"Son təyinatlar ölkə ictimaiyyətində gülüş doğurub" - Təhsil eksperti

2022-08-05 13:58:00

"Təhsil sistemində aparılan islahatlar prosesi kimi regional təhsil idarələri yaradılması uzun müqavimətdən sonra nəhayət ki, reallaşdırıldı. Artıq ikisi istisna olmaqla idarələrə təyinatlar həyata keçirilib. Sosial lift ilə vəzifələrə yüksələn Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin təyinatı istisna olmaqla yerdə qalan 8 idarəyə rəhbər təyinatı yalnız gülüş, təəccüb və ən yaxşı halda sual doğura bilər".

Hurriyyet.az xəbər verir ki, bunları təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə ixtisasca pedaqoq olan müdiri Bəhruz Mehdiyev təlimçilik və bankçılıq fəaliyyətindən sonra lisey direktoru postuna, oradan da  yaşamadığı və işləmədiyi bölgəyə təyinat almağı bacarıb: "Mərkəzi Aran Regional Təhsil İdarəsinin ixtisasca pedaqoq olan müdiri Elçin Kərimov yerli təhsil idarəetmə orqanının rəhbərliyinə, oradan da mərkəzi təhsil idarəetmə orqanlarına sosial lift ilə vəzifələrə yüksəlməklə karyerasını qursa da bu bölgədə yaşamadığı və işləmədiyi diqqəti çəkir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin heç vaxt məktəblərdə işləməyən təcrübəsiz müdiri Elxan Nəcəfovun kurs əməkdaşlığından birdən-birə Təhsil İnstitutuna, oradan da heç vaxt yaşamadığı və işləmədiyi bölgəyə vəzifəyə təyin edilməsi və digər regionlarda yaşayan kurs yoldaşlarını müavin və sektor müdiri vəzifələrə gətirməsi nəzərdən yayınmır. Qeyd etdiyimiz bu təyinatlar müəyyən suallar doğurur".

Ekspert bildirib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri, ixtisasca mühasib olan Sənan Mənsimli ərazi maliyyə hesablaşma mərkəzi rəhbərliyindən və nazirliyin bəzi layihələrinin maliyyələşməsini həyata keçirməklə təhsil sahəsində idarəetmə vəzifələrinə yüksələ bilib: "Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, xaricdə də təhsil alan ixtisasca mühasib olan Anar Qədiməliyev nazirliyin strukturunda çalışandan sonra Gəncə şəhər yerli təhsil idarəetmə orqanın rəhbərliyindən  indiki vəzifəyə təyinat alıb. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev nazirlik və onun strukturlarında çalışdığı adi vəzifələrdən heç vaxt yaşamadığı və işləmədiyi regiona təyinat alıb. Yuxarıdakı təyinatlar isə yalnız təəccüb doğurur. Qarabağ Regional Təhsil İdarəsinin ixtisasca hərbçi olan müdiri Gündüz Əbdülov hərbi sahədə müxtəlif vəzifələrdə işləyəndən sonra TƏBİB-in aparat rəhbəri postundan bölgə təhsilinə rəhbər təyin edilib. Təhsilə bağlılığı ümumiyyətlə olmayan polkovnikin bu vəzifəyə təyinatı fəaliyyətləri sual doğurduğu üçün vəzifədən uzaqlaşdırılan TƏBİB rəhbərliyində təmsil olunması faktı ilə birlikdə nəzərdən keçiriləndə qəribə mənzərə yaranır".

Kamran Əsədov Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri, ixtisasca politoloq olan Arslan Hacıyevin həm də xaricdə təhsil aldığını, karyerasının satış üzrə menecerlikdən başlayaraq “Azərşəkər” MMC-də müxtəlif kiçik vəzifələrdən təhsil sahəsindəki indiki idarəetmə vəzifəsinə yüksəlişlə müşayət olunduğunu bildirib: "Son təyinatlar isə ölkə ictimaiyyətində gülüş doğurub. Əhalisi 500 min nəfərdən, məktəbləri 500-dən artıq azı 5 inzibati rayonu əhatə edən regionda təhsili idarə etməyə 5 nəfərin tapılmaması görünütü, əvəzində rəhbərliyin bölgəni tanımayan kənar regiondan olan insanlardan təyinat həyata keçirməsi sadəcə bölgə təhsil işçilərində rəhbərliyə etimadsızlıq yaradan haldır. İxtisaslı olmayan, bəzi hallarda isə təhsil sistemində çalışamayan təsadüfü insanalrın regional təhsil idarəetmə orqanalrında yüksək postlara təyinatı sanki məzhəkədir. Bütün bunlar ölkə ictimaiyyətində təhsil islahatlarına ümidləri qırmaqla yanaşı təhsili idarə edən orqanlara etimadı da azaltmışdır. Bu təyinatları həyata keçirənlər və ya vəzifələrə təyin edilən bu insanlar müəllimlərə hansı örnəyi göstərmiş ola bilərlər?".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000096