"T-Finans LTD" MMC-nin rəhbərinə qarşı ŞOK DƏLƏDUZLUQ

2023-09-12 11:15:13

İlahə İlyasova: "MMC Arifə Rzayevanı, Larisa Eyyubovanı və Paşa Eyyubovu özünə ortaq etdikdən sonra başına gəlməyən hadisə qalmayıb"

"Az qala hər gün hüquq-mühafizə orqanları məni müxtəlif məsələ ilə bağlı çağırır, dindirir və hədə-qorxu gəlirlər, məqsəd isə odur ki, başımız qarışsın, layihəyə sərf olunan 600 min manatın, Cəbrayıl rayon icra başçısı tərəfindən ayrılmış 1,2 hektar torpağın ardınca düşməyək, haqqımızı tələb etməyək"

"Arifə Rzayeva və Larisa Eyyubova müxtəlif yollarla camaatı aldadır, guya mənim arxamda hərbi prokuror Xanlar Vəliyevin durduğunu bildirirlər, halbuki, bu, ağ yalandır, onunla yaxından-uzaqdan əlaqəmiz yoxdur"

Bugünlərdə redaksiyamıza müraciət edən "T-Finans LTD" MMC-nin rəhbəri İlahə Rasim qızı İlyasova ortaqları tərəfindən başına olmazın oyunlar açıldığını, külli miqdarda vəsitinin mənimsənildiyini, şəriklərinin müraciətləri əsasında hüquq-mühafizə orqanları tərəfindən əsassız təqiblərə məruz qaldığını bildirib.

Beləliklə, "T-Finans LTD" MMC-nin "T-Finans Aqro", "T-Finans Tekstil", "Aqro Finans", "Ümid Limited", "Xəzri Holdinq" və "T-Finans Holdinq" şirkətlərindən ibarət olduğunu deyən İlahə İlyasovanın sözlərinə görə, adıçəkilən MMC Arifə Telman qızı Rzayevanı, Larisa Kərim qızı Eyyubovanı, Paşa Şəkər oğlu Eyyubovu özünə ortaq etdikdən sonra başına gəlməyən hadisə qalmayıb: "Arifə Telman qızı Rzayeva "T-Finans Holdinq"ə 50 faiz payla, Larisa Kərim qızı Eyyubova "T-Finans Aqro"ya, Paşa Şəkər oğlu Eyyubov isə "T-Finans Tekstil"ə şərikdir. Qeyd edim ki, "T-Finans LTD" MMC 2013-cü ildə təsis olunub və ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş müəssisə kimi gigiyenik tibbi geyimlər, hərbi geyimlər və bu istiqamətdə xüsusi mallar istehsal edir. 2020-ci ildə isə pandemiya dövründə MMC Ulu Öndər Heydər Əliyevin adını daşıyan kiçik fabrik açdı. Məqsədimiz pandemiya dövründə xəstəxanaları gigiyenik yataq dəstləri ilə təmin etmək idi. Həmin vaxt bəyan etmişdim ki, ilk fabrikimi Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində açacağam. Sonradan 44 günlük Vətən Müharibəsi oldu və biz layihə yazıb İqtisadiyyat Nazirliyinə göndərdik. Layihəyə əsasən biz Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında işlər görməli idik. Lakin həmin dönəmdə mən koronavirusa yoluxdum, bu səbəbdən də səhhətim layihə haqda maraqlanmağa yol vermirdi. Təxminən, dekabr ayında mənimlə əlaqə saxladılar və dedilər ki, sizin layihəniz bəyənilib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) layihəsinə salınıb. Həmçinin, bildirdilər ki, bu layihədə iştirak edə, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlarla "Zoom" platforması üzərindən onlayn görüşə qatıla bilərsiniz. Beləcə, mütəmadi olaraq, İqtisadiyyat Nazirliyi, KOBİA və digər qurumlar bizimlə görüşlər keçirməyə başladılar. Qeyd etdilər ki, Füzuli, Cəbrayıl və Qubadlı rayon icra hakimiyyətlərinə yaxınlaşın, sizə torpaq ayırsınlar. İlk təşəbbüs Cəbrayıl Rayon İcra Hakimiyyətindən gəldiyi üçün biz də ora yaxınlaşdıq. Beləcə, Cəbrayıl rayon icra başçısı Kamal Həsənov "T-Finans LTD" MMC üçün 1,2 hektar torpaq ayırdı və biz bunu rəsmiləşdirməyə başladıq. Ardınca Cəbrayıl rayon icra başçısı bizə məktublar verdi və onlar Yanğından Mühafizə İdarəsinə, Şəhərsalma və Arxitektura Komitəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Minatəmizləmə Agentliyinə, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərildi".

