Saat:07:06
Haqqımızda

"Sosial sığorta haqqında" Qanununda yeni dəyişikliklər PENSİYA MƏBLƏĞİNİ NƏ QƏDƏR ARTIRACAQ?

2023-02-07 11:19:00

Vüqar Bayramov: "Məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir"

"Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Sosial sığorta haqqında" Qanununda yeni dəyişikliklər müzakirə edildi və plenar iclasa tövsiyyə olundu. Bu dəyişiklik ilə bağlı medianın və eləcə də vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq qeyd etmək istərdik ki, dəyişiklik dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcək". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin bildirdiyinə görə, ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir: "Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir. Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək".

CESD sədri hesab edir ki, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir: "Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR