Şuşada bəyanat qəbul edildi

2022-12-21 21:36:00

Şuşada bəyanat qəbul edildi

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu” iştirakçıları birgə bəyanat qəbul edib.

“Hurriyyet” xəbər verir ki, bəyanatda deyilir:

“Biz - 20-21 dekabr, 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları “Şuşa ili”ndə dünya ictimaiyyətini Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan qürur duyuruq!

Forumda iştirak edən dövlətlər öz diasporlarının sıx birləşməsinə hər zaman töhfə veriblər. Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlər, müxtəlif proqram və forumlar əlaqələrimizin daha da genişlənməsinə xidmət edib. Bu illər ərzində ümumi maraqların qorunması məqsədilə diaspor sahəsində imkanlar birləşdirilib, ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə birlik və həmrəylik nümayiş etdirilib.

Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporlarının yaxınlaşması və əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb: bütün türk diasporları üçün birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, əksər üzv dövlətlərin diaspor işlərinə cavabdeh qurumları arasında memorandumlar imzalanıb, qurum rəhbərlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilib, Bakıda və Bursada üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramları, Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın gücləndirilməsi proqramları həyata keçirilib.

Dünyanın müxtəlif ölkələrindən diaspor təşkilatları, iş adamları, elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları ilə türk diasporlarına istiqamət vermək təcrübəsinin əsası qoyulub.

Bu zəmində 44 günlük müharibə zamanı türk dünyası tərəfindən göstərilən informasiya dəstəyi Azərbaycan həqiqətlərinin dünyada təbliği, Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısının alınmasında böyük rol oynayıb.

Azərbaycanın 44 günlük müharibə Zəfərindən sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi türk diasporlarının Birgə Fəaliyyət Strategiyası üçün yeni üfüqlər açıb.

Diasporlarımızın gələcək fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən proqram xarakterli sənəddə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin də vahid diaspor hərəkatına qoşulması, əməkdaşlığın, həmrəyliyin inkişaf etdirilməsi ciddi vəzifələrdən biri kimi ortaya qoyulub. Türk dövlətlərinin ortaq diaspor siyasətinin inkişafı ilə bağlı həssaslığı Türk Dövlətləri Təşkilatının müvafiq olaraq 2021 və 2022-ci illərdə İstanbul və Səmərqənd Zirvə Görüşlərində qəbul edilmiş “Türk

Dünyasına Baxış-2040” və “Strategiya 2022-2026” sənədlərində də öz əksini tapmışdır.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd Bəyannaməsi və burada qəbul edilmiş digər sənədlər qarşıya qoyulan mühüm məqsədlərə nail olmaq, xüsusilə dünyada yaşayan türklərin milli hüquqlarının müdafiəsi istiqamətində vahid diaspor hərəkatı çərçivəsində fəaliyyətimizi daha da sıx birləşdirmək üçün əlverişli şərait yaradır.

Türk dövlətləri rəhbərlərinin də vurğuladığı kimi, Zirvə Görüşü bütün türk dünyasını narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, yaşadıqları ölkədən asılı olmayaraq, Türk Dünyası ölkələrində yaşayan gənclərin məktəblərdə ana dilində təhsil almalarının zəruriliyi ilə ifadə olunan problemi Türk Dövlətləri Təşkilatının daim gündəmində olmalıdır. Təəssüf ki, bir çox türkdilli dövlətlərin hüdudlarından kənarda yaşayan türkdilli xalqlar bu imkanlardan məhrum ediliblər.

Bəyan edirik ki, 200 milyonluq Türk Dünyası geniş bir coğrafiyanı əhatə edən böyük bir ailədir. Biz bu ailənin üzvləri olaraq türk dünyasının birliyi məqsədinə sadiq qalacaq, milli maraqlarımız naminə bir-birimizə dəstək olmağa, həmrəyliyimizi gücləndirməyə və əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik!

Şuşa şəhəri, 21 Dekabr, 2022-ci il”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161128