Saat:06:49
Haqqımızda

Soçi görüşündə kim qazandı, kim uduzdu - diplomatiyamızın daha bir zəfəri

2021-11-30 11:07:00

Soçi görüşündə kim qazandı, kim uduzdu - diplomatiyamızın daha bir zəfəri

Rusiyanın təşəbbüsü ilə baş tutan üçtərəfli görüş Rusiya-Azərbaycan əməkdaşlığını da möhkəmləndirdi

Noyabrın 26-da Soçidə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş və yekunda imzalanan bəyanat ötən həftənin ən mühüm hadisəsi oldu.

Ermənistan rəhbərliyi bundan əvvəlki təşəbbüsə müxtəlif bəhanələr gətirməklə “yox” deyə bilsə də, sonadək müqavimət göstərə bilmədi, nəhayət, Azərbaycanın maraqlarını özündə ehtiva edən daha bir sənəd imzalandı. Ermənistanda qurulmuş etirazlar tamaşası, yaxud revanşistlərin prosesi pozmaq cəhdləri də iflasa uğradı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya liderinin imzaladığı bəyanatda hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 9 noyabr tarixli, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli sənədə istinad olunması, həmin müddəaların icrasının gedişinin müzakirə olunması da rəsmi Bakının mövqelərinin üstün olduğunu bir daha təsdiqlədi. Azərbaycan rəhbərliyi birmənalı olaraq Ermənistanı götürdüyü öhdəliklərə əməl etməyə çağırır, əks təqdirdə, cəzasının ağır olacağını xatırladırdı. Bu səbəbdən son bəyanatda “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”, müddəasının yer alması da ölkəmizin maraqlarına tam şəkildə cavab verir. Azərbaycan dövləti hərbi əməliyyatların dayandırılmasından sonra delimitasiya və demarkasiya ilə bağlı mövqeyini müxtəlif səviyyələrdə çatdırıb, ərazi bütövlüyünün tanınması, sərhəd bütövlüyümüzün toxunulmazlığı halında sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Bu iradənin yekun sənəddə də əksini tapması, son aylaradək delimitasiya və demarkasiya mövzusunda həvəsli görünməyən vasitəçi dövlətin belə, artıq Azərbaycanın mövqeyini bölüşməsi kifayət qədər böyük uğurdur. Bundan əlavə, dəhlizlərin açılması barədə razılaşma Zəngəzur dəhlizinin açılmasının, sadəcə, zamana bağlı məsələ olduğunu deməyə əminlik yaradır. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə liderləri Aşqabaddakı toplantıda Zəngəzur dəhlizinin önəmindən bəhs etdilər. Prezident Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri Zəngəzur dəhlizinin imkanlarından yararlanmağa dəvət etməsi isə prosesin geridönməz xarakter aldığını deməyə əsas verir. Bununla yanaşı, Soçi bəyanatında nə Minsk Qrupu, nə Dağlıq Qarabağ ifadəsi, nə də hansısa “hərbi əsirlər” kimi yarlıqlara yer ayrılmaması diplomatiyamızın növbəti zəfəridir.

Bəs bu görüşdən Paşinyan nə əldə etdi, sualına erməni ekspertlər özləri cavab verirlər. Keçmiş təhlükəsizlik şefi David Şahnazaryan daxil, bir sıra şərhçilər Ermənistanın baş nazirini kəskin tənqid hədəfinə alıblar. Hesab olunur ki, Paşinyan bu dəfə də masada uduzdu. Erməniləri narahat edən Rusiya-Azərbaycan müttəfiqliyinin bu görüşdə daha qazanclı çıxmasıdır. Putin və Əliyevin səmimi görüşü, Rusiya liderinin Azərbaycan dövlət başçısına ilk olaraq zaman ayırması, dövlətlər arasında mövcud olan yüksək münasibətlərdən bəhs olunması müzakirə olunan mövzulardandır. Ancaq əsas suallardan biri budur ki, Putin ona saymamazlıq edən, iradəsinin ziddinə gedən, hətta ölkəsindəki antirus dalğasını səngitmək üçün heç nə etməyən Paşinyanın nazı ilə oynamaqda niyə davam edir. Faktiki sülh sazişinin imzalanmasına Ermənistan baş nazirinin mane olduğu deyilir.

