“Siyəzəndə 160 quyunu ləğv etmək rayonun iqtisadi vəziyyətini pisləşdirmək və təxribata yol verməkdir” – SOCAR PREZİDENTİNƏ MÜRACİƏT
Siyəzən rayon sakini, “Siyəzənneft” NQÇİ-nin əməkdaşı Əliyev Zamiq Qüdrət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə SOCAR prezidenti Rövşən Nəcəfə müraciət edir:
“Hörmətli Rövşən müəllim!
“Məlumat üçün” deməyəcəm, çünki məlumatınız var. Lakin məlumatlanma məsuliyyəti olmayan və ya məsuliyyət haqqında məlumatı olmayan rəhbər şəxslərin Sizin vasitənizlə və Sizə müraciət etməklə, diqqətinizə çatdırmaq istəyirəm ki, Siyəzən rayonu təbii ehtiyatlarla zəngin olan bölgələrdən biridir. Xüsusilə neft yataqları ilə tanınan Siyəzən uzun illərdir ölkəmizin enerji sektorunda mühüm rol oynayır. Rayonumuzun neft sənayesi həm iqtisadi, həm də sosial baxımdan regionun inkişafında ciddi təsirlərə malikdir.
Siyəzəndə neftin kəşfi ötən əsrin əvvəllərinə təsadüf edir və ərazdə neftli strukturların müəyyən edilib, fəal qazma işlərinin aparılmasına 1930-1940-cı illərdə başlanılıb. Yəni “Siyəzənneft” NQÇİ-nin demək olar ki, bir əsrə qədər yaşı var.
Araşdırdığıma görə, Siyəzən neft yataqları əsasən miosen və plioesen çöküntülərindən formalaşıb. Əsas neftli sahələr də Siyəzən Şərq yatağı, Siyəzən Qərb yatağı, Gilgilçay strukturu və Beşbarmaq silsiləsi ətrafı hesab edilir. “Siyəzənneft” NQÇİ-nin nefti əsasən yüngül və orta sıxlıqlı tiplərdə olur və başqa quru mədənləri ilə müqayisədə yüksək keyfiyyətinə görə sənaye üçün çox əlverişlidir.
Bundan əlavə olaraq, Siyəzən neftinin iqtisadi əhəmiyyəti də çox önəm kəsb edir. Siyəzən neft yataqları həm region, həm də ölkə iqtisadiyyatı üçün əhəmiyyətli rol oynayır. Yəni hasil olunan neft Azərbaycanın ümumi neft fonduna öz töhfələrini verir. O cümlədən, yerli iqtisadiyyatı dəstəkləyir və regionun enerji infrastrukturuna təkan verir.
Regionda neft sektoru ilə bağlı bir zamanlar minlərlə insan işlə təmin olunub. Əfsuslar olsun ki, hazırda idarənin 400-500 nəfər işçisi qalıb və bu, çox üzücü haldır. Çünkü rayon əhalisinin əksər hissəsi demək olar ki, “Siyəzənneft” NQÇİ-nin hesabına ailələrini təmin ediblər. Yenə çox əfsuslar olsun ki, bu idarəyə təyin olunan hər rəhbər şəxs öz fəaliyyəti dövründə bir sahəni bağlamaqla, idarənin sonunu gətirməyə müvəffəq olmuşdur.
Bu gün Siyəzəndə fəaliyyət göstərən quyuların bir hissəsi köhnə olsa da, səriştəli mütəxəssislər təyin olunmaqla həmin quyuların müasir texnologiyalar vasitəsi ilə məhsuldarlığı artırıla bilər. Köhnə quyular rekonstruksiya edilə bilər və mədən avadanlıqlarının yenilənməsi sayəsində “Siyəzənneft”ə yeni həyat verilməklə, regionun iqtisadiyyatının davamlı inkişafına stimul verilə bilər. Hasilat əvvəlki illərlə müqayisədə azalmış olsa da, müasir texnologiyalar nəticəsində sabitliyin qorunması həyata keçirilə bilər. Üstəlik, hazırda da mədən ərazilərində qazma işləri gedir, lakin həmin qazma işlərinin genişləndirilməsi Zağlı-Zeyvə ərazisindən aşağılara endirilməsi, neftli bölgələrin araşdırılması, axtarılması və işlənilməsi gərəkir. Ərazidə neft hasil edən quyuları (160 quyunu) ləğv etmək birbaşa Siyəzən rayonunun iqtisadi vəziyyətini pisləşdirmək və təxribata yol verməkdir. Əgər hər quyu ən azı 1 ton neft hasil edirsə, bu toplamda 160 ton neft edir. Mədən sənayesinə bu cür yanaşma qeyri-peşakar olmaqdan və əhalinin maddi vəziyyətini vecinə almamaqdan irəli gəlir ki, bu hal vətəni, milləti sevməmək, onun halına yanmamaq, sadəcə öz rifahını düşünməkdir.
Hörmətli Rövşən müəllim!
Sonda onu qeyd edim ki, bildiyiniz kimi Siyəzən nefti Azərbaycan neft sənayesinin mühüm hissələrindən biridir. İqtisadi əhəmiyyəti və regionun sosial rifahına təsiri böyükdür. Yeni texnologiyaların tətbiqi ilə Siyəzən yataqlarının səmərəli istismarı həyata keçirilməlidir və daha dayanaqalı hasilatın təmin olunması üçün işlər görülməlidir.
Sizdən xahişim odur ki, “Siyəzənneft” NQÇİ-nin inkişafı, hasilatın artırılması, qazma işlərinin genişləndirilməsi, neft quyularının ləğvinin qarşısının alınması və bu sahədə inkişafın davamlı olması üçün idarəyə ümumilikdə Siyəzən əhalisinə dəstək olasınız. Xahiş edirəm, bir fəhlə, eyni zamanda da bu millətin rifahı üçün şəhid vermiş bir şəhid ailəsi kimi səsimə səs versəniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Hurriyyet.az
