Saat:00:54
Haqqımızda

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi… REPORTAJ+FOTOLAR

2024-03-27 22:06:25

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi… REPORTAJ+FOTOLAR

Martın 23-də nəzərdə tutulan “Neftçi”ylə Moskva “Spartak”ı arasındakı yoldaşlıq görüşü ləğv olundu.

Bir gün əvvəl Moskvada baş vermiş terror aktını nəzərə alan Rusiya təmsilçisi “ağ-qaralar”a müraciət edərək meydana çıxmağın etik cəhətdən düzgün olmadığını bildirincə, bizimkilər ruslarla razılaşdı.

Oyunun ləğv olunması barədə anons matçın başlama saatına 2 saat qalmış yayıldı.

Artıq həmin vaxt bilet alan azarkeşlər şənbə günü üçün plan qurub, stadionun yolunu tutmağa hazırlaşırdı. Aktiv sosial şəbəkə istifadəçiləri olaydan xəbər idisə, bilməyənlər də var idi.

Görüşün başlama saatından bir saat əvvəl “Neftçi Arena”ya yollanmağımın səbəbi də orada yaşananları yaxından izləmək, xəbər materialı hazırlamaq idi.

Görüşü canlı yayımlamalı olan “CBC Sport”un texniki vasitələri bir neçə saat əvvəldən arenaya daxil olmuşdu. Min bir əziyyətlə yayıma hazırlıq görən telekanalın əməkdaşlarını məlum xəbərə sarsılmışdı.

Özləri demirdi, çöhrələrindəki ifadələr bildirirdi. Əşyaları toplayıb geri qayıtmaqdan başqa çıxış yolu qalmamışdı.

Elə “Neftçi”nin məşqçi və futbolçularını daşıyan avtobusun sürücüsü İntiqama da “bıçaq vursaydın qanı çıxmazdı”.

Komanda üzvlərini bazadan stadiona gətirən nəqliyyat vasitəsi sanki oyun bərpa olunacaqmış kimi yerini tərk etmək fikrində deyildi. Futbolçular pərakəndə şəkildə arenadan ayrılsalar da, avtobus 17.30-da yola düşdü.

“Neftçi Arena”nın ətrafında ciddi ajiotaj müşayiət olunmasa da, 2-2, 3-3 gələnlər var idi. Azərbaycanlı futbolsevərlərlə yanaşı, “Spartak”ı dəstəkləmək üçün kassaların önünə tərəf yön alanlarla rastlaşdım.

8-ci kilometrin (el arasında “Vosmoy” kimi tanınır) azyaşlıları rusları görüb onları əhatəyə almışdı.

Biri əlindəki bileti qonaqlara satmaq istəyir, bir başqası siqaret xahiş edir, söhbətə sonradan qoşulan isə su almaq üçün 1 manat tələb edirdi. Xahiş yox ha, məhz tələb edirdi.

Ümumi müşahidələrin ardınca rusiyalı azarkeşlərə yaxınlaşıb jurnalist olduğumu bildirəndən sonra sorğu-sual zamanı başladı. Onlar lazım olan məlumatları məndən almağa çalışır, mən özümə maraqlı olan suallara cavab axtarırdım.

Söhbət əsnasında məlum oldu ki, 41 ildir “Spartak”a azarkeşlik edən Vlad İtaliyadan gəlib. Buna qədər bir dəfə Azərbaycanda olub və buranı çox bəyənib.

Sevimli komandasının Bakıya səfər edəcəyini eşidəndə, bunu “Spartak”ı stadiondan dəstəkləmək və ciddi inkişafa nail olmuş paytaxtımızı görmək üçün yaxşı fürsət bilib.

Oyunun ləğv olunmasına görə üzgün olsa da, qərarın hər kəs tərəfindən anlayışla qarşılanmalı olduğunu da etiraf etdi. Lakin nədənsə şəkil çəkdirməyə razılıq vermədi. Əslində, şəkli hansı məqsədlə çəkməyimin səbəbi ilə maraqlanıb razılaşmışdı. Qəfil ağlına nə gəldisə üzr istəyib imtina etdi.

Digər iki nəfər daha ünsiyyətcil idi və hiss olunurdu ki, məlumat toplamaqda maraqlıdırlar. “Neftçi”nin stadionunun həcminə görə kiçik olması ağıllarında dolaşan əsas sual idi.

Oyunun ləğv olunması ilə bağlı qərarın cəmi 2 saat əvvəl verilməsinə baxmayaraq, stadionun ətrafında azarkeşlərin sayının az olmasını soruşdular, yekunda bilet sayı ilə maraqlandılar.

Onlar Azərbaycanı təriflədilər, mən isə az öncə verdikləri sualları cavablandırdım və beləcə növbəti dəfə görüşmək ümidi ilə əl sıxıb ayrıldıq.

 

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi…

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi…

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi…

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi…

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi…

“Spartak”a görə İtaliyadan “Vosmoy”a gəlmişdi…

HƏBİB / SPORTİNFO.AZ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR