Tacikistan Əfqanıstandan yüzminlik qaçqın ordusunu qarşılamağa hazırlaşır – anbarlar tikilir
Hurriyyet.org xəbər verir ki, Tacikistan qonşu Əfqanıstanda Taliban təşkilatı ilə hökumət qüvvələri arasında vətəndaş müharibəsinin alovlanması nəticəsində ölkəyə gələ biləcək yüz min nəfər əfqan qaçqını qəbul eləməyə hazırlaşdığını bəyan edib.
Tacikistanın Fövqəladə Vəziyyət Komissiyasının sədr müavini İmomali İbrahimzoda bu gün keçirdiyi mətbuat konfransında sərhəd bölgəsindəki Hatlon və Dağlıq-Bədəxşan vilayətlərində qaçqınlar üçün yardım saxlamaq məqsədi ilə iki böyük anbar tikməyə başladıqlarını açıqlayıb.
ABŞ-ın 20 il boyunca müharibə apardığı Əfqanıstandan çıxmağa başlaması ilə ölkədə çaxnaşma güclənməyə başlayıb. Vətəndaş müharibəsi yeni köç dalğalarının yaranmasına səbəb olub. Yüzlərlə əfqan Tacikistana sığınıb. Lakin Düşənbə hökuməti bu qaçqınların sonradan öz ölkələrinə qayıtdıqlarını bildirib. Talibandan qaçan min nəfərdən artıq hərbçi də Tacikistana pənah gətirmişdi.