Sonsuz sayda dünyalar
(Birinci hissə)
Kosmosu araşdıran dünya tarixinin ilk elmi-tədqiqat institutu İsgəndəriyyə kitabxanası olub. Kosmos - kainatdakı nizamı bildirən yunan sözüdür. Öz mənasına görə "xaos"un əksidir və var olan hər şeyin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu vurğulayır. İsgəndəriyyə kitabxanasında Eratosfenlə yanaşı, bürclərin xəritəsini tərtib edən və ulduzların parlaqlıq dərəcəsinə dair təxminlər irəli sürən Hipparx; çətin riyazi məsələ qarşısında aciz qalan krala "Həndəsədə krallar üçün xüsusi bir yol yoxdur" deyən Evklid; Evlidin həndəsəsindəki uğurunu dilçilik sahəsində təkrar edərək, nitq hissələrini bir-birindən ayıran və qrammatika qaydalarını tərtib edən frakiyalı Dionis; ağıl mərkəzinin ürək deyil, beyin olduğunu müəyyənləşdirən fizioloq Herofil; dişli çarx ötürməsinin və buxar mühərrikinin ixtiraçısı, eyni zamanda robortlar haqqında ilk kitab olan "Automata"nın müəllifi İsgəndəriyyəli Heron; mexanika sahəsinin dahisi Arximed; astronom Ptolomey; astronom və riyaziyyatçı Hipatiya yaşayırdı.
Məhşur amerikan astofiziki C. Saqan kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun formalaşmasından bəhs edən "Kosmos" əsərində qədim müdriklərin fikirlərindən, Kepler, Nyuton və Eynşteynin kəşflərindən və müasir kosmik missiyalardan bəhs edir. Kitabın giriş hissəsi də aşağıdakı kimi başlayır.
Son əsrlərin məhsulu olan astrobiologiya, astrofizika elmləri kainat haqqında bilikləri öyrənməyimizdə böyük rol oynayır. Klassik yunan düşüncələrindən başlayan bu kitab elmi müzakirələr üçün əla vəsait sayılır. Amma kitab daha çox fəlsəfi olaraq kainatla insanın əlaqəsi barədədir. Saqan yerdənkənar sivilizasiyaların varlığına inanır.
Mayyaların müqəddəs mətnlərində "Yer üzünün genişliyini dərk etdinmi, işığın mənbəyinə aparan yolu tapdınmı, bəs, qaranlığın yerini?" kimi bu gün də aktual olan suallardan sitat gətirən müəllif Paskalın "Düşüncələr" əsərinə müraciət edir. Həmin əsərdə "kainat məni hər tərəfdən əhatəyə alır və bir atom zərrəciyi kimi udur. Mənsə düşüncələrimlə kainatı qavrayıram" deyilirdi.
Bir çoxumuz tez-tez kosmos sözünü işlədirik. Müəllif "kosmos olmuş və ya olan, ya da olacaq hər şeydir" yazmaqla diqqətimizi bir vacib nüansa çəkir: Kosmosun yaşı və ölçüsü adi insan qavrayışının sərhədləri xaricindədir.
Evimiz olan Yer kürəsi sonsuzluğun içində itmiş kiçik bir planetdir. Həmişə yazılarımda önə çəkdiyim bir düşüncəyə Saqanın bu kitabında da rast gəlirəm. Həqiqətən də kosmosdan baxanda özümüzü vacib və əhəmiyyətli sayan biz maraqsız varlıqlarıq. Kimləsə, hardasa dünya əhəmiyyətli bir narazılıq salanda, yəni işi çox böyüdəndə özümüzə çox uzaqdan - kosmosdan baxsaq, cılızlığımızın mahiyyətini dərk edərik. Bəzi insanların özlərini ağa kimi, diktator kimi apardığı bir dövrdə, hikkədən az qala partlayacağı bir zamanda yuxarıdan baxanda milyardan biri olduğunu görmək, görəsən onları bu əməllərdən çəkindirə bilərdimi?
Hətta ibtidai dövrdə də insanlar sevib və tərk edilib və ya özü tərk edib, ya da sadəcə istəməyib. Bu gün də eyni hadisələr baş verir. Amma hər kəs özünü çox vacib sayaraq, özünü qalaktika sayaraq dərdini dünya boyda hesab edir. Kaş bu kitabı oxuduqdan sonra zərrə olduğumuzu həqiqi mənada anlayardıq…
Son illərdə kosmos haqqında kəşflər skeptizm, həm də təxəyyülün köməyi ilə baş verdi. Fərziyyələri sınaqdan keçirmək haqqında danışan müəllif zəngin kosmosu belə tərif edir: "Müxtəlif və incə parçalar, bunların arasında mürəkkəb qarşılıqlı əlaqələr, heyranlıq doğuran möhtəşəm nizam- intizam".
İşıq şüasının saniyədə 300 000 km sürətlə irəliməsi və bu məsafənin Yer kürəsi ətrafında təxminən yeddi dövrəyə bərabər olması fizika dərsindən hər birimizə məlumdur.
Əgər biz qalaktikalararası fəzada uyğun bir yer tutub, ətrafı müşahidə etsək, müxtəlif qalaktikaları görərik. Onlar işıq zolaqları şəklində gözümüzə görünər. Onlardan bəziləri tənha səyyah kimidir, bəziləri icma halındadır, qazdan, tozdan, ulduzdan ibarətdir.
Yer kürəsi insanları təcrid halında və tənhalıq içində təkamül etmişik, kosmosu dərk etməyə çox gec başlamışıq. Bütün bu fikirləri "kosmik okeanın sahillərində" hissəsinə yerləşdirən müəllifə bədii suallar vermək içimdən gəlir: Bəlkə, buna görə biz tənhayıq? Bəlkə bizi sevən və sevməyən böyük şəhərlərin, böyük kütlələrin içində yalqız insan ürəyini güc-bəla ilə daşıyır? Bəlkə bu səbəbdən insan çoz darıxır? O daim nələrsə edir, yeniliklər əldə edir, həyatını isə bir qayda olaraq nizama sala bilmir, daim nəsə axtarır və daim narazıdır? Bəlkə bizim bu mənəvi kimsəsizliyimiz elə yer kürəsinin təcrid, tənhalıq içində digər qalaktikalardan ayrı qalıb təkamül etməsinə görədir? Bəlkə bizim yarı hissələrimiz başqa planetlərdədir? Bəlkə bizim darıxmağımıza səbəb onlardır?
Müəllif isə "bəzi dünyalarda ağıllı canlılar təkamül edib, öz planetlərinin səthində böyük mühəndis qurğuları yarada bilərlər. Onlar kosmosdakı bacı-qardaşlarımızdır. Bizdən çoxmu fərqlənirlər? Hansı formadadırlar? Biokimyəvi və neyrobioloji qurluşları necədir? Tarixləri, siyasətləri, elmləri, sənətləri, musiqiləri, dinləri və fəlsəfələri nədir?" sualları ilə mənə qarşılıq verir.
Bəlkə elə bu səbəbdən Misirin İsgəndəriyyə şəhərində yaşayan Eratosfenin kitablarının biri "Astronomiya", digəri isə "Əzablardan qurtuluş" adlanırdı.
İnsanların çoxunun fikir vermədiyi müşahidələr, məsələn, kölgələr, quyuda işığın əks olunması, günəşin səmada mövqeyi Eratosfen üçün çox əhəmiyyət kəsb edirdi.
Məhz onun yer kürəsinin səthinin yuvarlaq olmasına dair apardığı təcrübələr ilk kosmik biliklərin Şərqdə yaranmasının bariz nümunəsidir.
İsgəndərdən sonra Misiri idarə edən yunan hökmdarları da elmə ciddi yanaşırdılar. İsgəndəriyyə kitabxanası ərazisində botanika bağı, zoopark, anatomiya otağı, rəsədxana var idi. Yarım milyona yaxın əlyazmaları olan kitabxananın böyük yemək salonunda elmi mübahisələr gedirdi. Klassik sivilizasiyanın süqut etdiyi və kitabxananın qəsdən dağıdıldığı məlumdur. Müəllif yuxarıdakı məlumatlardan sonra qeyd edir ki, samoslu astronomiya alimi Aristaxın əsərində Yer kürəsinin planetlərdən biri olduğu, Günəşin ətrafında fırlandığı sübüt olunub. Əsərin parçalarından bu məlumatları əldə etmək bizi iki min il gözləməyə məcbur edib. Müəllif daha sonra yazır: "Təsəvvür edin ki, İsgəndəriyyə kitabxanasına oxucu kartımız olsaydı, keçmişin neçə müəmmalarını həll edə bilərdik. Beros adlı kahinin yazdığı üç cildlik "Dünya tarixi" dünyanın yaradılışından Böyük Tufana qədər olan dövrü, yəni təxminən 432 min illik tarixi əhatə edirdi".
Kitabdan sitatlar gətirməklə, müəllifin kosmos haqqında kitabına qədim tarixdən yazdığı mətnləri sizə təqdim etməklə biz nə əldə etdik? Ən azından hər bir elmi kitabın mənəvi tərəfləri olduğunu önə çəkmək istədik. Bir insanın elmli olması, savadlı olması gözəldir. Amma, məsələn beyinə və ya kosmosa dair kitab oxuduqda özünün mənəvi məsələlərini bu yöndən həll etməsi ikiqat gözəldir. Yəni, əgər mən kosmosdan baxanda özümü bir zərrə kimi görürəmsə, hikkədən uzağamsa, mənə edilən pisliyin acısını uzun illər yaşamıramsa, "dünyanı dağıdacağam!" kimi vulqar ifadələr işlətmirəmsə, özümü axının bir hissəsi hesab edirəmsə, bunda elmi kitabların böyük rolu olub. Məhz, bu kitablar mənim sadə insan olmağımda böyük rol oynayıb. Bu cümlədə mənim dedikdə, oxucu nəzərdə tutulur.
Biz elmi əsərlərə müraciət etdikdə, özümüzü böyük elmin inkişafına xidmət edən biri kimi görərikcə, bütün bunlar bizim cılız işlərdən uzaqlaşmağımıza səbəb olur. Biri kitabı yazır, biri oxuyur, biri paylaşır, biri şagirdlərinə, dostlarına danışır, biri oxuduqları haqqında mətn hazırlayır və bütün heyət olaraq elmə xidmət etmiş oluruq, maarifləndirmənin bir qolu oluruq.
Könül Nuriyeva