Onun 9 noyabrda Moskvada görüşdən imtina etməsi də bunu isbatlayır. Lakin bir başqa fikir də var ki, Qarabağ məsələsində sülhün əldə edilməməsi Rusiyanın maraqlarına cavab verir. Guya Moskva istəsə, hər şey bir anda yoluna düşər. Belə düşünənlərlə yanaşı, əksini zənn edənlər də var. Onların qənaətincə, onsuz da Rusiyadan qopub, Qərbə sığınmaq istəyən Soros uşaqlarını Rusiya “kökə və dəyənək” siyasətindən istifadə etməklə ram etmək istəyir. Putin İlham Əliyevlə olduqca yaxın, hətta dost münasibətdədir, bu, faktdır. Yuxarıda da bununla bağlı müşahidələrimizi bölüşdük. O zaman nədən Putin 44 günlük müharibədə öz təmkinini qoruyub saxlasın, amma sülhün yaranmasına mane olsun? Bəzi iddialara görə, Paşinyanın Qərbə bağlı olması Moskvanı xeyli çıxılmaz duruma salır. Putin Paşinyanın arxasındakı güclərlə oynayır. Paşinyan kimdir ki? Qərb vəziyyətin bu şəkildə qalmasında və zamanla proseslərin Ermənistanın xeyrinə inkişaf etməsində maraqlı görünür. Avropanın aparıcı dövlətləri və təsisatları Ermənistana və onun rəhbərliyinə zaman qazandırır. Bəs bu qazanılan zaman Ermənistanı düşdüyü bataqlıqdan çıxara biləcəkmi? Ən yaxın və ən qüdrətli qonşu dövlətlərlə (Türkiyə və Azərbaycanla) düşmən münasibətdə olub da, inkişaf etmək, müharibədən sonra toparlanmaq mümkün olacaqmı? Hansı ki, Ərdoğan da, Əliyev də son 1 ildə dəfələrlə Ermənistana barış əli uzadıb. Hər iki prezident deyib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksə, Zəngəzur dəhlizinin açılmasına mane törətməsə onunla sülh əldə etmək mümkündür. Hətta Ərdoğan şərtlərə uyacağı təqdirdə Ermənistanla sərhədləri açacağını, diplomatik münasibətləri bərpa edəcəklərini söyləyib. Bəs bu qədər avantajı, bu qədər böyük və sərfəli perspektivi bir kənara qoyub, Ermənistan niyə yenə “sarsax” iddialar peşindədir? Belə yanaşmalar var ki, müstəqil deyil və müstəqil qərar verə bilmir! Daha da konkretləşdirsək, Paşinyan böyük dövlətlərin maşasıdır.

Ceyhun Məmmədov | Banker.az

Ceyhun Məmmədov: “Artıq karvan yola düşüb və bu addımlar prosesi bir az ləngidə bilər”

Deputat Ceyhun Məmmədov hesab edir ki, bu gün Paşinyanın özünü belə aparmasının ən birinci günahkarı məhz bir sıra Qərb ölkələri və dairələridir: “Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistanın mövqeyi nisbətən dəyişmişdi. Azərbaycan və Türkiyə ilə danışıqların aparılması, əməkdaşlığın qurulması ilə bağlı yumşalma hiss olunurdu. Ancaq başda Fransa olmaqla, bir sıra ölkələr Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılıqların pozulması məqsədini daşıyan mövqe nümayiş etdirdilər və bu, Ermənistanda vəziyyətin onların lehinə dəyişəcəyi ilə bağlı əsassız ümidlər yaratdı. Bu mənada hesab edirəm son təxribatlarda həmin dairələrin müəyyən rolu var”.

C.Məmmədovun sözlərinə görə, təxribatdan dərhal sonra Brüsseldə görüşün keçirilməsi ilə bağlı təklif məhz Ermənistanın avantürasının nəticəsidir: “Prosesin təhlili Paşinyanın bir sıra məsələlərlə bağlı davamlı məsləhətləşmələr apardığını və bir sıra məsələləri razılaşdırdığını söyləməyə əsas verir. Ancaq bu proses artıq Ermənistanın əleyhinə işləyir. Heç şübhəsiz ki, Paşinyan nicatı bölgədə axtarmalıdır. Onu bu acı vəziyyətdən yalnız bölgə dövlətləri çıxara bilər. Həmin dairələrin əsas məqsədi Rusiyanın prosesdəki rolunu azaltmaq və əzələ nümayiş etdirməkdir. Onlar anlamalıdır ki, artıq karvan yola düşüb və bu addımlar prosesi bir az ləngidə bilər, lakin poza bilməz. Paşinyan papağını qoyub başına yaxşı-yaxşı düşünməlidir. Ermənistanın dövlət kimi varlığı da məhz region dövlətlərindən asılıdır”.

Millət vəkili xəbərdarlığını da etdi: “Heç kim gəlib Ermənistanı növbəti dəfə Azərbaycanın əlindən ala bilməyəcək. Həm Ermənistan iqtidarı, həm də müxalifəti bir daha xam xəyallara düşməməlidir. Əgər dövlət kimi varlıqlarını qorumaq istəyirlərsə, qonşu dövlətlərlə münasibətləri normallaşdırmalıdırlar. Əks halda, sonra çox gec olacaq. Ermənistan onu da anlamalıdır ki, bu şans əbədilik olmayacaq. Nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya uzun müddət əlləri havada Ermənistanı gözləməyəcəklər. Belə davam etsə, bir azdan bütün proseslər Ermənistanın nəzarətindən kənar cərəyan edəcək. Dəmir yumruğun işə düşmə ehtimalı isə hər zaman var”.

Akif Nağı deputatlığa namizədliyini irəli sürdü

Akif Nağı: “Rusiya prezidentinin açıqlamalarında, həm də birgə bəyanatda Azərbaycanın mövqeyi əsas götürüldü”

QAT sədri Akif Nağının qənaətincə, məsələnin mürəkkəbliyi Ermənistanın vəziyyəti, seçim edə bilməməsi ilə bağlıdır: “Ermənilər Qərblə Rusiya arasında seçim edə bilmirlər. Orta əsr diplomatiyasında ”amburdan ulağı" deyilən məsəl var idi. Ulağın qarşısına iki ot koması qoyulub, biri böyük, o birisi kiçik həcmdə. Ulaq bilmir ki, hansından başlasın, fikirləşir ki, balacadan başlasa, o birisini başqası yeyər, böyükdən başlasa, yeyib qurtarana qədər digərinə sahib çıxan olar. Bu tərəddüdlər içərisində heç birindən başlaya bilmir və acından yıxılıb ölür. İndi Ermənistan da həmin vəziyyətdədir. Sonda da, deyəsən, ulağın taleyini yaşayacaq. Təbii ki, seçim məsələsi təkcə Ermənistanla bağlı deyil". QAT sədri deyir burada Qərb və Rusiyanın da maraqları var: “Bu maraqlar həm konkret istəklərə söykənir, eyni zamanda bir xristian dövlətini mürəkkəb regionda yalqız buraxmamaqla da bağlıdır. Bu amillərin təsiri altında məsələnin həlli ləngiyir”. A.Nağı hesab edir ki, Soçi görüşü ilə bağlı əsas nəticə Azərbaycanın mövqeyinin güclənməsi qeyd oluna bilər: “Həm Rusiya prezidentinin açıqlamalarında, həm də birgə bəyanatda Azərbaycanın mövqeyi əsas götürüldü. Putin erməniləri məyus edərək ”koridor" ifadəsini işlətdi, eyni zamanda koridorların, nəqliyyat kommunikasiyalarının tezliklə açılacığını bəyan etdi. Rusiya lideri erməniləri də yaddan çıxarmadı, humanitar məsələlərin diqqətdə olduğunu bildirdi. Azərbaycan bu məsələdən də narahat deyil, müəyyən məqamda “əsirlər” məsələsini də həll edə bilər, bu, o qədər də önəmli deyil. Bizi narahat edən bəzi məqamları da qeyd etmək istəyirəm. Əlbəttə, qeyd olunduğu kimi, Ermənistan maşa, alət rolunda qalır. Bu, onun vəziyyətini ağırlaşdıran məqamlardan biridir. Lakin onlar bu maşa rolundan istifadə edərək, yararlanaraq ayaq üstə qalmağa çalışır, əl-qol atırlar. Onların “Minsk Qrupu həmsədrləri qayıtmalıdır”, “Dağlıq Qarabağ münaqişəsi hələ həll olunmayıb”, Azərbaycan Ermənistana təcavüz edib" kimi iddiaları həmin əl-qol atmanın göstəriciləridir. Tam qələbə düşmən tam təslim olanda əldə olunur. Bunlar isə hələ də əl-qol atır, müqavimət göstərməyə çalışırlar".

QAT rəhbəri bir sıra məqamları unutmamağı vacib sayır: “İstənilən prosesdə əsas məsələnin nədən ibarət olduğu önəmlidir. Biz illərdir deyirdik ki, Qarabağla bağlı danışıqlarda əsas məsələ işğal faktı və işğalın nəticələrinin aradan qaldırılması olmalıdır. Həmsədrlər isə əsas məsələ kimi Qarabağdakı bir ovuc erməninin statusunu qoyurdular. Ona görə də danışıqlar heç bir nəticə vermədi, sonda Azərbaycan Ordusu əsas məsələni gündəmə gətirdi və həll etdi. İndi də narahatlıq doğuran yeni şəraitdə əsas məsələnin müəyyən edilməsidir. İndiki situasiyada koridorların açılması gündəmdədir. Bu, vacib məsələdir, amma əsas deyil. Əsas məsələ Xankəndi, Ağdərə, Xocalı və digər ərazilərimizdə Azərbaycan hakimiyyətinin bərqərar olması, köçkünlərin ləngimədən həmin ərazilərə qaytarılmasıdır. Yerdə qalan məsələlər, o cümlədən koridor mövzusu bu, əsas məsələdən asılı vəziyyətdə həllini tapmalıdır. Bütün proseslərdə bu məsələni yadda saxlamalı, istənilən hadisəyə bu düsturla qiymət verməliyik”.

Qarşıda Brüssel görüşü var, amma 15 dekabradək üçtərəfli komissiyaların bir araya gəlməsi və 26 noyabr yol xəritəsinə uyğun şəkildə hansısa qərarlarını açıqlaması da mümkün görünür. Reallıq bundan ibarətdir ki, Rusiya bölgədəki prosesləri Qəbrin ixtiyarına buraxmaq niyyətində deyil...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR