Şri-Lankadan sonra iğtişaşların gözlənildiyi kimi TÜRKİYƏDƏ DEYİL, İRANDA OLMASININ SƏBƏBLƏRİ...

2022-05-30 13:02:00

Şri-Lankadan sonra iğtişaşların gözlənildiyi kimi TÜRKİYƏDƏ DEYİL, İRANDA OLMASININ SƏBƏBLƏRİ...

Xaqani Cəfərli: "Müxalifət xalqın narazılıqlarını ifadə etməklə, etiraz aksiyaları düzənləməklə cəmiyyətin iğtişaşa yuvarlanmasına imkan vermir, cəmiyyət isə onu qane etməyən vəziyyətin müxalifət tərəfindən düzəldiləcəyinə inanaraq kortəbii etirazlar etmir"

"Bir neçə gün öncə İranda kütləvi iğtişaşlar baş verəndə ekspertlər bunu yüksək inflyasiyanın doğurdu bahalaşma ilə izah edirlər. İranda inflyasiya 40 faizdən bir qədər aşağıdır. İrandan öncə isə oxşar hadisələr Şri-Lankada baş vermişdi. Şri-Lankada iğtişaşlar baş verəndə etirazların növbəti ünvanının Türkiyə olacağı ilə bağlı proqnozlar vardı. Çünki Türkiyədə inflyasiya İrandan çox yüksəkdir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloq qeyd edib ki, əgər İranda inflyasiya illik 40 faizdirsə, Türkiyədə rəsmi məlumata görə, inflyasiya 70 faizdir: "İnflyasiyanı Araşdırma Qrupu (ENAG) isə inflyasiyanın səviyyəsinin rəsmi məlumatlardan iki dəfə yüksək 142,63 faiz həddində olduğunu bildirir. Türkiyə hakimiyyətinin statistik məlumatları dəyişdirdiyini güman edən ekspertlər ENAG-ın məlumatlarına daha çox etibar edirlər. Hətta rəsmi məlumatı əsas götürsək, Türkiyədə inflyasiyasının İrandan az qala iki dəfə yüksək olduğu görünür. Elə isə Şri-Lankadan sonra iğtişaşların gözlənildiyi kimi Türkiyədə deyil, İranda olmasının səbəbləri olmalıdır".

Xaqani Cəfərlinin qənaətincə, bunun əsas səbəbi İranın totalitar, Türkiyənin isə qismən azad ölkə olması, yəni Türkiyədə müxalifətin olması ilə bağlıdır: "Müxalifət xalqın narazılıqlarını ifadə etməklə, etiraz aksiyaları düzənləməklə cəmiyyətin iğtişaşa yuvarlanmasına imkan vermir. Cəmiyyət onu qane etməyən vəziyyətin müxalifət tərəfindən düzəldiləcəyinə inanaraq kortəbii etirazlar etmir. Demokratik sistemlərdə müxalifət bunun üçün dəyərlidir. Çünki müxalifət ancaq demokratik sistemlərdə, iqtidar isə bütün rejimlərdə mövcud olur. Odur ki, Azərbaycanda müxalifəti qaralamaqdan yorumayanların indi də Türkiyə müxalifətini hədəf alması qədər yanlış və mənasız fəaliyyət ola bilməz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya