SSRİ-ni yıxan görüşün keçirildiyi villa satışa çıxarılıb
Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov (1931-2022) və ABŞ prezidenti Ronald Reyqanın (1911-2004) 19 noyabr 1985-ci ildə Soyuq Müharibənin sonuna səbəb olan görüşünün keçirildiyi villa satılır.
Cenevrə gölünün sahilində yerləşən tarixi Villa Fleur d'Eau (fransızca "su çiçəyi" deməkdir) 3 milyon İsveçrə frankına (29 milyon dollar) təklif olunur.
Bildirilir ki, 12 otaqlı malikanə təxminən 1000 kvadrat metr sahəni əhatə edir. Bina 1867-ci ildə bir bankir tərəfindən sifariş edilib. Hazırda onu satışa çıxaran beynəlxalq şirkət malikanəni 1996-cı ildə 2,4 milyon franka (o dövrdəki məzənnə ilə təxminən 2 milyon dollar) alıb. Alıcılara həmçinin Monblan mənzərəli 12.000 kvadrat metrlik bitişik park sahəsi təklif olunur. Qeyd olunur ki, villa əvvəllər payızda hərraca çıxarılıb, lakin satılmayıb.
Qorbaçov və Reyqan 19-21 noyabr 1985-ci il tarixlərində Cenevrədə görüşdülər. Bu, SSRİ ilə ABŞ arasında münasibətlərdə 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana müdaxiləsi nəticəsində yaranan daha bir soyuqlaşma dövründən sonra ilk görüş idi. 1981-ci ildə hakimiyyətə gələn Reyqan Sovet İttifaqını "şər imperiyası" adlandıraraq kosmik raket əleyhinə proqramının (Strateji Müdafiə Təşəbbüsü) hazırlanmasına başlamışdı. Cenevrədə keçirilən danışıqlardan sonra tərəflər "nüvə müharibəsinin qəbuledilməz olduğunu", "onda qalib ola bilməyəcəyini" etiraf etdilər və "bir-birindən hərbi üstünlük" axtarmayacaqlarına söz verdilər.\\Musavat.com
