Saat:19:28
Haqqımızda

TAPANÇA URSULA

2022-01-18 14:34:00

TAPANÇA URSULA

Mürsəl İRƏVANLI

Məhkəmə prosesindən sonra mətbuat onu "Federativ Respublikanın ən cəsarətli ev yaranı" adlandırmışdı.

Bir neçə il sonra Hamburq polisinin rəisi müsahibə verərkən, jurnalistin bu qarətçi ilə bağlı hansısa sualına yarızarafatla: "Siz səhv edirsiniz, o, ev yaran deyil, xeyriyyəçi idi", - demişdi.

"Tapança Ursula" ləqəbli ev yaran oğrunu məhkəmə prosesi zamanı hələ heç kəs tanımırdı. 2014-cü il yanvarın 28-də Hamburqda keçən bu prosesdə salonda demək olar ki, heç kəs yox idi. Lakin salonda olan təkəm-seyrək tamaşaçılar da Ursulanın həyat və "şücaətlərinin" ən maraqlı detallarından xəbər tuta bilmədilər. Detallar qapalı iclasda nəzərdən keçirilirdi. Çünki bu qeyri-adi qızın qeyri-adi davranışının təfərrüatı tamaşaçılarda kim bilir, hansı hissləri və reaksiyanı doğura bilərdi.

Həqiqətən də oğru Ursula həm də xeyriyyəçi idi. Şəhərin qocalar evində, uşaq bağçalarında bu qamətli, suyu şirin, sarı saçlı qızı həmişə təsəvvürə gəlməz bir sevinclə qarşılayırdılar. Hər gəlişində o, qucaq-qucaq hədiyyələr gətirirdi. Qocalar evinə bir dəfə qoltuğunda televizor gəlmişdi. O vaxtlar Almaniyada da hamının televizoru yox idi. "Qoy darıxmasınlar, - Ursula qocalar evinin direktoruna demişdir. - Məndə ikisi var. Qoy birinə qocalar baxsınlar".

Bir neçə gündən sonra isə iki ədəd bahalı elektrik üzqırxanı gətirib gəlmişdi. "Bununla üzlərini kəsməzlər, - demişdi. - Mən ki, üzümü qırxmıram, nəyimə lazımdır".

O, qocalar evinə də, uşaq bağçalarına da əl arabası ilə gələrdi. Arabanın içi də həmişə meyvə, ləziz yeməklər, müxtəlif növ şirniyyat, oyuncaqlarla dolu olardı...

Ursulanın tanışı Rozmarinin az yaşlı iki uşağı vardı, üçüncüsü isə bu gün, sabah peyda olmalı idi və Rozmari hər dəfə Ursulanı görəndə, çağa paltarının çox baha olduğundan, ərinin isə heç cür iş tapa bilmədiyindən gileylənirdi. Nəhayət, günlərin bir günü Ursula ona o qədər çağa dəsti gətirirdi, bu, bir çağaya deyil, bütöv bir südəmərlər evinə bəs edərdi.

Ursulanın rəfiqələri də geyim, şirniyyat sarıdan korluq çəkmirdilər.

Ursula doğrudan da səxavətli idi, amma heyf ki, onun hədiyyələrinin hamısı oğurluq idi. O, qarətlə əldə etdiklərinin çox hissəsini ehtiyacı olanlara paylayırdı. Təxminən Robin Qud kimi, bizim Qaçaq Nəbi kimi.

Ursula öz misilsiz səxavətini nümayiş etdirməkdə ikən, Hamburq polisi mağaza və təşkilatların yarılması ilə müşayiət olunan seriyalı oğurluq hadisələrinin üzərində baş sındırmaqla məşğul idi. Bu hadisələr 1998-ci ilin iyununda başlamışdı. İndi artıq 2004-cü ilin fevral ayı idi. Qarət hallarının isə ardı-arası kəsilmirdi. Polisin fikrincə, bu cinayətlərdə usta əli duyulmurdu - bilinirdi ki, naşı adamlar fəaliyyət göstərir. Lakin bununla belə oğurluqlar olduqca rasional və qeyri-adi cəsarətlə həyata keçirilirdi. Ona görə rasional ki, cinayətkar mağaza, yaxud təşkilatı yarmaq üçün ən əlverişli məqamdan istifadə edirdi. Ona görə, cəsarətlə ki, ən hündür divar və dam da onun qarşısını ala bilmirdi. Bununla belə o, usta, mahir oğru deyildi, özündən sonra külli miqdarda iz qoyurdu. Barmaq izindən başqa. Görünür həmişə əlcək geyirdi. Ən çox ayaqqabı izi tapırdılar. Bu izlər iki cür idi: altı mıxlanmış, bir də hamar, rezin altlıqlı ayaqqabılar izi. Polis əmin idi ki, bir-birini gözəl anlayan iki oğru fəaliyyət göstərir. Əlbəttə onları Hamburqun cinayətkarlar dünyasının "elitasına" aid etmək olmazdı. Lakin eyni zamanda, onlar qeyri-adi oğrular idi. Məsələn, binanın ikinci mərtəbəsində yerləşən mağazaya yalnız polis şöbəsinin damından, yəni polislərin başı üstündən keçib girmək olardı. Buna baxmayaraq, oğrular misilsiz bir azğınlıqla bu mağazanı da qarət etməkdən çəkinməmişdilər. Polis bir detala da diqqət vermişdi. "Əkiz" oğrular mağaza və idarələri ayda iki dəfə, təxminən 15 gündən bir yarırdılar. Elə bil səliqə ilə əmək haqqı almağa gəlirdilər. Başlarını itirmiş polislər bu "səliqə və intizamı" bir yerə yoza bilmirdilər. Buna onların heç vaxtı da yox idi. Polislər hər dəfə cinayət yerinə baxış keçirir, zərər çəkənlərə "başsağlığı" verir, cinayətin naməlum şəxslər tərəfindən törədilməsi haqqında raport yazır, növbəti hadisəni sənədləşdirir, aşkar edilmiş dəlilləri ekspertizaya göndərir və ... növbəti qarət hadisəsini gözləyirdilər.

Polis "şəxsi hesablarında" otuz qarət hadisəsi olan iki kişini əlimyandıda axtarmaqda ikən, Ursula öz xeyriyyəçilik fəaliyyətini davam etdirirdi. Gecələr dəmirlə üzlənmiş, ağzınacan dolu əl arabasını taqqıltı sala-sala daş döşənmiş küçə ilə polis postları və patrullarının yanından sürüb keçirdi. Və polislərin heç ağlına da gəlmirdi ki, bu yoxsul geyimli, üz-gözündən qayğı və yorğunluq yağan qızı saxlayıb, onun əl arabasını yoxlasınlar. Tanışları bilirdilər ki, Ursula heç nədən qorxmur, ən yaxşı rəfiqələri isə bilirdilər ki, o nə üçün qorxmur: çünki cibində beşaçılan tapança gəzdirir və barmağı həmişə bu tapançanın tətiyində olur! Buna görə də onu "Tapança Ursula" çağırırdılar. Yalnız sonralar məlum oldu ki, Ursula silahla davrana bilmir, ömründə güllə atmayıb, cibində gəzdirdiyi və uzaqdan-uzağa rəfiqələrinə göstərdiyi isə uşaq tapançasıdır, oyuncaqlar mağazasından alıb.

Onun yaxşı bacardığı yeganə şey meymun kimi dırmaşmağı idi. Belə ki, 2000-ci ildə oğurladığı mopeddə yol-nəqliyyat qəzasına uğrayan Ursulanı huşsuz vəziyyətdə xəstəxanaya gətirmişdilər. O özünə gələr-gəlməz dördüncü mərtəbənin pəncərəsindən çıxıb, hamar divarla aşağı düşmüş və qaçmışdı.

Bir ildən sonra Ursulanı "Oksensoll" xəstəxanasının qapalı şöbəsinə gətirdilər: o, gözəl-gözəl şeyləri müftə sağa-sola payladığından şübhəyə düşüb, onun ağıldan kəm olduğunu güman etmişdilər. Yeri gəlmişkən, 2019-cu ildə Tailandda "Dünya gözəli" müsabiqəsində tamaşaçı kimi iştirak edən bir "yeni rus" dünya gözəllərinin uzun, çılpaq ayaqlarından və bədənə vurduğu viskidən cuşa gələrək cibindən çıxardığı yüzlük dollarları camaatın başına səpələdikdə, onu dəli zənn edərək, zorla müalicəxanaya aparırlar. Onun bəxtindən növbətçi həkim mənşəcə polyak imiş. O çaşmış tailandlıları başa salır ki, "yeni rus" dəli-zad deyil, boş-boşuna pul səpələmək keçmiş sovet adamına xas olan gözəl keyfiyyətlərdəndir, belə ki, sovet adamı bir az varlanan kimi qudurub başlayır pul içində ağnamağa...

Lakin Ursulanın dəlixanadan qurtulmaq üçün "polyak həkimi"nə ehtiyacı olmamışdı. O, gecə üç xəstəni yatağından qaldırıb, çarpayılardan "nərdivan" düzəltmiş və aradan çıxmışdı...

Bununla belə, polis Ursulanın çənədən boş bir rəfiqəsinin köməyi ilə nəhayət ki, onun izinə düşə bildi. Onu yaxalayıb qapalı müalicəxanaya, tibbi müayinəyə göndərdilər. Tibb komissiyası uzun sürən müşahidələrdən sonra onun tam anlaqlı olduğu rəyinə gəldi.

2014-cü ilin yanvarında "Tapança" Ursula məhkəmə qarşısında dayandı. Dayandı və bir də oturmadı. Hakim hər dəfə hövsələdən çıxıb: "Əyləşin, xahiş edirəm, əyləşin" - dedikdə o, yalnız çiyinlərini çəkirdi.

Uzun sürən proses ərzində neçə saat beləcə dayanıb durdu, axırda dizləri qatlandı, yerə çökdü...

Ursula bütün cinayətlərini etiraf etdi. Lakin hiss olunurdu ki, o, dərəcədə də peşman deyil, əksinə, öz hərəkətlərinə görə qürur hissi keçirir. Onun söylədiklərindən belə çıxırdı ki, "kobud kişi dünyası" onda ikrah hissi doğurur. O bu hissi hələ uşaq ikən, atalığı hər gün anasını döyəndə keçirirmiş. "Keçmişin əsil kişiləri" onun xoşuna gəlirdi. Lakin onlar çoxdan bu dünyadan  köçmüşdülər. İndiki kişilər isə bu adı daşımağa layiq deyildilər. O, ideal axtarır, lakin ətrafında beləsini görmürdü. Elə kişilər kişi olmadığına görə də o özü əsil kişi olmaq qərarına gəlmişdi.

Yazını elə bu sözlərlə də qurtarmaq istərdik. Lakin onda oxucular məhkəmənin Ursula ilə bağlı son qərarını bilməzdilər. Bəlkə də bilməsəydilər yaxşı idi. "Tapança" Ursula beş il müddətinə azadlıqdan məhrum edilmişdi...

Onun sonrakı taleyi haqda heç bir məlumatımız yoxdur. Bircə onu bilirik ki, amerikalılar onun həyatı haqda film çəkiblər. Və aydın məsələdir ki, bu, faciə, dram deyil, bir az gülməli, bir az kədərli komediya filmidir...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR