"SSRİ xortlayır, Qərb də postsoveti Rusiyaya güzəştə gedib mənasız siyasət aparır" - NATİQ CƏFƏRLİ

2021-09-10 11:58:00

"Qərbin anlaşılmayan siyasəti nəticəsində "Batka"nı tam Kremlin qucağına qoydular"

"Lukaşenko ilə Putinin mətbuat konfransına baxdım, təəssüf ki, aylar öncə yazdığımız olur - Qərbin anlaşılmayan siyasəti nəticəsində "Batka"nı tam Kremlin qucağına qoydular, "İttifaq Dövlətinin" yaranması üçün 28 istiqamətdə sənədlər imzalandı, növbəti addım siyasi, hərbi birlik olacaq - SSRİ-ni xortladacaqlar". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, 1,5-2 il öncə Belarus Qərblə münasibətləri düzəltməyə çalışırdı, Avropa Birliyi ilə saziş üzərində iş gedirdi, indi isə tam Kremlin nəzarətinə keçir-keçəcək: "Maraqlı olan odur ki, "Taliban" kimi bir təşkilatla, "daha neynəyək, güc sahibidirlər, gərək görüşək, danışaq, anlaşaq", deyən Qərb, Lukaşenko ilə birbaşa danışmaq istəmir, onu tanımır - bu yanaşma siyasi karikaturadır. İndi bəzi içiboşlar çıxıb deyəcək ki, mən Lukaşenkonun tərəfindəyəm, dəstəkləyirəm. Mənim dərdim başqadı, SSRİ xortlayır, Qərb də postsoveti Rusiyaya güzəştə gedib mənasız siyasət aparır, guya uzun oynayır, 15-20 illik plan qurub Kremli əlavə maliyyə, siyasi ağırlıqla yükləyib zəiflətməyi düşünür. Ola bilər ki, 15 ilə bu alınsın, amma bu 15 il post-sovetdə yaşayanlar zülm çəkməlidirlər?! Daim Şimaldan təhdid yeməlidirlər?! Sabah Donbası tərkibinə qatsa, Xankəndindəki de-facto tanıdığı qondarma rejimi de-jure tanısa Qərb nə edəcək?! Yenə mənasız sanksiyalar qoyacaq?!

Ümumbəşəri dəyərlərə təməldən inanan, onları təbliğ edən, azad seçki, rəqabətli bazar, ədalətli məhkəmə uğrunda mübarizə aparmağı həyatın əsas hədəfi seçmiş bir insan olduğunu vurğulayan Natiq Cəfərli qeyd edib ki, Qərbi cəlbedici edən məhz bu dəyərlərə sadiq qalması idi, indi baş verənlər isə azadlıqların çərçivəyə salınmasıdır: "Əvvəl terror təhdidi, indi də virus "şizofreniyası" ilə azadlıqlar daha da məhdudlaşdırılır və bu çox təhlükəli trenddir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az