Saat:23:41
Haqqımızda

"Taliban Çinin hər iki şərtini qəbul etməyə hazır görünür" - ELXAN ŞAHİNOĞLU

2021-09-21 10:56:00

"Ancaq bunun özü Talibana və Əfqanıstana daha böyük problem yaradacaq"

"Tacikistanın paytaxtı Düşənbədə ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində əsas mövzusu Əfqanıstan idi. Təşkilata üzv ölkələrin əksəriyyəti Əfqanıstandakı olaylardan narahatdır. Ümumi rəy belədir ki, Əfqanıstan əhalisi daha da kasıblaşacaq və qış ayları yaxınlaşdıqca ərzaq qıtlığı yaşanacaq". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, sammitə onlayn formada qatılan Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı duruma görə yenə Amerikanı ittiham edib: "Putinin çıxışından bu nəticə çıxdı ki, Əfqanıstana müdaxilə edən, onu bügünkü duruma sürükləyən ölkə - Amerika hazırkı duruma görə məsuliyyət daşıyır və ona görə də əfqanları maliyyə, ərzaq və digər məsullarla Vaşinqton təhciz etməlidir. Rəsmi Pekinin də mövqeyi eynidir. Düşənbədəki sammitdə iştirak edən Çinin xarici işlər naziri Van İ Putinin sözlərini təkrarladı: “Əfqanıstanın bərpası və bu ölkəyə istisadi və humanitar yardımın məsuliyyəti Amerikanın üzərindədir”. Bununla həm Rusiya, həm də Çin rəsmiləri Amerikaya demək istəyirlər ki, “Əfqanıstanı dağıtdığın kimi onu yenidən qurmalısan”. Çinin xarici işlər naziri Amerikanın silahlı qüvvələrinin Əfqanıstanı qəfil tərk etməsini bu ölkədə yeni problemlərə yol açdığını vurğuladı: "Əfqanıstanda yeni siyasi sistem formalaşmayıb, etnik və dini münaqişələrə mürəkkəb xarakterə malikdir, lokal toqquşmalar ehtimalı artıb, bir sözlə gələcək qeyri-müəyyəndir"".

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya və Çin Vaşinqtonun Əfqanıstan siyasətini tənqid etməklə Amerikaya qarşı yeni təzyiq aləti əldə ediblər: "Belə bir sual yaranır: Amerika məsuliyyətdən yayınarsa və Əfqanıstanın iqtisadi və sosial problemlərinin həllində kömək etməsə, Moskva və Pekinin mövqeyi necə olacaq? Vaşinqton Əfqanıstanda hakimiyyətin Talibana keçməsinə mane olmasa da, bu qruplaşmanı tanımağa və əlaqələrini genişləndirməyə tələsmir. Ancaq mümkündür ki, Amerika Əfqanıstana humanitar yüklərin çatdırılması istiqamətində fəaliyyətini bərpa etsin. Kreml isə ona tabe olan rejimlərə dəstək verir. Misal üçün Rusiya Bəşər Əsəd rejiminin ayaqda qalması üçün Suriyaya illərdir humanitar yardım göstərir. Əfqan xalqının taleyi Kremli çox da narahat etmir. Moskva üçün önəmli olan Əfqanıstanın radikallaşmasının və bu ölkədən terrorun Mərkəzi Asiyaya mümkün keçidinin qarşısını almaqdır. Kreml buna əmin olmadıqca Əfqanıstana humanitar yük daşımaqla bağlı qərar verməyəcək. Kremldən fərqli olaraq Pekin Əfqanıstana müəyyən həcmdə humanitar yardım edə bilər. Ancaq Pekin bu yardımın qarşılığında Talibana iki tələbini təkrarlayacaq. Birincisi, Taliban Çin şirkətlərinə Əfqanıstanın zəngin yataqlarında çalışmasına şərait yaratmalı, çinli işçilərin təhlükəsizliyinə təminat verməlidir. İkincisi, Taliban Çinin bölgədəki maraqlarını nəzərə almalı, radikal uyğurların Əfqanıstandakı fəaliyyətlərini əngəlləməlidir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Taliban Əfqanıstanı aclıqdan və səfalətdən qurtarmaq üçün Çinin hər iki şərtini qəbul etməyə hazır görünür: "Ancaq bunun özü Talibana və Əfqanıstana daha böyük problem yaradacaq. Əfqanıstanın Çinə borcu artacaq. Çin eyni siyasəti Mərkəzi Asiya və Afrikada həyata keçirir. Mərkəzi Asiya və Afrika ölklərinin Çinə borcları artıqca siyasi baxımdan da Pekindən asılılıqları artır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR