"Soçidə iki ayrı sənəd və ya bir sənəddə 2 ayrı bənd imzalana bilər" - NATİQ CƏFƏRLİ

2021-11-26 14:59:00

"Əgər Zəngəzur yolu ilə bağlı satus olmayacaqsa, “Laçın koridoru” anlayışı birdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalı, Laçin yolunun girişində Azərbaycanın sərhəd-keçid və gömrük məntəqəsi yaradılmalıdır"

"Bu gün Soçidə baş tutacaq görüş önəmlidir, Putinin Brüssel görüşündən öncə danışıqları təşkil etmək cəhdi anlaşılandır. Moskva nə Azərbaycana, nə də Ermənistana güvənir, düşünür ki, hər iki ölkə Kremldən kənar hansısa sənəd imzalaya bilər və bu da Rusiyanın tək, əsas moderator olması funksiyasını zədələyə bilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bu gün böyük sülh sazişi imzalanmayacaq, amma çox güman, iki ayrı sənəd və ya bir sənəddə 2 ayrı bənd imzalana bilər: "Birincisi, kommunikasiyaların açılması ilə bağlı ümumi razılıq. Söhbət tək Zəngəzur koridorundan getmir, ümumiyyətlə Azərbaycanla Ermənistan arasında yolların açılması ilə bağlı niyyət bəyanı olacaq. Zəngəzur koridorunun açılmasında Rusiya çox maraqlıdır – Ermənistanla Rusiyanın quru yolu tək Gürcüstan üzərindəndir, yollar isə köhnədir, hava durumundan (noyabrdan marta qədər zaman-zaman qar və buza görə tez-tez qapanır) və Moskva ilə Tiflis arasında münasibətlərin gərginliyindən asılıdır. Yollar açılsa Rusiya Azərbaycan üzərindən Ermənistana rahat və ucuz dəmir yolu və avtomobil yolu açılacaq. İkinci sənəd isə sərhədlərin dəqiqləşdirilməsinin başlanması haqqında niyyət bəyanı ola bilər. Moskvanın moderatorluğu ilə sırf sərhəd məsələlərinin həllinə dair üçtərəfli komissiyanın qurulması elan edilə bilər. Ermənistan Zəngəzur yoluna “koridor” deyilməsinin, özəl status verilməsinin əlehinədir – amma yolların açılması istəyir".

Azərbaycanın Zəngəzur koridorunun açılmasına çalışdığını və bunun bizim strateji maraqlarımız çərçivəsində olduğunu vurğulayan Natiq Cəfərli hesab edir ki, əgər Zəngəzur yolu ilə bağlı satus olmayacaqsa, “Laçın koridoru” anlayışı birdəfəlik siyasi leksikondan və praktikadan çıxarılmalı, Laçin yolunun girişində Azərbaycanın sərhəd-keçid və gömrük məntəqəsi yaradılmalıdır: "Rəsmi Bakı bu məsələdə israr etməyi bacarmalıdır. Rusiya üçün isə həmin yolun necə adlandırılmasının o qədər də əhəmiyyəti yoxdur – Azərbaycandan Ermənistan ərazisinə keçidə, bütün yola və Naxçıvana girişə zatən Rusiya nəzarət edəcək, Rusiyanın sərhədçiləri yolla bağlı bütün qərarların verilməsində son söz sahibi olacaq. Beləliklə, ağır, qəliz, çoxyönümlü diplomatik və siyasi qərarlar dönəmi başlayır. Bu dönəm üçün indiki primitiv idarəetmə modeli yetərli və dayanıqlı deyil – artıq 1 ildir ki, israrla bunu yazır-deyir və hamıya çatdırmağa çalışırıq. Təbii ki, biz birdəfəlik böyük sülh sazişinin bağlanmasında maraqlıyıq, bütün məsələlərin, o cümlədən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyasının başlanması ilə bağlı müddəaların da yer alacağı böyük saziş bizim marağımıza tam uyğundur. Amma obyektiv reallıqlar da var: Addım-addım bu yöndə - böyük sülh sazişi yolunda irəliləməliyik. Soçidən sonra Brüsseldə baş tutacaq görüşdə xalqlar və icmalar arası dialoq məsələsi önə çıxmalı, Azərbaycan Avropa Birliyi ilə yeni saziş imzalamalıdır ki, Rusiyanın təkbaşına moderator olması basqısını mümkün qədər neytrallaşdıra bilək".

Politoloq qeyd edib ki, Ermənistan da Moskvanın təkbaşına moderator olmasından məmnun deyil: "Nə qədər qəribə səslənsə də, bu məsələdə İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az