Strateji valyuta ehtiyatları artsa da, minimum əməkhaqqı və ya minimum pensiya artırılmır
Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı ölkə üzrə 300 manat olacaq, amma minimum əməkhaqqı və minimum pensiyada isə heç bir artım nəzərdə tutulmayıb.
Yəni minumum əməkaqqı 400 manat, minimum pensiya isə 320 manat olduğu kimi saxlanılacaq. Bu isə sosial şəbəkələrdə, ümumiyyətlə, insanlar arasında suallar doğurur ki, qiymətlərin günbəgün artması fonunda minimum əməkhaqqı və ya minimum pensiya niyə artırılmır? Amma maraqlı olan odur ki, ölkənin strateji valyuta ehtiyatları artsa da, minimum əməkhaqqı və ya minimum pensiya artırılmır.
Nəzərə çatdıraq ki, baş nazir Əli Əsədov bu gün “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollara çatıb: “Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 milyard manat) üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur”.
Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyası da bu gün verdiyi bəyanatda tələb edir ki ölkə vətəndaşlarının maddi rifahının artırılması məqsədilə Azərbaycan hökuməti qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun olaraq minimum əmək haqqını orta əmək haqqının 60 faizinə qədər qaldırmalıdır.
Məsələ ilə bağlı mövqeyini ifadə edən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hurriyyet.az -a bildirib ki, gələn il minimum əməkhaqqının və minimum pensiyanın artırılması nəzərdə tutulmayıb: “Bunu büdcədə olan problemlərlə izah edirlər. Yəni büdcənin gəlir və xərc hissəsi ilə olan problemlərlə əlaqələndırirlər. Büdcəmiz ümumiyyətlə, cəmi 0,6 faiz artır”.
CAVİD
