Saat:04:39
Haqqımızda

Siyavuş Novruzov: "Quru sərhədlərlə bağlı məsələ sadə vətəndaşları o qədər də narahat etmir"

2024-03-25 17:02:03

Siyavuş Novruzov:

"Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər. Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər. Quru sərhədlər sadə vətəndaşlara yay, istirahət vaxtları hansısa ölkələrə getmək üçün lazım olan amildir. Qalan bütün hallarda quru sərhədlərin açılması ilə bağlı məsələ adi vətəndaşları o qədər də narahat etmir. Şəxsən mənə olunan şikayətlərin heç birində quru sərhədlərlə bağlı məktub daxil olmayıb. Hər ay 70-dən artıq onlayn müraciət alıram. Bizim komitəyə, təxminən, yarım il ərzində 2 mindən çox məktub daxil olur. Onların arasında quru sərhədlərlə bağlı məsələ yoxdur, bu, vətəndaşın marağında deyil".

Hurriyyet.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, hər zaman olduğu kimi indi də Azərbaycan dövlət başçısı xalqın, vətəndaşların təhlükəsizliyini nəzərə alaraq lazım olan bütün addımları atır: "44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə həyata keçirilən işlər nəticəsində Azərbaycan ərazisində hər hansı neqativ hadisə baş vermədi. Bu da cənab Ali Baş Komandanın rəhbərliyi altında hüquq-mühafizə orqanlarının ciddi şəkildə çalışmasının nəticəsidir. Bunu daha da gücləndirmək lazımdır. Azərbaycan xalqı terrorun nə olduğunu çox yaxşı bilir. Xalqımız terrorun nəticələrini dəfələrlə görüb. İstər metroda, avtobusda, istərsə də ayrı-ayrı evlərdə, tədris müəssisələrində. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verənləri misal göstərmək olar. Biz bu terrorun acısını, nəticələrini bilirik. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları ciddi şəkildə bu məsələ ilə bağlı mübarizə aparır. Parlament olaraq Cinayət və digər məcəllələrdə terrorun maliyyələşdirilməsi, çirkli, qeyri-qanuni yollarla gələn pullar və s. kimi məsələlərin qarşısını almaq məqsədilə mühüm qərarlar qəbul etmişik. Terrorun əsas mənbələrindən biri maliyyədir. Belə halda dərhal proseslərin izinə düşmək mümkündür. Bilirsiniz ki, son dövrlər Azərbaycan hüquq-mühafizə orqanları peşəsindən asılı olmayaraq qeyri-qanuni yollarla hansısa dövlətlərdən vəsait alan istər mətbuat, qeyri-hökumət təşkilatları nümayəndələrinin, istərsə də fərdi vətəndaşların aldıqları vəsaitlə bağlı Ədliyyə Nazirliyinə vaxtında niyə məlumat vermədiklərini aydınlaşdırmağa çalışır. Bu da gələcəkdə törədilə biləcək hadisələrin qarşısının alınmasına xidmət edən amillərdən biridir. Baxın, ətrafımızda hər tərəfdə döyüş gedir, müharibədir, terror təşkilatları mövcuddur. Dünya birliyi də bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Terror hansısa millətə, dinə aid deyil. Terroru maliyyələşdirən, dəstəkləyən ölkələrə dünya dövlətləri tərəfindən ciddi şəkildə embarqolar qoyulmalıdır, onlar təcrid olunmalıdırlar. Ermənistanın rəsmi terror təşkilatı var. Dəfələrlə sübut olunub. Həm Türkiyədə, həm də dünyanın başqa yerlərində türk diplomatlarına, azərbaycanlılara, Fransada və digər yerlərdə Azərbaycan səfirliyinə edilən hücumların şahidi olduq. Eyni zamanda İrandakı Azərbaycan səfirliyinə hücum, vətəndaşlarımızın öldürülməsi, yaralanmaları, onların ailələrinin təhdidi... Bu məsələlər diqqətlə hərtərəfli ölçülüb-biçiləndə tək birinci şərt vətəndaşların təhlükəsizliyi olmalıdır. Təhlükəsizlik tədbirləri artırılmalıdır. İllərdir, Türkiyə PKK və ayrı-ayrı terror təşkilatları ilə vuruşur, dünya təşkilatları isə heç fikir vermirlər. Bunlar bilmirlər ki, terrorçunun milliyəti və dini yoxdur. Bu, bir gün onların öz qapılarını da yandıra bilər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR