Tanınmış hüquqşünas Rəşad Dağlıdan danışdı: “Qatili qalib kimi göstərirlər”

2022-11-14 19:11:00

Tanınmış hüquqşünas Rəşad Dağlıdan danışdı: “Qatili qalib kimi göstərirlər”

“Bir qrup insan var ki, onların yaxşı və ya pis hərəkətləri müzakirə mövzusuna çevrilir. Azərbaycan cəmiyyətində də müəyyən şəxslər üçün meyxanaçı Rəşad Dağlı kumir idi. Son hadisədən sonra həmin şəxslərin sayı daha da artıb. Rəşad Dağlının törətdiyi ən ağır qətlə belə fərqli yanaşırlar. Ancaq qəbul etmək lazımdır ki, o, qətl törədib və bunun başqa adı yoxdur”.

Hurriyyet.Az bildirir ki, bu fikirləri Modern.az-a açıqlamasında Daxişi İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi amansız cinayət əməlindən söz açan hüqüqşünas kimliyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabər olduğunu vurğulayıb. O, bildirib ki, cəmiyyətdə hər zaman nümunəvi fikirlər səsləndirənlər öz hərəkətlərini daha çox ölçüb biçməlidir.

Cinayət törətmiş şəxsin insanlar tərəfindən qəhrəman kimi təqdim olunmasına gəlincə, Ə.Nuriyev bu halın digərləri üçün yaxşı nümunə olmadığını söyləyib:

“Təəssüf ki, qatili qalib kimi göstərirlər. Rəşad Dağlı özü də törətdiyi əməldən peşmançılıq duyacaq. Öldürdüyü şəxs Rəşad Dağlını həyatı boyu “izləyəcək”, yuxularına girəcək. O da ehtimaldır ki, zərərçəkmişin təhriki ilə bu hadisə baş verib. İstintaq orqanları bunu araşdıracaq. Kriminologiyada bir termin var, ona əsasən bildirilir ki, şəxsiyyət əleyhinə olan cinayət işlərində zərərçəkmişin davranışı onu qurbana çevirir. Cinayət əməlində vurulan zərbələrin sayı fərqli qənaətə gətirib çıxarır. Hadisəyə təəssüf etmək mümkündür, amma qətl törətmiş insanı yüksəyə qaldırmaq nə əxlaqla bağlı məsələdir, nə də humanizmdir”. 

Hüquqşünas onu da qeyd edib ki, hazırda hadisənin hansı şəraitdə baş verməsi haqqında dəqiq məlumat yoxdur. Onun sözlərinə görə, cinayətin tam detalları istintaq orqanı tərəfindən aparılan araşdırmadan sonra bəlli olacaq. 

“Biz sadəcə nəticəni görürük. Davranışları qiymətləndirə bilərik, amma çox sorğulamağa ehtiyac yoxdur. Bu məsələdə doğru qiyməti istintaq orqanları, məhkəmə verəcək. Ümumiyyətlə, qətl baş veribsə, qəhrəman yaratmaq doğru deyil. Qətl törədən şəxs kütləvi şəkildə dəstəklənərsə, bu cəmiyyətdəki növbəti cinayət əməllərinə gətirib çıxara bilər. Rəşad Dağlının törətdiyi cinayətin cəmiyyətdə, mediada bu qədər müzakirə olunmasını məqbul hesab etmirəm”, - deyə Ə.Nuriyev vurğulayıb.

Xatırladaq ki, noyabrın 9-da məşhur meyxanaçı Rəşad Dağlının qonşusuna 14 bıçaq zərbəsi vuraraq öldürməsi gündəmin əsas müzakirə mövzusuna çevirilib. İlkin olaraq R.Dağlının 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi narkotik satdığına görə öldürdüyü deyilsə də, sonradan hadisənin əsas motivləri üzə çıxıb.

Məlum olub ki, İ.Mehtiyev R.Dağlını barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edirmiş. Məsələ ətrafında qızğın müzakirələr açılan sosial şəbəkələrdə əksəriyyət qətlə bəraət qazandıraraq, R.Dağlıya azadlıq tələb edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161768