Adıçəkilən bütün rəsmi qurumlardan "T-Finans LTD" MMC-nin xeyrinə rəsmi cavab alındığını vurğulayan şirkət rəhbəri qeyd edib ki, bundan sonra mütəmadi olaraq uşaq evlərinə, qocalar evlərinə, cəzaçəkmə müəssisələrinə, o cümlədən şəhid ailələrinə yardımlar olunub: "Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq müqaviləsi bağladıq. Həmin müqavilədə nəzərdə tutulurdu ki, şirkətin işçilərinin maaşının yarı hissəsini biz, yarısını isə Dövlət Məşğulluq Xidməti ödəməlidir. Beləliklə də işə start verdik və Cəbrayıl rayon icra başçısı tərəfindən "T-Finans LTD" MMC üçün ayrılan 1,2 hektar torpağı rəsmiləşdirməyə başladıq. Nəzərinizə çatdırım ki, istər dövlət orqanları, istərsə də özəl qurumlar tərəfindən şirkətin adına vurulan qaimələr 600 min manatı keçməyə başladı və borc getdikcə şişirdi. Nəticədə şirkətin ümumi vəziyyəti daha da pisləşirdi. Bununla yanaşı, şirkətə vergi borcu da gəlirdi. Halbuki, ortada qazanc-filan yox idi. Beləcə, şirkət xırtdəyə qədər borcun içindəydi".

Şirkətin ən ağrılı günlərinin məhz bundan sonra başladığını deyən İlahə İlyasova iddia edir ki, o, Cəbrayılda olarkən qeydiyyatda olduğu ünvanda yaşayan şəxslərin Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən apardığına dair məlumat alıb: "Mənə telefon zəngi vasitəsiylə məlumat verdilər ki, 16-cı Polis Bölməsində onlara təzyiq göstərilib və "İlahə İlyasova nə zaman gəlsə, sizi onda buraxacağıq", deyə bildiriblər. Daha sonra polis idarəsindən zəng gəldi və dedilər ki, Gülnar adlı xanım məndən şikayət edib. Həmin vaxt Gülnar mənim yanımdaydı və bildirdi ki, mən şikayət etməmişəm. Ertəsi gün mülki geyimli 4-5 nəfər yaşadığım ünvana gələrək, mənə "Siz həbs olunursunuz, bizimlə getməlisiniz" dedilər. Bunun səbəbini soruşduqda, bildirdilər ki, siz 6 min manat qarşılığında Cəfərova Pərnisə Əşrəf qızını və oğlunu işə götürübsüz, 2 min manatı qaytarıbsız, 4 min manatı verməlisiniz. Bunun yalan olduğunu desəm də, 48 saat müddətinə həbs olunduğumu bildirdilər və məni ağır cani kimi qoluma qandal vurub maşına mindirib apardılar. Bir qədər sonra müstəntiq Nərminə Məmmədova gəldi və çox böyük səhvə yol verdiyini, məni həbs etməyin yanlış olduğunu qeyd etdi. Axşam mənimlə üzləşdirmək üçün Pərnisə də gəldi. Səhəri gün isə Nərimanov rayon prokurorun göstərişi ilə məni sərbəst buraxdılar. Bu hadisədən 2 ay sonra bildirdilər ki, səni Hüseyn Nuriyev adlı müstəntiq axtarır. Odur ki, vəkilim Vüqar Bayramlı ilə müstəntiqin qəbuluna getdim. Müstəntiq "Niyə Cəfərova Pərnisənin pulunu ödəmirsən?", dedikdən sonra məni həbs edəcəyini bildirdi. Bu dəfə də Cəfərova Pərnisəyə borcum olmadığımı qeyd etsəm də, müstəntiq buna əhəmiyyət vermədi. Beləcə, ilk dəfə 5500, ardınca 10 minə yaxın pul gəldi və məni yola saldı. Bundan sonra dəfələrlə qərarı almaq üçün getdim, ancaq bu barədə heç bir məlumat yox idi. Bu səbəbdən də Bakı Şəhər Prokurorluğuna, Respublika Prokurorluğuna, Prezident Administrasiyasına qərarın ləğvi və işə yenidən baxılması üçün şikayət ünvanladım. Lakin bunun da heç bir faydası olmadı, heç kim qərarı vermədi, dedilər ki, sənəd arxivə gedib".

İlahə İlyasovanın sözlərinə görə, bir müddət sonra ona Cəbrayıl rayon icra başçısının müavini Tapdıq Nəsirovdan məktub gəlib. Həmin məktubda isə "T-Finans LTD" MMC üçün ayrılmış 1,2 hektar torpağın verilməyəcəyi öz əksini tapıb: "Məktubda deyilirdi ki, sizə torpaq düşmür, orda evlər tikiləcək. Halbuki, həmin torpaq bizə qanuni surətdə aktla verilib. Həmçinin, qeyd olunurdu ki, keçirdiyiniz dövlət tədbirlərinin torpağın alınmasına heç bir dəxli yoxdur. Bundan sonra bütün dövlət orqanlarına şikayət etməyə başladıq. Elə həmin andan etibarən ardarda hüquq-mühafizə orqanları tərəfindən zənglər gəldi, guya ki, kimlərəsə borclu olduğum deyildi və beləcə təqiblər başladı. Onu da nəzərinizə çatdırım ki, hər dəfəsində də məndən müəyyən məbləğlərdə pullar istənilib. İş o yerə çatıb ki, az qala hər gün hüquq-mühafizə orqanları məni müxtəlif məsələ ilə bağlı çağırır, dindirir və hədə-qorxu gəlirlər. Özü də bütün bu oyunları bir qədər öncə adlarını çəkdiyim şəriklərin və bəzi işçilərin əli ilə edirlər. Məqsəd isə odur ki, başımız hüquq-mühafizə orqanlarındakı işlərə qarışsın, layihəyə sərf olunan 600 min manatın, "T-Finans LTD" MMC üçün ayrılmış 1,2 hektar torpağın ardınca düşməyək, haqqımızı tələb etməyək. Axırıncı oyunlar isə Nəsimi Rayon Polis İdarəsi və onun müstəntiqi Sənan Qurbanovun əli ilə törədildi. Telefon yazışmalarından da göründüyü kimi, biz borcları bağlayıb, Sənan Qurbanova göndərirdik. Lakin Sənan Qurbanov tapşırığı yerinə yetirərək məni  axtarışa verib. 21-ci polis bölməsinin işçiləri isə Arifə Telman qızı Rzayeva və Larisa Kərim qızı Eyyubova ilə birlikdə evə basqın edərək saat 11 radələrində məni güclə gecəlik paltarında sürüyərək apardılar. Polislər liftdə Arifə Telman qızı Rzayeva ilə birlikdə Həmidova Minayə Şəfi qızını döyüblər".

Sonda "Hürriyyət" qəzeti vasitəsiylə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən İlahə İlyasova üzləşdiyi problemlərin həllində yardımçı olmalarını xahiş edib: "Onu da qeyd edim ki, "T-Finans LTD" MMC-nin ortaqları olan Arifə Rzayeva və Larisa Eyyubova müxtəlif yollarla camaatı aldadır, guya mənim arxamda hərbi prokuror Xanlar Vəliyevin durduğunu bildirirlər. Halbuki, bu, ağ yalandan başqa bir şey deyil. Onunla yaxından-uzaqdan əlaqəmiz yoxdur. Xanlar Vəliyevin adamını heç kim bu vəziyyətə salmaz. Bundan başqa, Larisa Eyyubova özünü dərzi kimi təqdim edir. Bu da aylandır, çünki o, şirkətin ortağıdır, 50 faizlik payı var. Bir sözlə, şirkətin adını çəkdiyim ortaqları insanların etibarından sui-istifadə edərək pullar yığır, "T-Finans LTD" MMC-nin adını, etibarını zərbə altında qoyurlar. Odur ki, sizin vasitənizlə hörmətli cənab prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir, hüquqlarımın bərpa olunmasında, Cəbrayıl rayon icra başçısı tərəfindən "T-Finans LTD" MMC üçün ayrılan 1,2 hektar torpağın bizə verilməsində, şirkətin ortaqlarının qərəzli müraciətləri əsasında hüquq-mühafizə orqanları tərəfindən məruz qaldığım təqib və təzyiqlərə son qoyulmasında yardımçı olmalarını, bu məsələ ilə bağlı bütün işlərin araşdırılmasını xahiş edirəm".

"Hürriyyət"

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin - yazıda adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141977