Şuşanı Arzumanyan satmayıb, Ordumuz azad edib

2022-09-03 09:54:00

Şuşanı Arzumanyan satmayıb, Ordumuz azad edib

Qarabağ separatçı ordusunun keçmiş komandanı Mikael Arzumanyan yenidən həbs edilib. Bu barədə sentyabrın 1-də onun vəkili Yerem Sərkisyan sosial şəbəkələrdə məlumat verib.

Bir neçə gün əvvəl mətbuatda Mikael Arzumanyanın Xankəndidən Ermənistana gedərkən həbs olunduğu barədə xəbərlər yayılmışdı. 44 günlük müharibə zamanı “müdafiə naziri” postunu tutan general Arzumanyan “şəhərin itirilməsinə və çoxsaylı insan tələfatına səbəb olan Şuşa uğrunda gedən döyüşlərdə səhlənkarlığa, qətiyyətsizliyə və peşəkarlıq göstərmədiyinə görə’’ həbs edilib.

Qeyd edək ki, Arzumanyan bu “mövqeyi”ni müharibənin bitməsinə 12 gün qalmış sələfi general Cəlal Arutyunyan Azərbaycanın pilotsuz təyyarəsinin hücumu nəticəsində “fəaliyyətdən kənarlaşdırıldıqdan” sonra alıb. Arzumanyanı həbs edən Ermənistan İstintaq Komitəsinin bununla bağlı açıqlamasında deyilir: “2020-ci il 30 oktyabrdan 9 noyabra qədər Şuşa və ətraf rayonların müdafiəsini təşkil edərkən general-leytenant Mikael Arzumanyan öz vəzifə borcuna qarşı səhlənkar münasibət göstərib. Vəzifələrini ya lazımi qaydada, ya da ümumiyyətlə, yerinə yetirməməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Nəticədə düşmənin silahlı qüvvələri Şuşanı və onun ətraf ərazilərini tam nəzarətə götürüb, ”müdafiə ordusu"nun bölmələri itkilər verib və yaralılar olub".

Yəni Ermənistan İstintaq Komitəsi belə qənaətə gəlib ki, sadəcə, qondarma qurumun “müdafiə naziri”nin “ehtiyatsızlığı” səbəbindən Şuşa Azərbaycan Ordusu tərəfindən azad edilib.

Arzumanyana qarşı ittihamda qeyd olunur ki, guya o, ixtiyarında olan 650 nəfərlik və 365 nəfərlik erməni hərbi bölmələrini Şuşanın müdafiəsinə vaxtında və düzgün şəkildə cəlb etməyib. Nəticədə Şuşanın müdafiəsində sağ cinah açıq qalıb, onun Daşaltı istiqamətində yerləşdirdiyi bütöv bir batalyon isə Azərbaycan Ordusunun mühasirəsinə düşüb və böyük itkilər verib.

Məlumat üçün bildirək ki, 1973-cü ildə Xankəndidə doğulmuş Arzumanyan 1999-cu ildə İrəvan Universitetini bitirib və 2000-2004-cü illərdə Rusiyada hərbi təhsil alıb. O, 2019-cu ildə qondarma qurumun “müdafiə naziri”nin müavini təyin olunsa da, 44 günlük müharibədən az əvvəl - 21 iyun 2020-ci il tarixdə bu “vəzifə”dən azad edilib. Lakin “nazir” Calal Arutunyan Azərbaycan Ordusu tərəfindən öz maşınında partladıldıqdan və sıradan çıxarıldıqdan sonra oktyabrın 27-də Arzumanyan onun yerinə təyin olunub və “general-leytenant” rütbəsi alıb.

Arzumanyanın, yaxud başqa birisinin Şuşanın itirilməsinə görə günahlandırılaraq həbsə atılması, sadəcə, Ermənistandakı hakimiyyət çəkişməsinin, siyasi oyunların tərkib hissəsidir. Əlbəttə ki, Şuşanı Arzumanyan və onun kimi qorxaq komandirlər satmayıb, Azərbaycan Ordusu hərb tarixinə düşəcək şücaəti ilə azad edib. Ermənilər isə Arzumanyan kimi “qurbanlıq” tapmaqla həm Şuşanın guya erməni torpağı olması barədə sərsəm iddiaları gündəmə gətirməyi hədəfləyir, həm də qorxaqcasına məğlub olduqlarını etiraf etmək istəməməkdən qaynaqlanır. Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, bu, ermənilərin növbəti yalanıdır: “44 günlük müharibədə tərifini göylərə qaldırdıqları ordularının darmadağın edilməsini yalanlarla gizlətməyə çalışırlar. İndi də bekar qalıblar, Şuşa ilə bağlı yalanlar uydururlar. Şuşada bunlar müqavimət göstəriblər, lakin ordumuzun qabağında, əsgərimizin əzmi qarşısında tab gətirməyib darmadağın ediliblər, sağ qalanları da qaçıblar. Bunu özləri də gözəl bilirlər, sadəcə, yalan uydurmaqda bunların tayı-bərabəri yoxdur. Arzumanyanın həbsi də daha çox siyasi məsələdir, hansına ki, biz qarışmasaq yaxşıdır”.

