Saat:10:57
Haqqımızda

Soçidəki sülhməramlı mesajının PƏRDƏARXASI

2021-11-27 22:42:00

Soçidəki sülhməramlı mesajının  PƏRDƏARXASI

Rusiya-Azərbaycan münasibətlərinin gerçək durumunu iki liderlərin 26 noyabr görüşü nümayiş etdirdi. Vladimir Putinin İlham Əliyevi yüksək səmimiyyətlə qarşılamasının özü əslində çox mətləblərdən xəbər verirdi. Baxmayaraq ki, Nikol Paşinyan Soçiyə daha tez yollanmışdı, amma Rusiya prezidenti ilk olaraq Azərbaycan lideri ilə ikitərəfli görüşü reallaşdırdı, daha sonra üçtərəfli, üç saatlıq müzakirə, yekunda da bəlkə də protokol xatirinə Ermənistanın baş naziri üçün ayrılan qısaca vaxt...

Azərbaycanın 44 günlük müharibədə qazandığı misilsiz qələbə dövlətimizin diplomatik sahədəki mövqelərinə də əsaslı şəkildə təsir edib. Qürurverici situasiyadır, həmin istiqamətlərdə də yüksəkliklərdə möhkəmlənmişik, dövlətimizə, dövlət başçımıza böyük etimad həm də bu amildən qaynaqlanır.  

Üstəlik də axı, Azərbaycan mövqeyi, konkret prinsipləri, açıq siyasəti olan KİŞİ DÖVLƏTdir. Hətta bir sıra hallarda Rusiyaya qarşı sanksiyaların tətbiqi dönəmində ölkəmiz normal qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirib Qərbin hansısa təzyiqlərinin qarşılığında nəinki Rusiyaya qarşı planlarda yer almayıb, hətta yardımını təklif edib. Necə ki, bənzər prinsipial mövqe İrana münasibətdə sərgilənib dəfələrlə. Azərbaycan belə dövlətdir, “od qonşuluğu”na sadiqdir, yetər ki, bəziləri bunu unutmasınlar. Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin strateji müstəvidə inkişafı tərəfləri qane edir və bu barədə dəfələrlə qarşılıqlı şəkildə mövqelər sərgilənib. İki ölkə arasındakı  fəal dialoq, ikitərəfli formatda bir çox məsələlərin həlli, qarşılıqlı maraqlar üzərində münasibətlərin bütün istiqamətlər üzrə inkişafı, əmtəə dövriyyəsinin artması, iqtisadi sahədə əməkdaşlığın səviyyəsi tərəfləri qane edir. İqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa dair 7 yol xəritəsinin reallaşdırılması isə əməkdaşlığın daha ciddi uğurlara rəvac verəcəyinə şübhə yeri qoymur.

Bir çox sosial şəbəkə “uzmanları” Rusiya ilə sonadək dirəşməyin zəruriliyindən, bu nəhəng ölkəyə münasibətdə sərt ritorikaya üstünlük verilməsinin “nicat yolu” olmasından bəhs edirlər. Amma unudurlar ki, dünyanın bir çox güc mərkəzləri ilə konfrontasiya şəraitində olan şimal qonşumuzla gərginlik bizə yaxşı heç nə vəd edə bilməzdi. Bu mənada bir sıra addımların zərurətdən doğduğunu söyləmək olar. Azərbaycanda mövcud olan rus dilində təhsil hüququndan yararlanmaq imkanı Rusiya rəhbərliyini də məmnun edir və elə son görüşdə də bu məsələdən ayrıca bəhs olundu. Ancaq bərabərhüquqlu əməkdaşlığa üstünlük verən Azərbaycan bunu qarşılıqsız etmir. Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün yaradılan şərait, 15 mindən çox azərbaycanlı tələbənin bu ölkənin ali məktəblərində təhsil alması da rəsmilərimiz tərəfindən məmnunluqla qeyd olunur. Bu cür qarşılıqlı əməkdaşlıq həm də gələcəyə atılan növbəti körpülərdir. Düzdür, xarici əllər, həmçinin erməni çevrələri zaman-zaman münasibətlərə xələl gətirməyə cəhdlər göstərir, ancaq sağlam yanaşma, ağıllı siyasət bu sədləri də aşmaqdadır. Xüsusilə də Putin-Əliyev münasibətlərinin geridönməz səviyyədə olması, yüksək etimad mühitinin formalaşması müxtəlif rəsmi qurumlar və diplomatik çevrələr üçün yol xəritəsi rolunu oynamaqdadır. Məhz bu səbəbdəndir ki, hər iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası getdikcə yüksəlir. Rusiya ilə Azərbaycanı düşmən etmək həm də Qarabağın əbədi ilhaqı layihəsinin tərkib hissəsi idi. Alınmadı...

Təkcə son həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Azərbaycan parlamentinin Sədri Sahibə Qafarova Sankt-Peterqburqa səfəri zamanı rusiyalı həmkarı Matviyenko və digər rəsmi şəxslərlə görüşüb, Azərbaycanın haqlı mövqeyini nəinki Rusiya, həmçinin ümumilikdə MDB auditoriyasına çatdırmağa nail olub. Bununla yanaşı, ötən həftə ərzində 30-dan çox Rusiya şirkətinin, həmçinin bir çox ekspert mərkəzinin və “Rosekzimbank”ın iştirakı ilə biznes konfransı keçirilib.

Azərbaycan və Rusiya liderləri məhz belə bir atmosferdə bir araya gəlirdilər. Nikol Paşinyanın “qapı arxası”nda gözləməsi bir çox amillərlə bağlı idi, heç şübhəsiz. Fikrimcə, bu, “Soros uşağı”nın barəsində formalaşmış “ipiqırıq siyasətçi” obrazıdır Putinin ona etimadsızlığının əsas səbəbi. Ermənistanda az qala hər ay antirusiya aksiyaları keçirilir, “quyruqları qapı arxasında qalanda” isə yenə də Moskvaya qaçırlar. Rusiya ekspertləri səviyyəsində vaxtaşırı dilə gətirilən erməni dönüklüyündən Putin başda olmaqla, hakim elitada da kifayət qədər bilgilər var. Artıq Ermənistanda Rusiyanı Azərbaycanla yüksək səviyyədə münasibətlərinə görə ittiham etməyin mənasızlığını anlayıblar, faktiki olaraq reallıqla barışıblar.

Düzdür, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı birmənalı münasibət mövcud deyil. Xüsusilə də son günlər baş verənlər, erməni terrorçunun separatçılara verilməsi, Qarabağda heykəlciklər düzülməsi və s. Ancaq dövlətimizin başçısı növbəti dəfə böyüklük nümayiş etdirdi, sülhməramlıların hansısa yanlışları, yaxud missiyasının ruhuna uyğun olmayan davranışları barədə hər hansı şikayət məzmunlu fikir ifadə etmədi. Belə görüşlərdə, xüsusilə də publika qarşısında şikayətlənmək Paşinyana xas xüsusiyyətdir axı...O da istisna deyil ki, ikitərəfli, qapalı görüşdə açıq danışılıb, amma ictimaiyyət qarşısında bu barədə polemika açmağa lüzum görülməyib. Hətta prezident Putin sülhməramlıların təsir zonasında baş verənlərə qısaca nəzər salıb, narahatlığını çatdırsa da, Azərbaycan prezidenti razılığını dilə gətirdi.

 

Sitat: “Ötən il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir”. Kifayət qədər qətiyyətli mövqedir! Dövlətimizin başçısı ermənilərin, o cümlədən digər qüvvələrin Rusiya sülhməramlı kontingentinin artırılması istiqamətindəki arzularını da gözlərində qoydu bu, möhtəşəm reaksiyası ilə. Bir çoxları yəqin ki, şokdadır, axı, onlar sülhməramlıların qırmızı xətləri keçməsini, nəticədə Bakı-Moskva münasibətlərinin pozulmasını çox istəyirdilər. Amma alınmadı, soyuqqanlı mövqe, müdrik siyasət sözünü dedi. Eyni zamanda bölgəyə öz hərbi qüvvələrini yeritmək istəyən paytaxtlara da yönəlmişdi bu mesaj. Yəni 1960 rus hərbçisi işinin öhdəsindən gəlir, sizlərə ehtiyac yoxdur, həmsədrlər kimi...

Başqa bir məqam da ola bilər. Məncə, bu, həm gücümüzə əminliyimizin ifadəsi idi. Konkretləşdirsək, nə isə pis bir şeylər baş versə, Azərbaycan ordusu sözünü deyəcək, necə ki, 16 noyabrda terrorçuların dərsini verdi. Faktiki olaraq bölgədə üç sülhməramlı var: Rusiya, Türkiyə və Azərbaycan! Azərbaycan dövləti və əsgəri savaşa hazır olduğu qədər də sülhə hazırdır, təbii ki, ədalətli sülhə!

Heç şübhəsiz Rusiya prezidenti Əliyevin sülhməramlı missiyaya yüksək etimadının qarşılığında borclu qalmayacaq və indiyədək onun Qarabağda sülhü təmin etmə məramına xələl gətirən halların aradan qaldırılmasında iradə nümayiş etdirəcək. Gözləyək...

Elşad Paşasoy,
Musavat.com


elsad.jpg (28 KB)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR