Soyuqdəymə zamanı bunlara diqqət edilməlidir - Ekspert AÇIQLADI
Qışın yaxınlaşması ilə qrip və soyuqdəymə geniş yayılmağa başlayıb. Bəs buna qarşı necə mübarizə aparılmalıdır? Qidalanma zamanı nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Modern.az-ın suallarını qida eksperti Fərid Səfərov cavablandırıb.
Ekspert bildirib ki, qrip kimi tanınan soyuqdəymə qış aylarında ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir:
“Semptomları qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrısı, yorğunluq, zəiflik, öskürək, burun axması və boğaz ağrısı olan soyuqdəymə ilə mübarizə aparmaq lazımdır. Yetkinlər ildə bir neçə dəfə, körpələr və uşaqlar isə tez-tez qrip ola bilər. Soyuqdəymə adətən 7-10 gün ərzində sağalır. Siqaret çəkənlərdə xəstəliyin təsiri daha uzun sürə bilər”.
Müsahibimizin sözləruinə görə, soyuqdəymə ümumiyyətlə, ciddi müdaxilə tələb etmir və bol istirahət, su və vitamin əlavələri ilə aradan qaldırıla bilər:
“Soyuqdəymədən sağalmaq üçün çoxlu istirahət tövsiyə olunur. Bol su istehlak etmək, toyuq şorbası, isti çaylar, bal, sarımsaq, soğan, zəncəfil soyuqdəymə üçün yaxşı olan üsullar arasındadır. Ancaq simptomlar yaxşılaşmırsa və ya pisləşirsə, həkimə müraciət etmək tövsiyə olunur. Soyuqdəymənin əlamətlərini aradan qaldırmaq üçün bir çox reseptsiz dərman variantları da mövcuddur. Bununla belə, bu dərmanların bəziləri təhlükəsiz olmaya bilər. Buna görə də hər hansı bir reseptsiz dərman istifadə etməzdən əvvəl həkimə müraciət etmək daha yaxşıdır”.