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, ermənilərin bu yalanı daha çox daxili auditoriya üçün ortaya atılıb: “İllərlə özlərini inandırıblar ki, döyüş qabiliyyətli orduları var. 44 günlük müharibə erməni ordusunun əsl vəziyyətini ortaya qoydu. Şuşada darmadağın edilmələrini unuda bilmirlər. İgid Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmədiklərini açıq etiraf edə bilmirlər. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Şuşa hətta səyahətçilər üçün də çətin keçilən relyefə malikdir. Hərbi baxımdan isə şəhər 3 tərəfdən sıldırım qayalıqla əhatə olunduğu üçün praktiki olaraq alınmaz qaladır. Azərbaycan Ordusu üçün vəziyyəti mürəkkəbləşdirən həm də bu idi ki, düşmən qoşunları Şuşanı şimaldan, Xankəndi istiqamətindən, şərqdən Xocavənd istiqamətindən və qərbdən Laçın istiqamətindən nəzarətdə saxlayırdı. Azərbaycan Ordusunun irəlilədiyi cənub istiqamətinə isə Ermənistan hərbi rəhbərliyi özünün ən elitar, döyüş qabiliyyətli hissələrini döyüşə atmışdı. Bununla belə, düşmən hərçənd öz diqqətini Xankəndi və Daşaltı istiqamətindən şəhərin müdafiəsinə yönəltsə də onun əsas qüvvələri şəhərin mərkəzində cəmləşmişdi. Şuşanı minlərlə erməni əsgəri, onlarla vahid artilleriya və zirehli texnika qoruyurdu. Şəhərin bu cür güclü qorunması onun strateji əhəmiyyəti ilə bağlı idi, Şuşadan az qala Qarabağın bütün dağlıq hissəsini nəzarətdə saxlamaq mümkündür. Bunu erməni hərbi rəhbərliyi də  yaxşı bilirdi. Azərbaycan Ordusunun dayanmadan Şuşaya tərəf irəlilədiyi aydın olanda dünyanın aparıcı hərbi ekspertləri bu istiqamətdən şəhərin alınmasının mümkün olmadığı haqda proqnozlar səsləndirirdilər. Deyirdilər ki, hətta ən maksimal səylərlə belə şəhər uğrunda 2-3 ay döyüşlər aparmaq lazım gələcək. Amma nə baş verdi?  2020-ci il noyabrın 5-də Azərbaycan Ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan Ordusunun əlavə qüvvələri yeridilmişdi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər. Bunları yaddaşı dayaz erməni propaqandaçıları üçün xatırlatdım ki, yaddaşlarını təzələyim”.

Hərbi ekspert deyir ki ermənilərin dezinformasiya yayaraq real mənzərəni manipulyasiya etmək siyasəti hər zaman olub, bu gün də davam edir: “Hərbi müstəvidə müharibə bitə bilər, lakin informasiya müharibəsi bitməyib, əksinə, daha da qızışıb. Müharibə dövründə, müharibədən sonra ermənilərin yalan məlumatlar yaymasının şahidi olmuşuq. Bu da növbəti yalanlarıdır. Bu dezinformasiyaların yayılmasının iki başlıca səbəbi vardı: Birincisi, daxili auditoriyada ruh yüksəkliyi yaratmaq; ikincisi, Azərbaycan ictimaiyyətinə psixoloji təsir göstərmək. Öz daxili auditoriyalarını aldada bilərlər. Amma Şuşanın alınması göz qabağında olub. Erməni işğalçı ordusuna Qarabağda tutulan divan və Şuşanın azad edilməsi dünyanın hərb tarixində nadir hadisələrdəndir. Dünyanın müxtəlif ölkələrindən hərbi ekspertlər təsdiq edirlər ki, Şuşa əməliyyatı müstəsnadır və dünya hərb tarixində qalacaq, eləcə də hərb elminə dair dərsliklərə salınacaq. Ermənilər arzumanyanları həbs etməkdə olsunlar...”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056400