"Taksinin rəngi ilə bağlı qərarın "Türkmənistanlaşma" ilə əlaqəsi yoxdur" - NATİQ CƏFƏRLİ
"Sadəcə, hökumət Qərbi söyə-söyə ordan özlərinə nə sərf edirsə həmən götürüb tədbiq edir, amma nədənsə camaata sərf edəcək addımlara gələn kimi deyirlər ki, qələt edir Qərb, bizim öz yolumuz var"
"Taksi xidməti ilə məşğul olanları illərdir publik olaraq məndən çox müdafiə edən olmayıb, axtarış versəniz yüzlərlə link taparsız. Real həyatda isə hansı sürücü ilə söhbət etsəm, həmişə deyirdim ki, 40-50 minsiz, yığışın, həmkarlar komitəsi yaradın. Məsələn, Türkiyədə "taksiciler odası" ciddi təşkilatdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
İqtisadçı ekspert bildirib ki, taksi xidməti ilə məşğul olanlar həmkarlar komitəsi yaratmadılar, hər biri öz problemini özü həll etməyə çalışır, nəticə də ortadadır: "Sərtləşmə davam edir. O ki, qaldı taksinin rəngi ilə bağlı qərara, bunun "Türkmənistanlaşma" ilə əlaqəsi yoxdur, məsələn, Romada ancaq ağ rəngli maşınlar taksi xidməti göstərə bilər. Sadəcə, hökumət Qərbi söyə-söyə ordan özlərinə nə sərf edirsə həmən götürüb tədbiq edir. Parkinq məsələsində də eyni davranırlar, amma nədənsə camaata sərf edəcək addımlara gələn kimi deyirlər ki, qələt edir Qərb, bizim öz yolumuz var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az