Son sərhəd təxribatı: "Buna Rusiya da mane ola bilməyəcək"

2022-04-25 12:16:00

Son sərhəd təxribatı:

“Ermənistan Baş naziri Nikol Paşinyanın Brüssel səfərindən sonrakı bəyanatları hamını bir qədər ümidləndirmişdi ki, artıq İrəvan sərhəd məsələsində ortaq məxrəcli real addım atmağa hazırlaşır”.

Bu sözləri açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert erməni diversant qrupunun Zəngilan istiqamətində sərhədlərimizi pozma cəhdinə toxunub. Onun sözlərinə görə, Paşinyanın Moskvaya səfəri sonrası açıqlamaları əvvəlki bəyanatlarının əksini nümayiş etdirir:

“O cümlədən sərhəd təxribatı Ermənistanın hələ də baş verən proseslərdən doğru-düzgün nəticə çıxarmadığını göstərir. Əgər Ermənistanın siyasi rəhbərliyi ilə hərbi rəhbərliyin arasında problem mövcud olsaydı, o zaman Paşinyan onlardan heç olmasa birini vəzifədən uzaqlaşdırar, onlarla razı olmadığını, bu cür fəaliyyətə müxalif olduğunu nümayiş etdirərdi. İndiki halda proseslərin Paşinyanın iradəsindən kənarda baş verdiyini düşünmək inandırıcı deyil”.

Ə. Verdiyev əlavə edib: “Başqa bir məsələ də budur ki, Ermənistanın nə silahlıların ərazimizdən çıxarılmasında, nə dəhlizin açılmasında, nə də sərhədin delimitasiyasında il yarım ərzində bircə dəfə də olsun real fəaliyyət görməyib. Odur ki, Azərbaycan sərhəd təxribatlarına təmkin göstərməməli, təxribat qruplarının geri çəkilməsinə yox, onların məhv edilməsinə nail olmalıdır. Bəlkə, bundan sonra Ermənistan anlayacaq ki, keçən il noyabrın 16-da sərhəddə baş verən proseslər yenidən təkrarlana bilər”.

“Zəngilanda təxribat törətməyə cəhd edən Ermənistan rəhbərliyi düşünmür ki, açılmayan dəhlizin məhz həmin istiqamətdə açılmasına Azərbaycan təkbaşına başlaya bilər?! Axı birgə bəyanat qəbul olunub, amma yerinə yetirilmir...

Azərbaycan BMT-nin də yerinə yetirilməyən qərarını təkbaşına icra etmişdi. İndi də edə bilər. Buna Rusiya da mane ola bilməyəcək. Fərruxda, yaxud da Ağdərədə mane ola bilmədiyi kimi”, - deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

 Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya