Saat:21:39
Haqqımızda

Sizdə qeyrətli kişi varsa təkbətək gəlsin" - Qətlə yetirilən qazinin məhkəməsi

2024-01-31 22:17:13

Sizdə qeyrətli kişi varsa təkbətək gəlsin

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Qarabağ qazisini qətlə yetirməkdə təqsirli bilinən Orxan Zeynalov və İlqar Abdurrahmanovun məhkəmə prosesi keçirilib. 

Prosesdə əsas şahid olan Camal Həsənov sərbəst ifadə verib:

"Cəsarətlə gəldik restorana, qəlyan sifariş verdik. Sonra Cəsarət musiqi sifariş verdi. Musiqi rayonların birinin adı ilə bağlı olduğuna görə DJ ifa etməkdən imtina etdi. Bu zaman DJ-lə Cəsarətin arasında yüngül mübahisə düşdü, onları ayırdım.  Sonra tanımadığımız şəxslər bizə yaxınlaşıb etirazlarını bildirdilər. Orxanla İlqar bizə yumruq atdılar. 5-10 dəqiqə mübahisədən sonra gördüm ki,  Cəsarətin alnında qan var. Su gətizdirib qanı təmizlədim. Bu zaman Orxan və dostları yenə üstümüzə gəldilər. Bizim onlarla əslində heç bir problemimiz olmamışdı".

Bu zaman Orxan Zeynalovla şahid arasında mübahisə yarandı və o, şahidi hədələdi: "Yalan danışma, kişi ol, düz danış. Belə qurtarmayacaq, qoy hökm olsun baxarıq". 

Hakim Eldar İsmayılov Orxana şahidi hədələdiyi üçün xəbərdarlıq etdi. İfadəsi yarımçıq qalan Camal Həsənov davam etdi: "Mən Orxanla Cəsarətin arasına girdim, dedim, dalaşmaq istəyən varsa, əlbəyaxa olaq. Ancaq onlar kütlə formasında üstümüzə gəldilər. Orxan Cəsarətlə, mən isə İlqarla əlbəyaxa olduq. Bu zaman Cəsarət qışqırdı. Qaranlıq olduğu üçün bıçağın kim tərəfindən atıldığını dəqiq görə bilməsəm də, Orxan tərəfindən atıldığını sonra bildim, 2-3 zərbə atdı, ciyərinə də dəymişdi. Hadisə yerində olan hamı bizə qarşı idi, Şahbazovdan başqa. Orxan deyirdi bura bizlikdir. Bundan sonra qan içində olan Cəsarəti xəstəxanaya apardım Şahbazov adlı döyüşçü yoldaşımızla. Orada bildim ki, mənə də 4 zərbə dəyib. Deyirlər ki, guya mən Cəsarəti qoyub getmişəm.

Mən kollektiv içindəyəm, döyüş görmüşəm. Bizdə heç kimi qoyub qaçmaq yoxdur. Düzdür, spirtli içki qəbul etmişdim, qismən sərxoş idim". 

Şahidin ifadəsindən sonra zərərçəkmişin hüquqi varisi Baxış Vəliyev Camal Həsənova sual verdi: "Orada Orxanla İlqardan başqa Rauf Şıxəliyev, Mehman adlı meyxanaçı da olub?"

Şahid: "Mən heç kimi tanımırdım, amma kütlə çox idi".

Sonra Orxan Zeynalovun vəkili Nüşabə xanımın bəzi yönləndirici suallarına hakim etiraz etdi və aralarında mübahisə yarandı. Nüşabə xanım hüquqlarının müdafiə etdiyi şəxsə sual verdi: "Nəyə görə Cəsarətə yumruq atdın?"

"Söyüş söydü ona görə" - deyə Orxan Zeynalov cavab verdi. 

Bundan sonra Orxan Zeynalov şahidə sual ünvanladı:

- Məni aşağı kim çağırdı?

- Mən çağırdım.

-Məni aşağı çağıranda söyüş söymədin?

-Söyüş olmayıb, sadəcə demişəm ki, "Sizdə qeyrətli kişi varsa təkbətək gəlsin". 

Bu zaman mərhumun qardaşı qışqıraraq bildirdi ki, "14 ildə Cəsarəti Qarabağda heç kim öldürə bilmədi, kaş orada öləydi, sizin kimisinin əlində yox".

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin giziri olub. Hadisə bu il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb. \\Unikal

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR