Saat:06:27
Haqqımızda

SÜMSÜY İTİN MONOLOQU – Eldəniz Quliyev yazır

2024-04-01 23:05:13

SÜMSÜY İTİN MONOLOQU – Eldəniz Quliyev yazır

…Mən itəm! Özü də lap sümsüyünnən. Sümsük şəhər tulası. Düzdü, adam kimi oxuyub-yaza bilmirəm, amma onların dediklərini gözəlcə başa düşürəm. Yəqin bəziləri qımışacaq ki, it hara, «başa düşürəm» hara?.. Bəri başdan hürüm ki, belələri səhv eləyillər... Çünki it olanda noolar?  Başım var? Var! Baş da varsa, deməli, onun içində yaxşını pisdən, tüstünü hisdən ayıra bilən bir şey olmalıdı…

Uzağa getməyək, götürək bizim şəhəri! Kor-kor, gör-gör; şəhər çox dəyişib, lap çox. Yəni bunu başa düşməkçün nə oxuyan olmaq lazımdı, nə də yazan, - elə hürən oldun bəsdi.

Hamı harasa qaçır, tələsir, nəsə axtarır, vurnuxur… Qabaqlar belə deyildi… yox, mən bir şey zingildəmirəm, əksinə, tələsmələri yaxşıdı, nə qədər çox tələssələr, vurnuxsalar, çaxnaşsalar, mənə bir o qədər az fikir verəllər. Bax, əvvəllər qırmızıpapaqlar məni görəndə neyçünsə özlərinnən çıxırdılar: «Paşol, paşol otsyuda!» - deyib, qovurdular, elə bil sümsüy it yox, ekstremis - görürdülər, özü də saqqallısınnan!

Amma indi... indi elə deyil. Onlar da dəyişiblər, əllərinə rezin dəyənək götürüblər. Yanımnan keçəndə gülümsüyüllər. Bəzisi hətta məni görəndə şapkasını düzəldir. Elə bil mənə yox, güzgüyə baxıllar… Bir də neyniyəcəklər mənə? İstəsələr belə, bu tıxaclarda tuta bilmiyəcəklər. Çünki bilillər ki, bu yollara nə adam dözər, nə də maşın. Bu yollar insan üçün deyil, yəni, buna dözsə-dözsə, ancaq it dözər, özü də sümsüyünnən.

Nəysə, deyəsən, çox uzağa cumdum, mırıltımın canı budu ki, görəsən, bu adamlar hara tələsillər, niyə tələsillər… Yenə qabaqlar olsaydı, ulayardım ki, bəs dükana-bazara qaçıllar ki, nəysə alsınlar, nəysə satsınlar. İndi adamların dükana girməyilə çıxmağı bir dişdəmlik olur. Özü də necə girillərsə, yazıqlar, eləcə də əliboş çıxıllar…

Amma bazar… bazar başqa məsələ!  Ordan çıxan-çıxan pomidor kimi qıpqırmızı çıxır; elə bil içəridə onları yaxşıca şillələyib buraxıblar. Ya da,  elə bil, bazarda xiyardan başqa heç nə tapmayıblar, xiyarsatan da deyib ki, bəs, alsan da budu, almasan da!

Görürsüz, bunları ki mən görüb başa düşürəm, deməli, kəlləmin içində bir çimdik nəsə var...

Misal üçün, mən dəmir-dümür dükanına baxıram- ham-ham, yox-yox, qəsdən yox, elə-belə; həmin dükanın qabağında yekə bir çala var, çalanın içinnən də iki yoğun isti boru keçir. Qarnım tox olanda özümü verrəm ora, turbaların üstündə şöngüyüb özümçün marıtdıyıram...ham.  Görürəm ki, həmin o dəmir-dümür dükanına çoxlu adam girib-çıxır. Baxır-am… ham-ham ki, gündə filan qədər kəndir, filan qədər də qıfıl alıllar. Elə bil dükanda qıfılla kəndirdən başqa heç nə satılmır. Baxıram... ham… baxırham...ham ki, qıfıl alanların çoxu qəşşəng geyinən, təmiz ayaqqabılı, kabab, bir də vəzifə qoxulu adamlardı. Hətta bəzisinin yaxasına bayrağa oxşayan nişan taxılıb. Ha vaqqıldıyıram, ha büzüşürəm, ha gərnəşirəm,- ağlım bu işdən bir şey kəsmir... Tutalım, təzə ayaqqablılar o qıfılları köhnə ayaqqablıların qorxusunnan alıllar... Bə döşu nişanlıların nəyinə lazımdı qıfıl?..

Kəndir alanlar sallaq-sullaq paltar geyinənlərdi - ayaqqabıları əyridaban, hisli-paslıdı, özləri də mazut, bir də kasıbçılıq qoxusu verillər… Kəndiri sinələrinə sıxıb alınlarını qırışdıra-qırışdıra gedillər… Elə yeriyillər ki, elə bil day bir də yeriməyəcklər… ağır-ağır, dalğın-dalğın; hara gedillər, kəndiri neynillər? – adamoğluyham… ham, əyər bir şey başa düşürəmsə!..

O gün elə həmin dükanın qabağında iki adam söhbət eləyirdi. Biri deyirdi ki, neçə vaxtdı vedrə axtarıram - tapa bilmirəm. O biri də deyirdi ki, heç axtarma qardaş, vedrələrin hamısını hökumət alıb. Alıb ki, öz camaatına bağlasın. Day başa düşmədim hökumət kimdi, vedrəni öz camaatına niyə bağlıyır?.. Biz itlər qədimnən görmüşük ki, vedrəni itin quyruğuna bağlıyallar…

Hamı "qoca ayı axtaran kəpənək" kimi harasa tələsir, qaçır, çaxnaşır, vurnuxur. Elə bil bircə günlük ömür qalıb. Elə bil sabaha… ha… ha… Ham!!! - ümid qalmayıb. Aləm dəyib bir-birinə, kimin ayağı kimin dabanınadı - bilinmir. O günnəri qırmızı, sarı, yaşıl işıqları olan bir dirəyin altında sərilib yatmışdım. «Yatmışdım» deyəndə, biz sümsük itlər üçün nə var- harda gəldi kəlləni atıb şellənirik. Əsas odu ki, pəncələrini içinə yığasan, burnunu gizlədib domuşasan özünçün. Quyruğun bayırda qaldı bəsdi,- hərdən-hərdən bayraq kimi sağa-sola yellə, yəni «mənim sizinlə işim yoxdu…» Hə, həmin o dirəyin altında qorxub-hürkmədən şellənmək olur. Çünki düz dörd yolun ortasındadı, bəni-insan ayağı da dəymir ora; yolun ortasında adamın nə azarı var? Hər tərəfdən maşınlar “dızz-vızz”- gəlir dirəkdəki işıqların qabağında ya dayanır, ya da ötüb keçir. Orda uzanıb mürgüləmək olmazın ləzzətini verir mənə. Elə bil, ilikli sümük gəmirrəm, neyçün ki, bu «dızz-vızz»lar, bu bippiltilər lay-laya oxşayıllar… Harda qaldım?.. Hə, dünəndi, ya srağagün, özümçün şellənmişdim həmin o rəngli işığı olan dirəyin dibində, nətər oldusa, huş apardı məni. Bir hovurdan dik atıldım. Nə görsəm yaxşıdı? Gördüm ki, başımın üstündəki işıqların hamısı birdən yanır: qırmızı da, sarı da, yaşıl da eyni vaxtda yanırdılar. Yolda bir həngamə, bir hoqqa, bir mərəkkə vardı ki, gəl görəsən! Dörd tərəfdən gələn maşınlar bir-birinə pərçimlənib dayanmışdılar. Bir vur çatdasın, bir vurhavur, bir bippilti, bir tırtıltı, bir gupbultu  vardı ki, lap quyruğunu qıs-dızqırt…

Hə, zingiltimin canı budu ki, mən bu «tupoy» it başımla başa düşdüm  ki, axır zamanlar adamlara noolubsa, bütün şəhər elə bu cür yaşayır. Bir yannan göy işıq, bir yannan sarı, bir yannan da qırmızı. Yəni həm hər şeyə icazə var, həm də heç nəyə  icazə yoxdu. Həm  yeri, həm  də yerimə! Həm danış, həm də danışma!.. Belə şey olar, belə yaşayış olar? Özü də mən bu  mişoppa başımla qanıram  ki, təkcə bizim şəhərdə yox, hər yanda vəziyyət belədi. Elə bil hər yanda hamı elə bu sayaq yaşayır… Birdən kiməsə elə gələ bilər ki, mən başımnan yekə ham-ham eliyirəm,  yəni özgə yerlərdən, şəhərlərdən-zaddan xəbərim olmaya-olmaya hürürəm...Belə deyil.

Bir gün dəcəl bir uşaq dartıb məni evlərinə aparmışdı. Yedizdirib-içizdirib özüdanışan, özügöstərən qutunun qabağında şöngütdü, dedi ki, it oğlu it, otur bax, gör bizim qəşəng ölkəmizdə nələr var! Mən də baxdım. Nələr gördüm, nələr gördüm?! Adam oğluyam əyər yalan mırıldayıramsa. Elə şeylər gördüm ki, tüklərim biz-biz oldu; deməyəsən, bizim şəhər  kənddə-kəsəkdə olanların yanında toya getməliymiş. Butulka üstündə baş yarıllar. Bir parça ət  üstə bir-birini boğurlar. Hara baxırsan,  hirs-hikkə, dava-şava. Dava, hirs-hikkə! Dava eləməyənlər isə iclas eliyillər. Nə qədər iclas keçirmək olar, a başıva dönüm?! Vay o şəhərlərin, kəndlərin itlərinin halına! Yəqin öz quyruqlarını gəmirməkdən başqa, yeməyə bir şey tapmırlar. Anladım, qandım ki, dünya yaman qarışıb...

…Hə, uşağın anası gəlib məni qovmasaydı, bəlkə də həmin qutuya çox, lap çox baxacağdım - canım çıxanacan baxacağdım...

Ehh, nəysə…

Hə, bir-iki ağız da öz müftəyeyən həmcinslərim haqda hürüm... Əvvəllər ev itləri vecinə almırdılar məni, yanımnan burcuda-burcuda ötüb keçirdilər, - fors eliyirdilər. Yəni «Tində-bacada vaqqıldaya-vaqqıldaya sümük gəmirən sümsük it hara, maşında gəzən, isti evdə yatan tumarlı it hara?!» Beləcə, fors eləyə-eləyə evlərini yıxdılar. Qulağımı gəmirdərəm, bu dəqiqə həmin o sığallı itlər mənə – mən sümsüy itə həsəd aparmırsa. Niyə? Çünki yeməyə bir şey tapmırlar. Qaraciyər paştetinə, «sveji» ətə, qətletə, qənfetə öyrəşən it itdi bəyəm? İndi  qalıblar mırıldaya-mırıldaya,- nə sümük gəmirə bilillər, nə də boğuşa... Tumara öyrəşə-öyrəşə yalağlaşıblar: dırnaqları da dişləri kimi pambığa dönüb…

Mən bu dınqılı kəlləmlə başa düşürəm: it it kimi yaşamalıdı, adam adam kimi! Adam kimi yaşayan itnən it kimi yaşayan adamın nə fərqi var?..

Amma öz aramızdı, it öz yerində, axır zamanlar it kimi yaşayan adamların sayı yaman artıb…

O gün hansısa bir bankın  qabağında  iki fəhlə söhbət eləyirdi. Öz qulağımla eşitdim. Biri deyirdi ki, belə də yaşayış olar, belə də dolanışıq olar? Səhərdən axşamacan əlləş-vuruş, tər tökə-tökə işlə, çalış, yenə də ac oğlu acsan! O birisi onun sözünü təsdiq eləyirdi: «Düz deyirsən, qardaş, bizim həyatımız adam həyatı deyil ha, it zülmüdü».

Hayıf ki, adam kimi danışa bilmirəm, yoxsa deyərdim: «Burda saxla! İt yazıq deyilmi, sizin kimi ömür sürsün?». Deyərdim ki: “ Ay adam, ay insan, sən it əzabı çəkmirsən ey, itdən də betər əzab çəkirsən!..”

Bax, burda məni ağlamaq tutur. Bəli, mən, - əslimi-nəslimi tanımayan sümüy ölüsü sümsüy it, adamların bu halına yanıram, dözə bilmirəm… ağ… ağlayıram…ham!

Kim deyir ki, itin ürəyi yoxdu? İtin ürəyi yoxdusa, bə bu göz yaşları hardan əmələ gəlir?..

Yazıq, yazıq adamlar…

Eldəniz QULİYEV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.286696