırma görməmişəm. Tarif Şurası “simasız” bir qurumdur. Qiymət artımı əhali üçün çox ağır məsələdir və onu da konkret hansısa bir qurum, komitə, nazirlik, Milli Məclis- heç kim öz üzərinə götürmək istəmir. Ona görə də kollegial bir qurumdur, bütün nazirliklərdən nümayəndələr var. Əslində Tarif Şurası ona görə mövcuddur ki, insanlar konkret bir nazirə, vəzifəli şəxsə qarşı olmasınlar, onu pisləməsinlər. Yəni Tarif Şurası zərbəni üzərinə götürür və sabah da əhali narazı olanda məsuliyyət onun üzərində qalır. O qurum bir növ mahiyyətcə qiymət artırmaq üçündür. Ancaq qanuna görə, qiymətləri endirə də bilər, buna məhdudiyyət yoxdur. Məsələn, cəlladların üzü niyə bağlı olur? Kim olduğunu bilməsinlər deyə. Tarif Şurası da belə bir qurumdur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya