Sumqayıt sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - ŞİKAYƏT
Sumqayıt sakini Tanırverdiyeva Arzu Oruc qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yoldaşı Tanırverdiyev Bəhruz 1-ci qrup əlil olsa da, 2-ci qrup əlil kimi qeydiyyata alınıb:
“Mən, Tanırverdiyeva Arzu Oruc qızı, yazaraq bildirirəm ki, ailəliyəm, bir qız övladım var. Sumqayıtda qaçqınların məskunlaşdığı binada yaşayırıq.
Həyat yoldaşım Tanırverdiyev Bəhruz 1-ci qrup əlil olsa da, ona 2-ci qrup əlillik veriblər.
Bildirim ki, qızım 1-ci kurs tələbəsidi. “Azərbaycan” Universitetində Sosial iş üzrə təhsil alır. Hər il 3 min manat təhsil haqqı ödəyirik. Maddi durumumuz çox ağırdır. Odur ki, təhsil almasına baxmayaraq, qızım həm də işləmək məcburiyyətindədir.
Belə bir vəziyyətdə həyat yoldaşıma 2-ci qrup əlillik verilməsi qanunsuzluqdur və aidiyyəti qurumlardan xahiş edirik ki, bu işdə bizə kömək etsinlər”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla danışdıq. O, əməkdaşımıza bildirdi: “Sumqayıt sakini, 1970-ci il təvəllüdlü Tanırverdiyev Bəhruz Abbas oğluna 28.08.2022-ci il tarixdə Gözdən əlilliyi olan şəxs kimi orqanizm funksiyalarının 70% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb.
Hazırda isə şəxsin əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən heç bir yeni forma-88 göndərişi elektron sistemə daxil edilməyib.
Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən Bəhruz Tanırverdiyevin hazırki sağlamlıq vəziyyəti ilə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra qanunvericiliyə uyğun olaraq onun əlilliyi ilə bağlı müvafiq qərar veriləcək”.
Aynurə İSMAYIL
Hurriyyet.az