SOCAR-da 60 yaşı tamam olan şəxslərin “öz arzusu" ilə işdən çıxarılmasına etiraz – “BU, ƏMƏK MƏCƏLLƏSİNƏ ZİDDİR”
Siyəzən rayon sakini, şəhid ailəsinin üzvü, “Siyəzənneft” NQÇS-nin əməkdaşı Əliyev Zamiq Qüdrət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi SOCAR-ın tabeçiliyindəki idarələrdə 60 yaşlı işçilərə psixoloji təzyiq göstərilməsinə etiraz edir:
“Bəzi dövlət idarələrində, başda da bizim idarədə 60 yaşlı işçilərə psixoloji təzyiq göstərilməklə, onları işdən azad etmək üçün guya "öz arzusu" ilə ərizə yazdırmağa məcbur etdirlər. Bu, Azərbacan Respublikası qanunlarına ziddir və bu hal açıq şəkildə diskirminasiya yaratmaqla, əmək hüquqlarının kobud şəkildə pozulması hesab olunur.
Bu cür təzyiq və məcburiyyət araşdırdığım qədəriylə aşağıdakı qanunvericilik aktlarına ziddir:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16 -ci maddəsinə əsasən, bu cür təzyiq göstərmə və məcbur buraxma Əmək Münasibətlərində ayrı-seçkilyə yol vermək hesab olunur.Yəni həmin maddəyə görə, YAŞA görə ayrı-seçkilik qadağandır. 60 yaşlı işçilərin bu şəkildə hədəfə alınması diskirminasiya hesab olunur.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17 -ci maddəsinə əsasən, bu hal mənəvi-psixoloji təzyiq (mobbing) hesab olunur. Yəni işçiyə mənəvi-psixoloji təzyiq göstərilməsi, onu “könüllü” adı altında ərizə yazmağa məcbur buraxmaq və adını da "təklif etmək" qoymaq mobbing hesab olunur.
Qeyd edim ki, mobbing - iş yerində məqsədli şəkildə işçiyə psixoloji təzyiq göstərmə, onu sıxışdırma və onda qəsdən stress yaratma məqsədi daşıyır. Bu hal iş mühitini və işçini zəhərləyir, onun psixologiyasına büyük zərbə vurur.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, işçini onun iradəsindən kənar işdən azad olmağa məcbur etmək qadağandır. Yəni adını "öz ərizəsi ilə" qoyub, onu işdən çıxmağa məcbur etmək birbaşa qanun pozuntusudur.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, (Əmək müqaviləsinə xitam verilməsi ) işçi yalnız özü istəyərək, könüllü şəkildə ərizə yazarsa, bunun hüquqi əsası var. Psixoloji təzyiq, təhdid və qorxutma ilə yazılan ərizə hüquqi qüvvəyə malik deyil.
- Azərbaycan Respublikası Konstittusiyasının 25-ci maddəsinə əsasən, hamının hüquq bərabərliyi vardır və ayrı-seçkiliyə yol verilməsi qadağan hesab olunur”.
Hazırladı: Jalə FAMİLQIZI
